Parqalı İbrahim Halit Ergenç haqqında nə dedi
16 İyul 2012 16:58 MədəniyyətƏn qalmaqallı seriallardan olan, efirdə yayımlandığı ilk gündən qadağalarla üzləşən və hələ də ətrafında sözü-söhbəti bitməyən "Mühtəşəm yüzyıl"ın qəhrəmanları ilə tanışlıq davam edir. Müsahibimiz Parqalı İbrahimi canlandıran Okan Yalabıkdır.
- Parqalı İbrahim obrazını canlandırmaq üçün ssenari ilə tanışlıq sizə kifayət etdimi?
- Təbii ki, xeyr. O dövr və Parqalı İbrahimlə bağlı bəzi məlumatlar var. Belə bir obrazı canlandırmaq üçün çəkilişlər başlamazdan əvvəl ətraflı məlumatımın olması vacib idi. Buna görə də filmin ssenaristi ilə uzun müzakirələr edirdik.
- Əcnəbi aktyorlardan bu rol üçün sınaq çəkilişlərinə dəvət alanlar oldumu? Yoxsa, yeganə namizəd siz idiniz?
- Digər obrazlar üçün bəlkə də olub, amma Parqalı İbrahim üçün belə bir sınaq çəkilişi olmayıb.
- Hansı səhnələri çəkmək sizə daha çox zövq verir?
- "Mütəşəm yüzyıl"ın çəkiliş və kadrarxası istənilən məqamı maraqlıdır. Ayrıseçkilik salmaq istəmirəm. Bircə onu qeyd edə bilərəm ki, canlandırdığım obrazı ifa etmək, onu kəşf etmək inanılmaz zövq bəxş edirdi.
- Tamaşaçı İbrahim və Xədicə Sultan sevgisini çox böyük həyəcanla izləyir. Bu sevgiyə bir tamaşaçı kimi münasibətiniz necədir?
- O dönəmdə nəinki eşq, hətta insan münasibətləri də fərqli olub. Yaşadığımız zamandan çox fərqli bir münasibətlər idi. Bizim üçün indi münasibətlər çox adiləşib, sevgini çox tez yaşayır, çox tez də unuduruq. Amma o dövr elə bil daha dolğun idi. Təbii ki, bir tamaşaçı kimi mənə də maraqlıdır.
- Həftənin 6 günü çəkilişlərdəsiniz, bazar gününü necə keçirirsiniz?
- O biri günlər kimi zamanın necə gəlib keçdiyini hiss etmirəm.
- İllərin lehinizə çalışdığını düşünürsünüzmü?
- Bilmirəm. Amma nə olur olsun, zamanı və anı yaşamaq lazımdır.
- Gənclikdən hansı aktyor və ya aktrisanın fanatı idiniz?
- Ferhan Şensoy. Bunun da səbəbi orta məktəbdə oxuyarkən böyük qardaşımın həmin aktyorun "Ferhanqi Şeylər" oyununun kasetini evə gətirib və dəfələrlər izləməsi idi. Eşitdiklərimdən, alqışlardan çox təsirlənmişdim.
- Bu, aktyor olmağınıza təsir edib?
- Əlbəttə ki. Aktyor olmağımın əsas səbəbi budur. Əzbərlədiyim bu oyunu ədəbiyyat dərsində müəllimdən icazə alıb, sinifdə oynamışdım. Hər kəsin oyuna gülməsi, alqışlaması mənə çox təsir etmişdi. Onu da qeyd edim ki, əslində bu barədə mən çox şanslıyam. Uşaqkən bəziləri həkim, bəziləri təyyarəçi olmaq istər və ya valideynlərinin arzularını yerinə yetirirlər. Lakin mən hər zaman bu sənət barəsində xəyal qurdum və ailəm də mənə dəstək oldu.
- Serial sayəsində tarix və tarix kitablarına marağın artmasına münasibətiniz necədir?
- Özümdən misal gətirə bilərəm ki, orta məktəbdə tarixə bir o qədər də maraq göstərmirdim. Bu serial sayəsində başa düşdüm ki, hazırkı dövrü və bizi əhatə edən şeyləri dərk etmək üçün mütləq onun tarixini bilmək lazımdır.
- Çox izlənən bir layihədə yer almaq aktyor üçün çətindir? Parqalı İbrahim obrazını canlandırmaq bundan sonrakı layihələrinizdə məsuliyyət və gərginliyin artmasına təsir göstərə bilərmi?
- Hər zamanın öz hökmü var. Peşəkar aktyor istənilən rola hazır olmalıdır.
- Bu günlərdə nələrə vaxt çatdırmırsınız?
- Çox şeyə. Ən əsası da musiqiyə.
- Sizin üçün əyləncə nədir?
- Evdə dincəlmək, musiqi dinləmək, film izləmək. Bütün bunlar mənə inanılmaz zövq verir. Ruhum dincəlir.
- Ən son hansı filmə baxmısınız?
- Andrey Tarkovskinin "İvanın Uşaqlığı". Bunu mənə Halit abim (Ergenç) məsləhət gördü.
- Parqalı İbrahimlə Sultan Süleymanın arası çox yaxşıdır. Bu dostluq həyatda da davam edirmi?
- Əlbəttə. Halit Ergençlə eyni serialda oynadığım üçün çox şanslıyam. İş tərzinə, qayda-qanunlarına heyranam. Tanışlığımız bu serialdan daha əvvəl olub. Çox sevdiyim və hörmət etdiyim bir aktyordur.
- Sevgiyə inanırsınız?
- İnanıram. Bu, həm də birlikdə olduğunuz insandan asılıdır. publika.az