“Sən mənim ömrümə gəldiyin gündən”- TƏQDİMAT

 

Qüdrətoğlunun "Sən mənim ömrümə gəldiyin gündən" adlı şeirlər kitabının təqdimat mərasimi keçirilib.

Şəhidlərin və qəza qurbanlarının xatirəsi anılıb

Tədbiri AYB-nin beynəlxalq əlaqələr və tərcümə məsələləri üzrə katibi Səlim Babullaoğlu giriş sözü ilə açaraq qonaqları salamlayıb. Mərasim Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra 2024-cü il dekabrın 25-də Qazaxıstanın Aktau şəhərində baş vermiş təyyarə qəzasında həyatını itirənlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Yaradıcılığın poeziya və hüquqla vəhdəti

S.Babullaoğlu çıxışında Nadir Qüdrətoğlunun həm istedadlı şair, həm də layiqli vətəndaş olduğunu vurğulayıb. O, müəllifin poetik dilinin sadəliyini, məhəbbət şeirlərindəki ülviyyəti, vətən və torpaq həsrəti mövzusundakı dərin duyğularını yüksək qiymətləndirib.

AYB-nin Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri, tənqidçi Əsəd Cahangir gənc şairin yaradıcılığındakı mövzu çoxşaxəliliyinə diqqət çəkib. O, müəllifin hüquqşünas olmasına rəğmən ədəbiyyata bağlılığını müsbət dəyərləndirib və gələcəkdə ona sərbəst şeir janrında da qələmini sınamağı tövsiyə edib.

"Vətənpərvərlik və fəlsəfi düşüncələr"

"Turan Araşdırma Mərkəzi" İctimai Birliyinin rəhbəri Cavid İsmayıl şairin yaradıcılığını uzun müddətdir izlədiyini bildirib. O, Nadir Qüdrətoğlunun təkcə sevgi mövzusunda deyil, həm də Qarabağ zəfəri, mənəvi dəyərlər və dövlətçilik ideyaları istiqamətindəki fəlsəfi düşüncələrini qeyd edib, onun peşəkar hüquqşünas kimi fəaliyyətinin şeirlərinə də müsbət təsir etdiyini vurğulayıb.

Tədbirdə çıxış edən şairlər və bədii qiraət ustaları Roma Xosrov və Furqani müəllifin şəxsi keyfiyyətlərindən danışaraq, kitabdan müxtəlif şeirlər səsləndiriblər. Həmçinin şairlər İlqar TürkoğluNəcibə İlkin və yazıçı Mirhicab Abdullayev də müəllifin yaradıcılığı barədə xoş təəssüratlarını bölüşüblər.

"Bu kitab mənim üçün böyük motivasiyadır"

Yekunda söz alan müəllif Nadir Qüdrətoğlu qonaqlara minnətdarlığını bildirib. O, ixtisasca hüquqşünas olsa da, poeziyaya marağının məktəb illərindən başladığını qeyd edib:

"Son 6 ildə böyük məsuliyyətlə ərsəyə gətirdiyim bu ilk kitabımda oxucuların ruhunu oxşamağa çalışmışam. Yazıçılar Birliyində keçirilən bu təqdimat mənim üçün sadəcə bir tədbir deyil, gələcək yaradıcılığım üçün böyük bir motivasiyadır."

Tədbirin sonunda müəllif öz şeirlərini qiraət edib, qonaqlar üçün kitablarını imzalayıb və xatirə şəkilləri çəkdirilib.

Bilman İSAQ




Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31