Nurəddin Mehdixanlı: İrəvan Teatrı hər zaman maraqlı repertuarı, zəhmətkeş və fədakar kollektivi ilə seçilib
20:43 MədəniyyətBu gün İrəvan Dövlət Azərbaycan Dram Teatrının yeni binasının açılış mərasimi keçirilib. Bu hadisə həqiqətən də, ölkəmizin mədəni həyatı üçün əlamətdardır.
AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Xalq artisti Nurəddin Mehdixanlı məlumat verib.
Onun sözlərinə görə, təmir-bərpa işlərindən sonra teatrda yaradıcı fəaliyyət üçün zəruri olan bütün şərait formalaşdırılıb, texniki və yaradıcılıq imkanları müasir tələblərə uyğun qurulub: "Burada yaradıcılıq üçün hər cür şərait və imkan təmin edilib. Teatrda formalaşdırılan texniki və yaradıcılıq imkanları bu gün bir çox teatrlarda yoxdur. Buna görə də kollektivi ürəkdən təbrik edirəm".
Xalq artisti vurğulayıb ki, İrəvan Teatrı hər zaman maraqlı repertuarı, zəhmətkeş və fədakar kollektivi ilə seçilib: "Bu teatrın yaşaması üçün ömrünü, gəncliyini verən insanlara minnətdaram. Hazırkı kollektivə yeni uğurlar diləyirəm. Çünki teatr böyük bir mədəniyyət məktəbidir".
Nurəddin Mehdixanlı qeyd edib ki, bu gün Azərbaycanın paytaxtı Bakı şəhərində fəaliyyət göstərən İrəvan Teatrı gələcəkdə tarixi məkanına, öz doğma şəhərinə və tamaşaçılarına qovuşacağına inamını qoruyur.