Bütün dünya musiqiləri, əslində, muğama söykənib- Babək Niftəliyev

Azərbaycan musiqisi yalnız səsdən ibarət deyil. O, xalqın ruhunu, tarixini, mədəniyyətini və duyğularını daşıyan bir xəzinədir. Məncə, hər bir xalqın musiqisi onun kimliyini, həyatını və hisslərini əks etdirir. Bizim musiqimiz isə həm tarixi, həm də emosional baxımdan çox zəngindir. Xalqımızın qədim zamanlardan bəri yaratdığı musiqi əsərləri yalnız ritm və not deyil, həm də dərin həyat təcrübəsi, mədəni yaddaş və duyğu qatlarıdır. Bu zəngin musiqi ənənələrinin ən parlaq ifadələrindən biri muğamdır. Muğam təkcə melodiyadan ibarət deyil, o, bir xalqın ruhunun, tarixinin və düşüncə tərzinin sintezidir. Hər bir muğam melodiyasında xalqın sevincini, kədərini, məhəbbətini və əzabını eşidirsən. Onun hər bir sətiri bir həyat hekayəsi, hər bir notu isə min illərin emosional yaddaşını daşıyır. Düşünürəm ki, muğamın əsas dəyəri onun ifaçısının ürəyindədir. Hər bir ifaçı muğamı yalnız texniki bacarığı ilə deyil, həm də onu dərinliklə hiss etməklə yaşadır. İfaçının səsi, ifa texnikası, pauzaları, melodiyanın axışını hiss etməsi - bütün bunlar muğamın ruhunu yaradır. Dinləyici isə bunu yalnız dinləməklə deyil, hiss etməklə anlayır. Muğam həm də xalq musiqisinin inkişafında unikal bir vasitədir. Onun fərqli şəbəkələr, modulyasiyalar və improvizasiya imkanları var. Hər ifaçının muğamı təqdim etmə tərzi fərqlidir, bu da muğamın canlılığını və davamlılığını təmin edir. Bir ifaçı muğamı oxuyarkən həm tarixi yadına salır, həm də onu öz emosional təcrübəsi ilə zənginləşdirir. Bu, musiqini yalnız dinlənilən bir sənət əsəri deyil, həm də yaşanan və paylaşan bir təcrübəyə çevirir. Musiqi təhsili və mədəniyyət tədbirləri də muğamın dəyərini qoruyur və onun gələcək nəsillərə ötürülməsini təmin edir. Musiqi məktəblərində və universitetlərdə muğamın öyrədilməsi, konsertlər və master-klasslar gənclərin bu sənəti dərindən dərk etməsinə kömək edir. Bu, yalnız ifaçılar üçün deyil, musiqisevərlər üçün də muğamın dərin anlamını açır. Muğam Azərbaycan musiqisinin dərinliyini, zənginliyini və çoxşaxəliliyini göstərən unikal bir sənət nümunəsidir. Onun melodiyaları və ritmləri xalqımızın duyğularını, tarixi təcrübəsini və mədəni irsini ifadə edir. Hər bir ifaçı, hər bir dinləyici bu sənəti yaşadıqca, muğam canlı qalır və öz dərinliyini qoruyur.
Muğamın dünya səhnəsində tanınması barədə daha dərindən fikir almaq üçün Azərbaycan muğam ifaçısı, Azərbaycan Respublikasının Əməkdar artisti, xanəndə Babək Niftəliyev ilə söhbət etdik:

-Muğam Azərbaycan musiqisinin ən dərin ifadələrindən biridir. Sizcə, muğamın əsas ruhunu qoruyub dinləyiciyə çatdırmaq üçün hansı prinsiplər vacibdir?

- Muğamımız yetərincə böyük, nəhəng xanəndələr tərəfindən tanıdılıb və bu gün də tanıdılmağa davam edir. Bizlərə də üzərimizə düşən məsuliyyət var ki, bu dəyərli sənəti qoruyub gələcək nəsillərə düzgün şəkildə çatdıraq. Mən eyni zamanda Milli Konservatoriyanın müəllimiyəm və tələbələrimə də bu prinsipləri aşılayıram. Tələbələrimiz yalnız ölkə daxilində deyil, xaricdə də muğamın tanıdılması işində fəal iştirak edirlər. Onlar iştirak etdikləri müsabiqələrdə, festival və konsert proqramlarında muğamımızın incəliklərini, onun ruhunu və gözəlliyini dinləyicilərə çatdırırlar.
Muğamın yaşadılması və dünyada tanıdılması üçün ilk növbədə onu öz xalqımıza sevdirmək vacibdir. Bu, onsuz da dövlətimiz tərəfindən dəstəklənmiş və sevdirilmişdir. Qəzəlxanların yaradıcılığına baxdıqda, xüsusilə Əliağa Vahid Azərbaycan dilində çox gözəl əsərlər yazıb. Ərəbcə və farsca sözləri çıxarmaqla, onun əsərləri xalqımız üçün daha anlaşılan, daha yaxın və daha sevilən olub. Bu sözlərin sadələşdirilməsi muğamın sözlərinin xalq tərəfindən daha rahat qavranmasına, duyulmasına və hiss edilməsinə imkan verib. Muğamımızı bir tərəfdən xalqımıza sevdirən Əliağa Vahid olubdur - öz ana dilimizdə qəzəl yazan böyük qəzəlxanlarımız sayəsində bu sənət həm dilimizdə, həm də mədəniyyətimizdə möhkəmlənib. Bu gün də muğamımıza böyük diqqət və qayğı göstərilir. Muğam müsabiqələrinin, festival və tədbirlərin keçirilməsi, gənc ifaçıların dəstəklənməsi bütün bunlar təqdirə layiq işlərdir. 
- Muğamın dünya musiqi səhnəsində daha yaxşı tanıdılması üçün hansı addımlar atılmalıdır?
- Muğamın daha yaxşı tanıdılması üçün ilk növbədə onu təqdim etməyin yaradıcı yollarını tapmaq lazımdır. Məsələn, biz qrup şəklində maraqlı improvizasiyalar təşkil edə bilərik. Xarici ölkələrə gedəndə, oranın populyar musiqiçiləri ilə birgə çıxış etmək böyük əhəmiyyət kəsb edi- istər caz ifaçısı, istər rok musiqiçisi, istərsə də hər hansı tanınmış yerli musiqiçi olsun. Belə sintez üsulu muğamı həm daha əlçatan edir, həm də fərqli musiqi janrları ilə birləşdirərək yeni dinləyici kütləsinə çatdırır. Bu yanaşmanın üstünlüyü odur ki, həmin ölkənin musiqi həvəskarları həm tanıdıqları sənətçinin ifasını dinləyir, həm də muğamın incəliklərinə qulaq asırlar. Beləcə, muğam yalnız Azərbaycan daxilində deyil, beynəlxalq səviyyədə də tanınır və sevilir. Çünki bütün dünya musiqiləri, əslində, muğamın üzərində söykənib.
- Beynəlxalq səhnələrdə muğamı təqdim edərkən onun milli ruhunu qorumaq necə mümkündür? Sizcə, bu balansı qorumağın ən doğru yolu nədir?
- Xalq mahnılarımızdır, muğamlarımızdır. Muğam elə bir sənətdir ki, improvizasiyadır. Elə xanəndələrimiz var ki, onların improvizasiyasını xüsusilə xoşlayıram. Şəxsən mən də improvizasiyanı çox sevirəm. Ona görə də orada maraqlı gedişmələr edə bilərəm.
Eyni zamanda, milli ruhun qorunması üçün əsas prinsip odur ki, xalq mahnılarımızın mahiyyətinə xələl gəlməsin. Bu səbəbdən onların sözlərini və melodiyasını dəyişdirməyə o qədər də yaxşı baxmıram. Çünki belə dəyişikliklər artıq əsərin orijinal mahiyyətinə zərbə vura bilər və muğamın ruhunu tam olaraq çatdırmaq mümkün olmaz. Beləliklə, balansı qorumağın ən doğru yolu improvizasiyanı müvafiq ölçüdə, əsərin əsas xüsusiyyətlərinə hörmətlə etməkdir.
-Muğam ifası tək texnika deyil, həm də duyğu və fəlsəfi məna daşıyır. Sizin ifanızda bu harmoniyanı necə yaradırsınız? İfaçı kimi uzun illər boyu topladığınız təcrübənin muğamı daha geniş auditoriyaya çatdırmaqda rolu nədir?
- Birinci növbədə tamaşaçılarla, insanlarla səmimiyyət çox vacibdir. İfaçı gərək öz səmimiyyətini qoruyub tamaşaçıya ötürə bilsin. Çünki yalnız texnika ilə deyil, insanın daxili hissi və ruhi aləmi ilə də muğamın gözəlliyi hiss etdirilir. Tamaşaçılar sənin səmimiyyətini gördükdə, həm sənətinə, həm də şəxsiyyətinə dəyər verirlər. Bu məncə, muğam ifasının ən əsas şərtlərindən biridir.
Bir də geyim məsələsi çox önəmlidir. Biz ciddi sənətlə məşğuluq, ona görə də görünüşə diqqət yetirmək lazımdır. Mən tələbələrimə də həmişə deyirəm: geyiminizə fikir verin, səhnədə hər zaman kostyumda olun. Cins şalvarda muğam oxumaq təsiri zəiflədir, tamaşaçıya lazım olan əzəməti çatdırmır. Klassik tərzə üstünlük vermək lazımdır. Biz bunu dədə-babadan görmüşük: muğam ifaçıları ya milli geyimdə, ya da kostyumda olublar və bu, həm sənətin, həm də ənənənin hörmətini göstərir.
- Muğamı öyrənmək uzun illər tələb edir. Sizcə, müasir gənc ifaçılar üçün ən çətin mərhələlər hansılardır? Gənc ifaçılara muğamı dünyaya tanıtmaq üçün nə tövsiyə edərdiniz? 
- İndi muğamı öyrənmək əvvəlkindən daha asandır. Bizim dövrdə audiokasetlərin vaxtı idi, internet yox idi. Ona görə çox çətinlik çəkirdik. Bir lent tapmaq üçün günlərlə axtarırdıq. Hər şey çox çətin idi, məlumat məhdud idi. İndi isə şükür Allaha, internet dövrüdür. Hər kəs internetdən yararlanır, istədiyini axtarıb tapa bilir. İstədiyin muğam ifasını, xanəndənin repertuarını rahatlıqla tapırsan, qulaq asırsan, öyrənirsən. Bu, gənclər üçün böyük üstünlükdür. Dünyaya muğamı tanıtmaq üçün əsas odur ki, gənclər klassik muğamı dərindən öyrənsinlər, onun ruhunu, texnikasını və ifa ənənələrini yaxşı mənimsəsinlər. Sonra isə öz fərdi improvizasiyalarını etsinlər, yəni muğamı yalnız təkrarlamaqla kifayətlənməsinlər, onu öz yaradıcılıqları ilə zənginləşdirsinlər. Bu, həm ifaçının inkişafı, həm də muğamın dünyaya çıxması üçün vacibdir.

Beləliklə, muğam təkcə melodiyaların toplusu deyil, xalqımızın ruhunun, mədəniyyətinin və tarixinin canlı ifadəsidir. Hər bir ifaçı və hər bir dinləyici bu sənəti yaşadıqca, muğamın dərinliyi qorunur, onun milli ruhu yeni nəsillərə ötürülür. Müasir dövrdə texnologiya və qlobal əlaqələr gənclərə bu incə sənəti öyrənmək və dünya səhnələrinə çıxarmaq üçün böyük imkanlar təqdim edir. Əsas olan isə muğamı sevgi ilə yaşamaq, onun köklərinə hörmətlə yanaşmaq və öz yaradıcılığı ilə zənginləşdirməkdir. Bu yolla Azərbaycan muğamı yalnız milli xəzinə olaraq qalmaqla kifayətlənməyəcək, həm də dünya musiqi xəritəsində layiq olduğu yeri tutacaq, hər kəsin qəlbinə toxunacaq bir sənət nümunəsinə çevriləcək.
 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31