Almaniyada keçirilən musiqi festivalında Ramiz Quliyev də iştirak edib
13 İyul 2012 18:33 Mədəniyyət6-10 iyul tarixdə Almaniyanın Haydelberq şəhərində "Urmu Gölü" festivalı və elmi konfransı keçirilib. Almaniyada fəaliyyət göstərən "Urmu Gölü" komitəsinin təşkilatçılığı ilə keçirilən və rəngarəng programı ilə zəngin olan festivalda Belçika, Kanada, Rusiya, Almaniya və Türkiyədən dəvət olunmuş qonaqlar və xarici ölkələrdə yaşayan Dünya azərbaycanlıları iştirak ediblər. Bu barədə "OLAYLAR"a Opera və Balet Teatrının dirijoru Əyyub Quliyev məlumat verib. Festival proqramı çərçivəsində Haydelberq qalasına yürüş və elmi seminar təşkil olunub. Elmi seminarda Əli bəy Məhcubi, professor Ulrix Ayxelman, Almaniya Parlamentinin üzvü Rahim Şmidt, Azərbaycan-Belçika Dostluq Cəmiyyətinin sədri Ayhan Dəmirçi, "Urmu Gölü" Komitəsinin üzvləri Həbib Maku, Fəraməz Quluzadə, Əli Nasir, Dünya Azərbaycanlıları Konqresindən MirƏşrəf Fətiyevin cıxışları seminarda iştirak edən qonaqların böyük marağına səbəb olmuş və son vaxtlar bununla əlaqədar keçirilən tədbirlərlə bağlı diskussiyalar aparılmışdır. Festival zamanı Urmu gölünun tarixi və hal-hazırki vəziyyətini əks etdirən plakat və fotosərgi təşkil olunmuşdur. İyulun 7-də isə festival çərçivəsində Azərbaycanın xalq artisti, beynəlxalq müsabiqələr laureatı, professor, tarzən Ramiz Quliyevin Haydelberq şəhərində keçirilən solo konserti böyük marağa səbəb olub. Tarzən və onu müşayiət edən pianoçu Gülçin Aslanovanın ifasında Uzeyir Hacıbəylinin "Koroğlu" operasından Uvertürası ilə başlayan konsert proqramı 3 saata yaxın davam edib. Bir zamanlar Ramiz Quliyevin sənətindən ruhlanan Vahid Tarzən və onun sənət dostları ustad tarzən ilə ilk dəfə səhnəni bölüşərək tamaşaçılara unudulmaz anlar yaşadıb. Qala-konsertin sonunda festivalın qonaqları musiqiçiləri ayaqüstə alqışlayaraq yenidən səhnəyə dəvət etmişlər. Ramiz Quliyev 2013-cü ildə Berlində daha geniş formatda keçiriləcək növbəti festivala dəvət olundu. ("OLAYLAR"İA)