Firəngiz Əlizadə: “Bəstəkarlar İttifaqına üzvlüyün şərtlərini yumşaltmaq istəyirəm”

"Diplomu gözəllik üçün alan, yazıb yaratmaq istəməyən, fəaliyyət göstərməyən, tədbirlər, musiqi həyatımızda iştirak etməyən bəstəkar İttifaqa üzv qəbul edilmir".
Bunu "Azadinform"a açıqlamasında Bəstəkarlar İttifaqının sədri Xalq artisti Firəngiz Əlizadə deyib. O, hazırda 220 nəfər üzvü olan Bəstəkarlar İttifaqına üzvlüyün çətin bir proses olmadığını bildirib. Firəngiz Əlizadənin sözlərinə görə, İttifaqa üzvlük Qara Qarayevin sədrlik etdiyi zaman Bəstəkarlar İttifaqının qəbul etdiyi Nizamnaməyə uyğun həyata keçirilir: " Tofiq Quliyev də bu Nizamnaməyə uyğun olaraq işləyib. Nizamnamədə bəstəkar təhsilini bitirdikdən sonra müstəqil formada janrından asılı olmayaraq bir neçə simfonik olmaqla əsər yazdıqdan sonra İttifaqa qəbul edilə bilər. Konservatoriyanı bitirən bəstəkar partitura yaza bilirsə, demək əsər də yaza bilər. Partitura yaza bilməyən bəstəkar vurma cədvəlini bilmədən riyaziyyatdan imtahana gələn tələbədir. Konservatoriyanı bitirib diplomu yastığının altına qoyub yatan və sonra Bəstəkarlar İttifaqına qəbul olmaq istəyən, köhnə əsərin üzünü dəyişib bizə yeni əsər kimi təqdim edən insanlar da var. Konservatoriyaya zəng vurub öyrənirik ki, ya 3-cü kursda yazıb, ya da diplom əsəridir. Ev almaq yox, biz əsl sənətdən danışırıq".
Bəstəkar Nizamnamədə bu cür bəndlərə sadiq qaldığını bildirdi. Lakin Xalq artisti Bəstəkarlar İttifaqına üzvlüyün şərtlərini yumşaltmaq istəyir. Firəngiz Əlizadə ali təhsili olmasa da, yüksək peşəkarlığı ilə seçilən musiqiçiləri də İttifaqa cəlb etməyin tərəfdarıdır: "2007-ci ildə qurultayda qarışıqlıq olduğuna görə Nizamnamədə dəyişikliklərlə bağlı irəli sürmək istədiyim bəzi təkliflər qaldı. Bir neçə bəstəkarımızla istəyirdik ki, özfəaliyyət bəstəkarları da bura cəlb edək. Yəni Bəstəkarlar İttifaqının nəzdində bir bölüm olsun. Məsələn, ali təhsili yoxdur, amma çox gözəl musiqiçi, piano, tar, kamança ifaçısıdır və mahnı yazır. Onlar təcrid olmamalıdırlar. Amma adlarını çəkmək istəmədiyim bəzi bəstəkarlarımız ucbatından bu məsələlərin heç birini müzakirə edə bilmədik". 
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31