Firudin Köçərli. O, yaradıcılığını tədqiq etdiyi maarifçi demokratlara bənzəyirdi
16 Yanvar 20:00 MədəniyyətLoqos
Firuz Mustafa
Akademik Köçərli Firudin Qasım oğlu 1920-ci il 28 dekabr tarixində Gədəbəy rayonun İsalı kəndində anadan olmuşdur.
1945-ci ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinin nəzdində olan fəlsəfə şöbəsinə daxil olmuşdur. Universiteti fərqlənmə diplomu ilə bitirərək 1950-ci ildən 1953-cü ilə qədər M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin aspirantı olmuş və dissertasiya müdafiə edərək fəlsəfə elmləri namizədi alimlik dərəcəsi almışdır.
F.Köçərli 1953-1958-ci illərdə Azərbaycan Dövlət Universiteinin fəlsəfə kafedrasının dosenti vəzifəsində çalışmışdır. O, 1958-1967-ci illərdə Azərbaycan Elmlər Akademiyasının fəlsəfə sektorunun rəhbəri olmuş, 1967-ci ildən 1985-ci ilə qədər fəlsəfə və hüquq inistitutunun direktoru vəzifəsində işləmişdir. Ömrünün son anı olan 2004-cü ilə qədər bu institutda fəaliyyət göstərmişdir.
F.Köçərli 1966-cı ildə doktorluq dissertasiyası müdafiə edərək fəlsəfə elmləri doktoru elmi adına layiq görülmüşdür. F.Köçərli 1966-cı ildə Azərbaycan Elmələr Akademiyasının müxbir üzvü, 1976-cı ildə həqiqi üzvü seçilmişdir.
Akademik F.Köçərlinin elmi-tədqiqat fəaliyyəti əsasən Azərbaycanda fəlsəfə və ictimai fikir tarixinin, dialektik və tarixi materializmin, etika və estetika problemlərinin tədqiqinə yönəldilmişdir. Azərbaycanın bir çox elm və mədəniyyət xadimlərinin fəlsəfi baxışlarına dair tədqiqatlar aparmış, həmin tədqiqatların nəticələri onun nəşr etdiyi kitab və monoqrafiyalarında öz əksini tapmışdır. Eyni zamanda F.Köçərlinin apardığı tədqiqatlar Moskvada nəşr olunan "SSRİdə fəlsəfə tarixi" adlı kitaba daxil edilmişdir.
Akademik F.Köçərli uzun illər SSRİ Fəlsəfə Cəmiyyəti Azərbaycan bölməsinin sədri olmuşdur. O, Çexoslovakiyada, Kanadada, Skandinaviya ölkələrində çıxışlar etmişdir.
F.Köçərli 2005-ci il iyunun 3-də dünyasını dəyişib.
Adətən, insanın müdrikliyi həm də onun dediyi sözün əhəmiyyəti, çəkisi, qiyməti ilə dəyərləndirilir. "Həm də"- deyirəm, ona görə ki, müdriklər təkcə dedikləri yox, həm də demədikləri üçün məsuliyyət daşıyırlar. Deməli, müdrik adam həm də susmağı (mənalı susmağı ilə!), lap elə adi təbəssümü ilə (əlbəttə, mənalı təbəssümü ilə!) müdrikdir...
...Dəniz kənarında iri, iti addımlarla hərəkət edən, sanki harasa tələsən ucaboy, xoşsifət bir adam arabir ayaq saxlayıb tanışları ilə görüşür, hal-əhval tutardı. Kənardan göz qoyan olsaydı, bəlkə də bir az təəccüblənərdi: bayaqdan harasa "tələsən" bu adam onunla görüşənləri səbrlə dinləyər, öz müsahiblərinin bəzən uzanan söhbətlərinə diqqətlə, təmkinlə qulaq asardı.
Firudin Köçərlinin ulu babası İsa (hazırda kəndimiz babamızın adını daşıyır: İsalı kəndi), habelə babası Köçəri öz dövrünün mütərəqqi insanları olublar. Onun atası Qasım müəllim isə təkcə yaşadığı bölgədə deyil, bütün Respublikada bir ziyalı-maarifçi kimi tanınmışdır.
Görünür, F.Köçərlinin həyatının sonrakı məqamlarında gen yaddaşının mühum rolu olmuşdur. Bu gün böyük alimin elmi və təşkilatçılıq fəaliyyəti çoxlarına məlumdur. Azərbaycan elmi ictimaiyyəti F.Köçərlini daha çox yorulmaz bir tədqiqatçı kimi tanıyır. Onun Mirzə Fətəli Axundov, Nəriman Nərimanov, Üzeyir Hacıbəyov, Əli bəy Hüseynzadə, Ömər Faiq Nemanzadə və Cəlil Məmmədquluzadənin həyat və fəaliyyətinə həsr olunmuş fundamental tədqiqatları öz əhəmiyyətini bu gün də saxlayır və şübhəsiz ki, bu əsərlər gələcək araşdırıcılar üçün də qiymətli bir mənbə olacaqdır.
Ümumiyyətlə, Firudin müəllim üç yüzə yaxın əsərin, iyirmidən çox kitabın müəllifidir. Və ən maraqlısı budur ki, F.Köçərli daha çox, uzun illər həyat və yaradıcılığını səbrlə, təmkinlə tədqiq etdiyi "qəhrəmanlara" - maarifçi və demokratlara daha çox bənzəyir. O da məhz həmin aydınlar kimi daim insanların maariflənməsi, savadlanması üçün əlindən gələni əsirgəməmişdir.
Bütün böyük alimlər həm də böyük vətəndaş olurlar. Məhz bu cəhətinə görə də F.Köçərli bir çox həmkarlarından fərqlənirdi.
O, sözün əsl mənasında, xalqla nəfəs alırdı. Onu həmişə sadə, adi, sıravi adamların əhatəsində görmək olardı; insanlar öz problemlərini, dərdlərini ona deməkdən çəkinməzdilər. Onun qəbul otağında heç kəsin növbə gözlədiyini görmək olmazdı; çünki Firudin müəllim "gizli" söhbətləri sevməz, hamıya eyni münasibət göstərər, adamlara əl tutar, hörmət edər və sonra da bütün müdriklər kimi elədiyi yaxşılığı unudardı...
F.Köçərli direktor işlədiyi müddətdə Fəlsəfə İnstitutunda çox işgüzar, canlı bir atmosfer yaratmağa nail olmuşdu. O, əsl demokrat, humanist, yüksək əxlaqlı bir insan idi. Söz yox ki, onun "yumşaqlığ"ından sui-istifadə etməyə çalışanlar da tapılırdı: bəziləri "sərt" olmadığı üçün onu qınayır, bəziləri də öz "elmi fəaliyyəti"ni intriqalara istiqamətləndirirdi.

Hətta, bu təvazökar insanla "yüksək ton"da danışmağa, öz evlərindən yığıb gətirdikləri çirkab və qəzəbi onun üstünə tökməyə cəhd edənlər də tapılırdı. Belə gərgin situasiyalarda Firudin Köçərlinin dəfələrlə adi bir təbəssümlə, bir zarafatla məlum atmosferi necə dəyişdiyinin çoxları şahidi olub.
Firudin müəllim hətta ona "düşmənçilik" edənlərlə belə ünsiyyətini itirməz, "küsənlər"lə dil tapar, bir sözlə, bütün adamlarda, hətta, pislərdə belə həmişə işıqlı cəhətlər axtarardı. Kimisə "yıxıb-sürümək", kiminsə "axırına çıxmaq", kiminləsə "amansız mübarizə"yə girişmək Firudin Köçərli xasiyyətinə, xarakterinə yad idi. O, sözün böyük mənasında, sülh, barışıq, əmniyyət adamı idi.
Firudin müəllimi əsl təvazökarlıq nümunəsi hesab etmək olardı. O, heç vaxt bəzi həmkarları kimi, yeri gəldi- gəlmədi, öz yaradıcılığından "sitat" gətirməz, yazdıqları ilə öyünməzdi. Hətta, (bunu onunla işləyənlərin və onu tanıyanların yəqin ki, əksəriyyəti bilir), ona "filosof" deyəndə özünü bir növ narahat hiss edər, "mən filosof yox, fəlsəfə tədqiqatçısıyam, əgər belə demək mümkünsə, fəlsəfəçiyəm" - deyər və bundan sonra "əsl filosofların" adını sadalayardı...
Yeri gəlmişkən deyim ki, (bu, bəlkə də bir az yerinə düşmür) mən Firudin müəllimin direktor işlədiyi müddətdə hansısa bir şəxsi xahiş üçün onun qapısını açdığımı xatırlamıram; həm də təkcə mən yox, institutun əməkdaşlarının əksəriyyəti. Bu, direktorun "zəhmi" ilə bağlı deyildi (artıq qeyd edildiyi kimi, Firudin müəllim son dərəcə təvazökar və sadə bir insan idi). Məsələ burasındadır ki, F.Köçərli institutda elə bir mülayim atmosfer, elə bir isti ab-hava yaratmışdı ki, əməkdaşların kimdənsə şikayət etməyə, kiminsə xahişini etmək məqsədilə onun yanına getməyə ehtiyacı qalmırdı.
Əksinə, başqa institut, başqa idarə və müəssisələrdən onun yanına dəstə-dəstə adamlar məsləhətə, xahişə (bəzən də öz müdirlərindən şikayətə) gəlirdilər.
F.Köçərli Azərbaycan ziyalısı olsa da, onu keçmiş SSRİ-nin elmi-fəlsəfi ictimaiyyəti də yaxşı tanıyırdı. Alimin ölkəmizdən kənarda yetirmələri az deyildi.
Yadıma bir epizod düşür: 70-ci illərin sonları idi. Azərbaycan Televiziyasında müxtəlif verilişlərdə ssenarist və aparıcı kimi iştirak edirdim. Bir dəfə ölkəmizə gələn xarici tələbə-gənclərlə bağlı veriliş hazırlamaq məqsədilə Mingəçevirə gedəsi oldum.
Dünyanın ən müxtəlif ölkələrinin, eləcə də SSRİ-nin bir çox aparıcı ali təhsil ocaqlarından gəlmiş gənclər Mingəçevirdə dincəlirdilər. Minsk Dövlət Universitetinin tələbələrinə sarışın, gülərüz, orta yaşlı bir qadın rəhbərlik edirdi. Söhbət əsnasında belə məlum oldu ki, o, fəlsəfə kafedrasının əməkdaşıdır və bu yaxınlarda onun çalışdığı kafedrada aspirantlardan birinin müdafiəsində akademik F. Köçərli iştirak edib.
Həmin aspirantı "vurmaq" istəyirmişlər. Amma F. Köçərli gənc tədqiqatçını müdafiə edib, "hücumçular" geri çəkiliblər. Qadın ömründə bir dəfə gördüyü Firudin müəllimin maraqlı çıxışı, zəngin erudisiyası, təmənnasız xeyirxahlığı barədə heyran-heyran danışırdı.
Bilmirəm təsadüfdəndi, zərurətdəndi - hər nədəndisə, o günün axşamı bizim istirahət etdiyimiz binanın foyesində qoyulmuş televizorda Firudin Köçərlinin çıxışı gedirdi. Mən tez həmin belorusiyalı qadını ekran qarşısına çağırdım.
O, televizorda Firudin Köçərlini görüb uşaq kimi sevinərək şən-şən qışqırdı: "Hə, bu ki, bizim Firudin Qasımoviçdir! Görün bir o, nə gözəl, nə ağıllı adamdır. Onunla fəxr etməyə, öyünməyə dəyər. Çünki o, əsl xeyirxahlıq mücəssəməsidir! "
Doğrudan da o, xeyirxahlıq üçün doğulmuşdu.
Başqa bir epizod: 80-ci illərin əvvəllərində Fəlsəfə institutunda hansısa ümumittifaq miqyaslı tədbir keçirilirdi. SSRİ- nin əksər respublikalarından nümayəndələr gəlmişdilər. Qonaqlar "Azərbaycan" mehmanxanasında yerləşdirilmişdi. (O vaxt mən aspirant idim).
Firudin müəllimin rəhbərlik etdiyi tədbirin qərargahı da mehmanxanada idi. Qonaqların arasında məşhur akademik Lomov da (psixoloq) vardı. Bizim ali məktəblərin birində işləyən iki nəfər "alim", çəkisi az qala iki yüz kiloqrama çatan, araq-çaxırı vedrə ilə içən Lomovu az qala qucaqlarına götürmək, bellərinə şəlləmək istəyirdilər.
Əlbəttə, qonağa diqqət yetirmək yaxşı əlamətdir. Amma bu "alim "lər açıq-aşkarca "mərkəzdən gələn " qonağa yaltaqlanır, məddahlıq edir, uzun-uzadı sağlıqlar deyir, onun qulluğunda bulunurdular. Bir-iki dəfə mənə də "tapşırıq" verdilər: restorandan nəsə almaq lazımdı. Mən etiraz etdim, "tapşırığı" yerinə yetirmədim. Deyəsən, "dikbaşlığım" nə qonağa xoş gəldi, nə də bizim "alimlərə".
Hiss etdim ki, bizim o "cəfakeş yerli alimlər" Firudin müəllimə məndən şikayət ediblər. Ortaya yaman pərtlik düşmüşdü. Bir az sonra Firudin müəllim mənə yaxınlaşıb ordan-burdan söhbət açdı, başı ilə "alim"lər tərəfə işarə edib qımışdı: "görürsən də bunlar necə canfəşanlıq edirlər". Hiss etdim ki, Firudin müəllimin də bu cür yaltaqlardan xoşu gəlmir.
Tez-tez təkrar eləyirdi:
...Rəhmətlik Heydər Hüseynov deyərdi ki, yazılan qalacaq. Nə qədər sağıq, aramalıyıq, axtarmalıyıq, işləməliyik. (Yeri gəlmişkən, o, 1950-ci ildə sevimli müəllimi akademik Heydər Hüseynovun dəfnində iştirak etdiyinə görə indiki BDU-nun Həmkarlar təşkilatı sərdliyindən uzaqlaşdırılmışdı).
Özünəməxsusluğu vardı Firudin müəllimin:
...Kurortlarda dincəlməyi xoşlamazdı. Hər yay doğma yerlərə - Şınıxa, doğma İsalıya gedərdi; ziyalılarla, əkin-biçin adamları ilə ünsiyyətdə olmağı çox sevərdi;
...Şəhərdə ən çox sevdiyi məşğulliyyəti piyada gəzmək, kənddə isə arıya baxmaqdı;
...Bəzi tay-tuşları ilə zarafat etməyi xoşlayardı; məsələn, ən gərgin, uzun iclaslarda belə, bir də görərdin ki, üzünü ciddi "rejim" gözləyən Hüseynağa müəllimə (institutun əməkdaşına) tutub deyərdi: "Hüseynağa müəllim, sənin naharının vaxtıdır, nə vaxt istəsən gedə bilərsən".
...Dostluğa sədaqətli idi - vəzifəli və vəzifəsiz dostlara heç bir fərqi qoymazdı: tələbə dostları Aslan Aslanov, Məqsəd Səttarov, Ziyəddin Göyüşov, İqrar Əliyev, Qədim Mustafayev və başqaları ilə uzun illər boyu dostluğu qoruyub saxlamışdı.
...Təhsilə, biliyə çox yüksək qiymət verirdi, "hamı savadlı olmalıdır"- deyərdi.
... Hansısa yaxşı, xeyirxah bir adamı tərifləyəndə deyərdi: "Peyğəmbər kimi ədalətli insandır".
... "Alma meyvələrin şahıdır"- bu da Firudin müəllimin sözləridir.
Firudin müəllim yumoru çox sevərdi, şit zarafatlardan zəhləsi gedərdi.
O, doğulduğu və canı qədər sevdiyi Azərbaycan torpağının özü kimi saf, təmiz, səxavətli idi.
"Yalnız şərin təmtəraqlı sözlərlə bəzənməyə ehtiyacı var, xeyirxahın isə buna qətiyyən ehtiyacı yoxdur". Arabir başımda dolaşan bu sözlər artıq tarix səhnəsindən silinib getmiş bir topluma - latın xalqına məxsusdur. Qəribədir, xalqın özü yoxdur, amma sözü qalıb. Bəli, xeyirxahların tərifə bir ehtiyacı olmaz.
Firudin Köçərlini yad etmək, xatırlamaq lazımdır. O, xalqımızın yaddaşında daim yaşamağa layiq bir ziyalı, alim, mütəfəkkir, xeyirxah bir insan idi. O, əsl filosof idi, amma özünə "filosof" deməyə tərəddüd edirdi. Bütün müdriklər kimi sadə və müdrik idi.