Akademik Milli Dram Teatrı Özbəkistana qastrol səfəri edəcək
18:51 MədəniyyətAzərbaycan və Özbəkistanın milli teatrları arasında rejissor, aktyor, səhnə tərtibatçısı və kostyum ustalarının ikitərəfli mübadiləsi, forum və ustad dərslərinin keçirilməsini planlaşdırılıb.
Bu barədə Akademik Milli Dram Teatrından məlumat verilib.
Bildirilib ki, iki ölkə arasında planlaşdırılan görüşlər oktyabrın 24-də Daşkənd şəhərində Özbəkistan Milli Akademik Dram Teatrı və Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı arasında imzalanan əməkdaşlıq Memorandumunda əksini tapıb.
Memorandumu Akademik Milli Dram Teatrının direktoru, əməkdar mədəniyyət işçisi İlham Əsgərov və Özbəkistan Milli Akademik Dram Teatrının direktoru, Özbəkistanın Xalq artisti, Dövlət mükafatı laureatı, görkəmli sənətkar Yodqar Saqdıyev imzalayıblar. Hər iki teatrın rəhbəri imzalanan əməkdaşlıq haqqında Memorandumu teatr sənətinin gələcək inkişafı və yeni əlaqələr üçün vacib addım kimi dəyərləndiriblər.
Həmçinin gələn il iki teatr arasında qarşılıqlı qastrol səfərlərinin təşkili nəzərdə tutulub.