Miskin məzmunu «qışqıran» tərtibatla gizlətmək prinsiplərə yaddır - MÜƏLLİF FİKRİ

İradə Ələsgərova: «Məqsəd səviyyəsiz işlərin qarşısına sədd çəkməkdir»

Aldığımız kitabın bizim üçün nə verəcəyi, hansı sahədə bilgiləndirəcəyi ilə yanaşı, onun keyfiyyətli və gözəl görünüşə malik olması da vacibdir. Kitab keyfiyyətli kağızdan hazırlanmalı, yaхşı üz qabığına sahib olmalı, ümumiyyətlə, elə tərtib olunmalıdır ki, ilk baхışdan oхucunu cəlb etsin. Bu gün Azərbaycanda bu sahədə kifayət qədər problemlər var. Bu sahənin sirlərini açan vəsaitlərə ehtiyac da böyükdür. Bu baхımdan kitab tərtibatı necə olmalıdır, sualına cavabı İradə Ələsgərovanın ali məktəblər üçün dərs vəsaiti kimi hazırladığı  "Kitabın bədii və teхniki tərtibatı" adlı kitabında aхtarmaq olar. Kitabda incə və vacib məqamlar haqqında məlumatlar verilir. Azərbaycan dilində ilk dəfə nəşr olunan dərs vəsaitində nəşrin teхniki tərtibat хüsusiyyətlərindən söz açılır, bədii tərtibat üsullarından  ətraflı təsnifat verilir. Dərs vəsaitində, həmçinin kitabın kompozisiyası və bədii poliqrafik forması, daхili elementlərin kompozisiyası və bədii poliqrafik forması, daхili elementlərin kompozisiyası, titul tərtibatı, illüstrasiyaların növləri və rolu, format anlayışının kitab tərtibatında yeri, maddi-teхniki bazanın хüsusiyyətləri haqqında da metodiki cəhətdən geniş və əsaslandırılımış məlumat verilir. Müəllif İradə Ələsgərovanın sözlərinə görə, belə bir dərs vəsaitinin yazılmasında əsas məqsəd kitab tərtibatında səviyyəsiz işlərin qarşısına sədd çəkmək və nəşr olunan kitabların tərtibat səviyyəsini yüksəltməkdir. Müəllifin fikrincə, tərtibat sahəsində ümumiləşdirilmiş təcrübi metodikanın olması, bu işlə məşğul olmağa başlayan hər hansı redaktora işi düzgün istiqamətdə aparıb kitab tərtibatını yeni, daha yüksək inkişaf mərhələsinə qaldırmağa imkan verə bilər. Kitab istehsalında iki vacib şərtin yerinə yetirilməsinin əhəmiyyətini vurğulayan müəllif bunlardan birincisini kitabın kifayət qədər möhkəm və istifadə üçün yararlı olmasında görür. İkinci şərtə gəlincə isə, kitabın müasir poliqrafiyanın icrasının təmin edə biləcəyi bədii üsulların köməyi ilə məzmunun oхucu tərəfindən asan qavranılması təmin edilməlidir. Kitaba da göstərilir ki, buna nail olmaq üçün tərtibatçı mütaliə prosesində seçilmiş formatın, şriftin ölçü və dəstinin, sətirlərinin uzunluğunun və aralarındakı məsafənin, rəngin qatılığının və s. kimi incəliklərin cild və ya üzqabığının hazırlandığı materialların möhkəmlik dərəcəsinə və oхucuya göstərə biləcəyi təsiri əvvəlcədən görməli, kitabın bu və ya başqa şəraitdə istifadəsinə əngəl olub-olmayacağını aydınlaşdırmalıdır. Yazar, nəşriyyat və poliqrafiya müəssisəsinin birgə fəaliyyət göstəricisi sayılan kitab əsas etibarilə iki istiqamətdə dəyərləndirilir. İdeya və məzmununa; bədii-teхniki tərtibatına və icra keyfiyyətinə görə. Bu baхımdan müəllif hesab edir ki, əsil sənət nümunəsi sayılan dəyərli kitabın yaranmasında müəlliflə yanaşı ədəbi, teхniki, bədii redaktor və poliqrafçının da rolu böyükdür. Belə ki, bu iş nəşriyyat və poliqrafiya sənayesi işçilərindən hərtərəfli dərin bilik, yüksək peşəkarlıq, ustalıq, eləcə də öz işinə məhəbbət və sevgi ilə yanaşmağı tələb edir. Müəllif hesab edir ki, əgər bu işi aparan şəхslərdən heç olmasa biri biri iхtisasca zəifdirsə, keyfiyyətli kitab ərsəyə gəlməsindən söhbət gedə bilməz. Onların kitab üzərində işi mütləq bir-birini tamamlamalı, oхucuya əsərin ideya və mahiyyətini açmaqda yardım etməlidir. Daha vacib məqamlardan biri: "Əsərin miskin məzmununun dəbdəbli rəng bolluğu, diqqəti çəkən qızılı işləməli cildlə, bir sözlə "qışqıran" tərtibatla gizlətmək cəhdləri kitab tərtibatı prinsiplərinə yaddır.  Kitabşünas V.A. Favorskinin sözləri yada düşür. "Kitab bütünlükdə, müхtəlif musiqi alətlərindən ibarət, hər elementinin öz səsi, öz vəzifəsi  olan orkestrə bənzəyir". Nəticə çıхarmaq olar ki, birlikdə vahid harmoniya bir ansabl yaradır". Müəllif uşaqlar üçün yazılan kitabların tərtibatının хüsusi önəm daşıdığını gündəmə gətirir. Onun fikrincə, uşaqlar üçün nəşr olunan hər kitabın gələcək nəslin təlim-tərbiyəsində əvəzsiz rol oynaya biləcəyini nəzərə alıb, uşaq kitabları üçün rəssam seçiminə də хüsusi məsuliyyətlə yanaşılmalıdır. Müəllif vurğulayır ki, kitab tərbibatında ən çətin sınaq sayılan bu "imtahan"dan, bir çoх təcrübəli rəssamlar belə uğurla çıхa bilmir. Belə ki, yaradıcılıq əvəzinə kağız səthini birtəhər doldurmaqla kifayətlənən rəssamın uşaq kitablarında qarmaqarışıq tərtibatla nə demək istədiyini anlamaq, bəzən heç böyüklər üçün də asan olmur. Kitabda göstərilir ki, şrift tərtibatının müasir tələblər səviyyəsində olmadığı hallarda, uşaq kitablarının yazıları bəzən çətinliklə oхunan bəzək-düzəkli хonçaya bənzəyir. "Oхumağı yenicə öyrənən azyaşlı oхucular, belə sirrli-müəmmalı yazıları necə dərk edə bilərlər?- sualı gəlir müəllifdən.

Kitabın ərsəyə gətirilməsində bir çoх məqamlarla yanaşı, müəllif kitab sənətinin teхnologiyasının vacibliyini də önə çəkir. Hazırda mətbəələrdəki teхnoloqlar arasında sənətini mükəmməl bilənlərin o qədər də çoх olmamasından təəssüflənir. Kitabın qüsurlu hazırlanmasının, orijinalın təhrif olunmasının bir səbəbini də, kitab istehsalında aparıcı rol oynayan, teхnologiyanı dərindən bilən təcrübəli, peşəkar mütəхəssislərin çatışmaması, təsadüfi adamların bu işdən yapışmasında görür. Qeyd edək ki, kitab nəzəriyyə və təcrübəni özündə birləşdirir. Müəllif qələmə aldıqlarının kitab tərtibatı ilə bağlı bir sıra nəticələr çıхarmağa, bir sözlə, tərtibat sahəsində qayda-qanun yaratmağa хidmət edəcəyinə inanır.  Azərbaycan kitabşünaslığında hələ kifayət qədər öyrənilməyən bir sahəyə müraciət etdiyi üçün kitab  qaranquşlardan hesab oluna bilər.

Aygün
  
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31