Azərbaycan Yazıçılar Birliyinin "Natəvan" klubunda müstəqil Azərbaycanın milli təhlükəsizlik orqanlarının ilk peşəkar əməliyyat əməkdaşlarından biri olan Aydın Rəhimovun həyat və xidmət yoluna həsr edilmiş xatirə nəşrinin təqdimatı keçirilib.
Olaylar.az xəbər verir ki, "Azərbaycanın fədakarlıq məktəbi" silsiləsindən olan kitabın müəllifləri Elşad Həsənov və Azər Hacıbəylidir. Tədbirin aparıcısı Azərbaycan Yazıçılar Birliyinin katibi, şair və tərcüməçi Səlim Babullaoğlu olub.
Açılışda Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Xatirə nəşrinin təqdimatı dərin ehtiram və işıqlı xatirə atmosferində keçirilib. Kitab ölkənin müasir tarixinin ən mürəkkəb və taleyüklü dövrlərindən birində dövlətçiliyin və milli təhlükəsizliyin qorunmasına özünü həsr etmiş bir insanın həyat yolundan bəhs edir. Müəlliflər Aydın Rəhimovun arzusu olan Qarabağın azad edilməsinin 44 günlük Vətən müharibəsi nəticəsində gerçəkləşməsinin rəmzi məna daşıdığını xüsusi vurğulayırlar. Bu gün onun adı dövlətə təmənnasız, tam fədakarlıqla və yüksək məsuliyyət hissi ilə xidmət etmiş bir insanın adı kimi səslənir. Nəşr təkcə bioqrafik deyil, həm də dərin xatirə səciyyəlidir, Azərbaycanın milli təhlükəsizlik sisteminin formalaşdığı dövrün ruhunu əks etdirir.
Tədbir iştirakçıları Azərbaycanın milli təhlükəsizlik sisteminin əsasını qoyan şəxslər haqqında tarixi yaddaşın qorunmasının vacibliyini qeyd edərək, belə kitabların vətənpərvər tərbiyə və nəsildən-nəsilə mirası baxımından əhəmiyyətini vurğulayıblar. Qonaqlar arasında Aydın Rəhimovun həmkarları, yaxınları və ailə üzvləri də olub, onlar xatirələrini bölüşərək, onun yüksək insani keyfiyyətlərini və peşəkarlığını xüsusi qeyd ediblər.
Həmkarları və müasirləri onun prinsipiallığını, təvazökarlığını, özünə və tabeliyində olanlara qarşı tələbkarlığını, insanlara səmimi qayğısını vurğulayıblar. Onun peşəkar və insani keyfiyyətləri kollektivdə dərin hörmət qazanmışdı. Xatirə nəşrində onun vətəndaş mövqeyi və Qarabağ məsələsinə münasibəti ayrıca yer tutur. Aydın Rəhimov bildirirdi ki, Vətənin bir hissəsi işğal altında olduğu müddətdə özünü həqiqətən xoşbəxt saya bilməz. Bu fikir onun bütün həyat və xidmət yolunun mənəvi istiqamətinə çevrilmişdi.
Ailəsi adından Aydın Rəhimovun həyat yoldaşı Azadə Kərimova və övladları Tural və Günel Rəhimovlar kitabın nəşrinə, tədbirdə səslənən xoş sözlərə və təqdimatın keçirilməsinə görə təşəkkürlərini bildiriblər.
Aydın Rəhimov 1 noyabr 1957-ci ildə Qazıməmməd şəhərində (indiki Hacıqabul) anadan olub. Sonralar ailəsi Əli-Bayramlı şəhərinə (indiki Şirvan) köçüb. O, erkən yaşlarından məqsədyönlülüyü, məsuliyyəti və fəal həyat mövqeyi ilə seçilib. 1965-1975-ci illərdə Əli-Bayramlı şəhər 10 nömrəli orta məktəbdə oxuyub, məktəbi əla qiymətlərlə bitirib, təhsil və ictimai fəaliyyət sahəsində uğurlarına görə dəfələrlə mükafatlandırılıb. 1975-1980-ci illərdə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsində ali təhsil alıb.
Hərbi xidmətini başa vurduqdan sonra Aydın Rəhimov əmək fəaliyyətinə təhsil və komsomol sistemində başlayıb. 1980-ci ildən tarix müəllimi, daha sonra komsomol komitəsinin katibi kimi çalışıb. 1983-cü ildə Bakı komsomol məktəbini bitirib. Bu dövrdən etibarən onun peşəkar fəaliyyəti dövlət təhlükəsizliyi orqanları ilə ayrılmaz şəkildə bağlı olub.
1984-cü ilin fevralından Minsk şəhərində Dövlət Təhlükəsizlik Komitəsinin (KQB) Ali kurslarında təhsil alıb, 1985-ci ildən əməliyyat əməkdaşı kimi xidmətə başlayıb. 1992-ci ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsinin qiyabi şöbəsinə daxil olaraq ikinci ali təhsil alıb.
Qarabağ münaqişəsinin başlanması ilə Aydın Rəhimov dəfələrlə döyüş bölgələrinə uzunmüddətli ezamiyyətlərə göndərilib, əhalinin təhlükəsizliyinin təmin olunması üzrə məsul vəzifələr yerinə yetirib. O, Tovuz-Qazax sərhəd zonasında aparılan əməliyyatlarda iştirak edib, həmçinin Goranboy rayonunun kəndlərinin azad olunması uğrunda döyüşlərdə fərqlənib. Ən ağır günlərdə ön mövqelərdə olaraq qəhrəmanlıq, cəsarət, yüksək səbat və peşə hazırlığı nümayiş etdirib.
1991-ci ildə Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi yaradıldıqdan sonra Aydın Rəhimov qurumun regional bölmələrinin formalaşdırılmasında fəal iştirak edib. 1992-ci ildə Quba-Qusar rayonlararası MTN şöbəsinin rəisi təyin olunub, Quba rayon bölməsinin ilk rəhbəri və Qusar rayon şöbəsinin yaradılmasının təşəbbüskarlarından biri olub. 1994-cü ildə Zaqatala-Balakən rayonlararası şöbəyə rəhbər göndərilib. Xidmət illərində leytenant rütbəsindən başlayaraq polkovnik-leytenantda qədər yüksəlib, kiçik əməliyyat əməkdaşından rayon səviyyəli rəhbər vəzifəsinədək yol keçib.
Aydın Rəhimov xidməti vəzifəsini yerinə yetirərkən avtomobil qəzası nəticəsində 37 yaşında faciəli şəkildə həyatını itirib. Onun vaxtsız vəfatı həmkarları, dostları və ailəsi üçün ağır itki olub. Lakin onun xatirəsi Vətənə sədaqətli və fədakar xidmət nümunəsi kimi insanların yaddaşında və talelərində yaşayır.






















