Dahi Azərbaycan bəstəkarı, Şərqdə ilk operanın yaradıcısı, böyük musiqişünas-alim, istedadlı publisist, dramaturq və pedaqoq, tanınmış ictimai xadim, Xalq artisti, Dövlət mükafatları laureatı, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyi Avropa səhnələrində təntənəli şəkildə qeyd olunub. Şotlandiyanın Qlazqo şəhərində və Fransanın paytaxtı Parisdə bu münasibətlə konsertlər təşkil edilib.
Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Qlazqoda Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyilə keçirilən "Arazbarı" adlı konsert proqramı şəhərin nüfuzlu mədəni məkanlarından biri olan "Glasgow Art Club"da baş tutub. Konsertdə Böyük Britaniyada yaşayan istedadlı pianoçu Günel Mirzəyeva dahi bəstəkarın musiqi irsinin yalnız Azərbaycan mədəniyyəti üçün deyil, eyni zamanda ümumbəşəri musiqi düşüncəsi baxımında böyük əhəmiyyət daşıdığını vurğulayıb. Şərq və Qərb musiqi ənənələri arasında mövcud olan yaradıcı dialoq barədə fikirlərini bölüşüb. Proqramda Üzeyir Hacıbəylinin, eləcə də İ.S.Baxın və V.A.Motsartın repertuarından seçilmiş əsərlər səsləndirilib. Günel Mirzəyeva, həmçinin muğam üslubunda bəstələdiyi və müəllifi olduğu "Bax" adlı orijinal kompozisiyanı ifa edib. "Caspian Circle" təşkilatının baş icraçı direktoru Fuad Ələkbərov belə bir konsertin Qlazqoda keçirilməsinin Azərbaycan mədəni irsinin beynəlxalq səviyyədə tanıdılması və diasporun mədəni əlaqələrinin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını bildirib.
Parisdə Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi ilə baş tutan konsertin təşkilatçısı pianoçu Səidə Zülfüqarova olub. Tədbirdə Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva, UNESCO-nun "Sülh naminə incəsənət xadimi" Hedva Ser, fransız bəstəkarı Graciane Finzi və diplomatik nümayəndəliklərin təmsilçiləri iştirak ediblər. Konsert Üzeyir Hacıbəylinin yaradıcılığının parlaq nümunələrindən biri olan "Aşıqsayağı" əsərinin səsləndirilməsi ilə başlayıb. Pianoçu Səidə Zülfüqarova, violonçel ifaçısı Guillaume Martigné və skripkaçı Florian Mavielin ifasında Dmitri Şostakoviç, Oktay Zülfüqarov və Azər Rzayev kimi görkəmli bəstəkarların əsərləri də yüksək peşəkarlıqla təqdim olunub. Zəngin tembr ahəngi və yüksək sənətkarlığı ilə seçilən ifalar, eləcə də Avropa və Azərbaycan musiqilərinin uğurlu sintezi tamaşaçıların böyük rəğbətinə səbəb olub.
Konsertlər musiqi diplomatiyası və diaspor fəaliyyətinin inkişafı baxımından əlamətdar hadisə kimi dəyərləndirilib. Tədbirlər Azərbaycan icmasının üzvləri ilə yanaşı, yerli ictimaiyyət və musiqisevərlər tərəfindən də maraqla qarşılanıb.




