Azərbaycanın əməkdar artisti erotik səhnələrlə bağlı rollardan nə dedi...

"Geriyə, sadəcə, gözəllik və həyat sevgisi qalır".

Əməkdar artist Mələk Abbaszadənin  müsahibəsi.

- Mələk xanım, sənət adamının iş rejimi çox gərgin olur. Hətta özünə belə vaxt ayıra bilmir. Sizdə necədir?

- Məndə dəyişkəndir. Eyni vaxtda İbrus və Rus Dram Teatrında məşqlər olanda gərgin olur. Yazda tam 2 ay dincəlirəm.

- Bu iki teatrda işləmək sizin üçün çətin deyil ki?

- Məşqlər üst-üstə gəldiyi zaman çətin olur. Bu iki teatr çox fərqlidir. İbrus kamera teatrıdır, orada səhnə ilə tamaşaçılar arasında o qədər kiçik məsafə var ki, aktyorlar sanki oynamağa yox, yaşamağa məcburdurlar. Hər şey göz qabağındadır. Rus Dram Teatrı isə klassik teatrdır.

- Obrazın daxilinə girmək asandır, yoxsa obrazdan çıxmaq?

- Məncə, daxilinə girmək. Daxilinə girməyin bir neçə aşaması var, çünki obrazı yaratmaq ona məxsus incəlikləri kəşf etməyi tələb edir. Sözsüz ki, lazım olan vaxtı. Söhbət isə tamaşada oynadığım obrazdan gedirsə, evə gəlib yatana qədər, məncə, aktyor oynadığı tamaşanın atmosferində olur.

- "Kabusun gözüylə" filminə çəkilmisiniz. Tamaşaçıların çoxunun bu film haqqında məlumatı yoxdur. Ondan danışa bilərsiniz?

- Bu film Fransa ilə Azərbaycanın istehsalıdır. Rejissoru Rüstəm İbrahimbəyovdur. Film ömürlərini teatra həsr edib bir-birini sevən iki aktyordan bəhs edir. Filmdə məni sevən fransız aktyoru (Rişar Marten) Bakıya gəlib Şərqin qanunları ilə tanış olmağa məcbur qalır. Eyni zamanda filmdə dürüstlük və həqiqi dostluq mövzusu da var. Məncə, bu çox işıqlı, estetik və nostalji bir filmdir. Çünki filmdə eyni zamanda köhnə Bakı həyətləri və insanları göstərilir. Qeyd edim ki, film keçən il "Nika" mükafatını aldı.

- Müsahibələrinizin birində demisiniz ki, erotik səhnələrin əleyhinə deyilsiniz. Bəzən seriallarda baş rola erotik səhnələrdə çəkilmək üçün aktrisa tapmayanda ssenarini dəyişirlər. Buna münasibətiniz necədir?

- Ssenarini dəyişmək düzgün deyil. Amma müsahibədə də qeyd etdiyim kimi, aktrisaya təklif olunan rolun əsasında erotik səhnələrdirsə, əlbəttə ki, obrazın özü aktyor üçün maraq daşımır. Və belə təklifi qəbul etməyən aktrisalara hörmətim var. Çünki erotik səhnələrlə bağlı rollar üçün bütün dünyada ayrı olaraq erotik aktyor kastinqi var.

- Sizi nə vaxtsa belə bir filmə dəvət etsələr, təklifi qəbul edərsiniz?

- O, filmin ssenarisinə, mənə təklif edilən rolun mənim üçün nə qədər maraqlı olduğuna və əlbəttə ki, filmi çəkən rejissorun professional səviyyəsinə və zövqünə nə qədər inandığıma bağlıdır.

- "Qayınana" serialındakı rolunuz həyatda sizə yaxın roldur?

- Sayıla bilər. Sadəcə, serialda obrazını yaratdığım qız həyatda intellektual və modern baxışlara sahib olduğundan ziyadə, özünü çox bəyənir (gülür). Mən isə mümkün olduğum qədər mütəvazi olmağa çalışıram. Çünki özündən razı insanlar, məncə, gülməli görünürlər. Çünki unudurlar ki, bilib öyrənməyin sonu yoxdur.

- Deyəsən, fotosessiya etməyi xoşlayırsınız...

- Bu həvəs mənim Türkiyədə işlədiyim vaxtdan qalıb. Amma əlbəttə ki, xoşlayıram ki, fotokamera arxasında ciddi, professional insan olsun. Çünki indi çəkilən şəkillərim vaxtilə "Elle" və "Harper's" kimi məşhur dərgilərdə çap olunan şəkillərimdən çox da geridə qalmamalıdır (gülür).

- Mələk xanım, şəxsi həyatınızdan danışa bilərsiniz?

- Bu barədə danışmağı sevmirəm. Məncə, aktrisa şəxsi həyatı ilə yox, gördüyü işlərlə tanınmalıdır. Bircə onu deyə bilərəm ki, evdə olduğum zaman ətrafımda davamlı 4 yaraşıqlı kişi xeylağı var: yoldaşım, 2 oğlum və raqdoll cinsindən olan pişiyim (gülür). Mən daima bu yaraşıqlı kişilərin diqqət mərkəzindəyəm.

- Film həyatınız çox kiçikdir. Sizi daha çox kliplərdə görmüşük. Rejissorlar niyə sizdən filmlərdə istifadə etmirlər ki?

- Doğrudur. Yəqin ki, bu bir dəfə eşitdiyim kimi, mənim tipik Azərbaycan qadını imicində olmadığımdan irəli gəlir. Doğrusu, bu sualın cavabını özüm də bilmirəm. Amma çəkildiyim filmin keçən il "Nika" mükafatı alması məni çox sevindirdi. Ondan əvvəl isə istədiyim təkliflər gəlmirdi, gələn təkliflər isə mənə maraqsız olurdu.

- Aktrisa kimi fəaliyyət göstərməyiniz həyatda nəyisə itirməyinizə səbəb olubmu?

- Tam tərsinə. Həyatda yaşamağı çatdırmadığım vəziyyətləri, inancları və hissiyatları səhnədə yaşaya bilirəm. Məncə, bu, aktyor həyatının ən böyük "jokeridir". Çünki adi insan ömrünə bu qədər həyatları sığışdıra bilməzsən. Bu, həyatımın ən həyəcanlı seçimlərindən biridir.

- Həyatda daha çox nəyə vaxt ayırırsınız?

- Rəqs etməyə və gəzməyə (gülür). Evdə bekar qaldığım zaman təkbaşına rəqs etməyi çox sevirəm. Səyahət etməyi də sevirəm. Məncə, yer üzü o qədər gözəl və rəngarəngdir ki, bekar qaldığımızda bütün boş zamanımızı və imkanlarımızı bu dünyanın hər bucağını görməyə sərf etməyimizə dəyər. Çünki geriyə, sadəcə, gözəllik və həyat sevgisi qalır. Sizcə, elə deyilmi? milli.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31