Rəssamlıqda qadın harmoniyası..

Rəssamlıq insanın daxili dünyasını, hisslərini, düşüncələrini və baxış bucağını əks etdirən unikal bir ifadə vasitəsidir. Hər bir rəsm sadəcə boya və fırçadan ibarət deyil, o, müəllifin ruhunun bir parçasıdır, duyğuların və zamanın dərin izlərini daşıyan bir güzgüdür. Düşünürəm ki, insan həyatının müxtəlif anları- sevinc və kədər, ümid və qorxu, həyəcan və sakitlik rəsmlərin hər fırça vuruşunda öz əksini tapır. Rəsmlər yalnız gözəl görünüş yaratmaqla kifayətlənmir, həm də həyatın incəliklərini, insan duyğularının dərinliyini və cəmiyyətin ruh halını əks etdirən bir tarix və mədəniyyət daşıyıcısına çevrilir. Məncə Azərbaycan rəssamlıq sənəti də bu baxımdan zəngin bir tarixə malikdir. Burada qadınların rolu xüsusi diqqət çəkir. Tarix boyu Azərbaycan qadınları sənətdə öz sözlərini deməyə çalışıblar, daxili dünyalarını, duyğularını və baxış bucaqlarını əsərlərində əks etdiriblər. Onların yaradıcılığında həssaslıq, zəriflik və eyni zamanda güc və inadkarlıq bir arada görünür. Qadın rəssamların əsərlərində həyatın detallarına, insan duyğularına və təbiətin incəliklərinə yönəlmiş diqqət açıq şəkildə hiss olunur. Bu əsərlər yalnız estetik baxımdan deyil, həm də cəmiyyət və mədəniyyət kontekstində böyük əhəmiyyət kəsb edir.

Qadın rəssamların yaratdığı əsərlərdə rənglərin, formaların və işığın seçimi onların dünyagörüşünü, daxili harmoniyasını və fərdi təcrübəsini əks etdirir. Məsələn, işıq və kölgə oyunları ilə insanın ruh halını və daxili gərginliyini ifadə edən əsərlər, izləyiciyə yalnız gözəllik deyil, həm də dərin bir emosional təcrübə təqdim edir. Qeyd edim ki, Azərbaycanın qadın rəssamları arasında Qeysər Kaşıyeva xüsusi yer tutur. O, rəssamlıq təhsili almış ilk azərbaycanlı qadın hesab edilir və onun əsərləri bu yolun başlanğıcıdır. Bununla yanaşı, Xalidə Səfərova, Maral Rəhmanzadə və digər qadın rəssamlar da Azərbaycan incəsənətinə öz izlərini qoyublar. Onların əsərlərində həyat, sevgi, təbiət və insanın daxili dünyası diqqət mərkəzindədir. Hər biri öz baxışını, hisslərini və düşüncələrini rəng və formalar vasitəsilə ifadə edərək, sənətimizi zənginləşdirir. Düşünürəm ki, qadın rəssamların əsərlərində yalnız vizual gözəllik deyil, həm də tarixi və mədəni dəyər önəmlidir. Onların əsərləri zamanla yalnız estetik zövq üçün deyil, həm də milli kimliyimizi, mədəni irsimizi və tarixi yaddaşımızı qorumaq baxımından qiymətləndirilir. Rəsmlərdəki detallar, rəng seçimi və kompozisiya qadın rəssamların incə duyğularının və şəxsi təcrübələrinin əksidir. Tarix boyu qadınların cəmiyyətdəki rolu müxtəlif sahələrdə özünü göstərib. Ancaq incəsənətdə iştirakı həm fərdi ifadə, həm də mədəni irsin qorunması baxımından xüsusilə vacibdir.

Qadın rəssamların əsərlərində həyatın hər detalına diqqət yetirilir. Rənglərin harmoniyası, fırça vuruşlarının ritmi, işığın və kölgənin oyunu insanın duyğularını oyandırır, onun ruh halını əks etdirir. Hər əsər, hər detal bir hekayə danışır- sevgi və kədərin, ümidi və qorxunun, sakitliyin və həyəcanın hekayəsini. Bu, qadın rəssamların sənətdəki yerini göstərir, onlar yalnız gözəl əsər yaratmır, həm də insanın daxili aləmini, hisslərini və həyatın incəliklərini sənət dili ilə tərcümə edirlər. Azərbaycan qadınlarının sənətdə iştirakı yalnız rəsmlərlə məhdudlaşmır. Bu, ölkənin mədəni inkişafına, gözəllik və düşüncə estetiklərinin zənginləşməsinə xidmət edir. Qadın rəssamların əsərləri həm milli kimliyin qorunmasına, həm də universal insan təcrübəsinin ifadəsinə xidmət edən bir körpüdür. Onlar öz baxış bucaqları, estetik duyğuları və yaradıcı yanaşmaları ilə Azərbaycan incəsənətinə yeni nəfəs gətirirlər. Beləliklə, qadın rəssamlar yalnız əsər yaratmır, onlar tariximizin, mədəniyyətimizin və incəsənətimizin bir parçası olaraq gələcək nəsillərə ilham verir. Düşünürəm ki ,onların izləri Azərbaycan incəsənətində silinməz bir iz buraxıb və bu iz, rənglərin və formaların dili ilə danışaraq qadınların cəmiyyətdəki rolunu bir daha vurğulayır. Rəsmlər vasitəsilə qadınlar həm öz daxili dünyalarını ifadə edir, həm də ümumi mədəniyyətimizi zənginləşdirirlər. Hər bir əsər, hər bir fırça vuruşu qadınların həm yaradıcılıq, həm də mədəniyyət tarixindəki rolunu möhkəmləndirir, Azərbaycan sənətinə özünəməxsus bir nəfəs qatır. Qadın rəssamların sənətdəki rolu, onların yaratdığı əsərlərin zənginliyi və təsir gücü göstərir ki, sənət yalnız gözəl görünüş yaratmaq deyil, həm də cəmiyyətin, tariximizin və mədəniyyətimizin ifadəsi, eyni zamanda gələcəyə ötürüləcək bir mirasdır. Azərbaycanın qadın rəssamları bu mirası yalnız qorumaqla kifayətlənmir, həm də onu daha da inkişaf etdirərək, hər əsərlərində öz dünyalarını, düşüncələrini və duyğularını izləyicilərlə bölüşürlər. Qadın rəssamların sənətdəki rolunu daha dərindən anlamaq, əsərlərindəki duyğu və baxış bucağı, həmçinin yaradıcılıq yolu ilə bağlı Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət İşçisi, Azərbaycan Kinematoqrafçılar İttifaqının və Azərbaycan Rəssamlar İttifaqının üzvü,  rəssam Zəkiyyə Mahmudova Olaylar.az-a açıqlamasında öz fikirlərinizi bildirib:

"Əlbəttə, rəssamlar arasında tanınmış peşəkar xalq rəssamlarımız var. Məsələn, Maral Rəhmanzadə və Vəcihə Səmədova hər biri özünəməxsus gözəl əl işləri ilə tanınır. Onlar həm təbiətin möhtəşəm mənzərələrini, həm də portretləri yaratmaqda böyük istedada sahibdirlər. Xüsusilə neft daşları və həmin ərazilərdə baş vermiş hadisələrlə bağlı mövzularda çox gözəl əsərlər ortaya qoyublar. Qadın çox incə və həssas məxluqdur. Qadının barmaqları nəyə toxunsa, bütün incəlikləri üzə çıxarır. Bizim rəssamlarımız arasında həqiqətən elə qadınlar var ki, onların bütün əsərləri möhtəşəmdir. Məsələn, Vəcihə  Səmədovanın bir şah əsəri var - o, Neft Daşlarında küləkli, tufanlı bir mənzərə yaradıb və əsərin hər detalında böyük incəlik hiss olunur. Bundan əlavə, bizim Vəcihə Səmədova adına bir sərgi salonumuz da fəaliyyət göstərir. Orada bir çox istedadlı rəssam xanımların əsərlərini görmək mümkündür və bu, qadın rəssamlarımızın sənət sahəsindəki rolunu daha da önə çıxarır. Sərgi salonu həm yaradıcılığın, həm də sənət ənənələrinin qorunub saxlanması baxımından da böyük əhəmiyyət kəsb edir.

Mən də öz yaradıcılığımda həmişə belə düşünmüşəm: çəkim, yaradım, amma əsasən təbiəti düşünürəm. Qadın gözəlliyi harada görür? Yalnız qadın rəssamlar deyil, təbiətin gözəlliyi də bir növ eşqin, zərifliyin ifadəsidir. Əgər bir rəssam təbiəti sevirsə, deməli, o, eyni zamanda eşqi, uşaqlarını, ailəsini və dövlətini də sevir. Yardıcılıq fəaliyyətində də olmuşam və bu, həmişə sevgidən irəli gəlib. Elə hesab edirəm ki, mən də belə rəssamlardan biriyəm. Gənc yaşlarımdan sənətə başlamışam və yaradıcılığımı başqalarına kömək etmək üçün istifadə etmişəm. Çizgi filmlərində təxminən qırxa yaxın, bəlkə də daha çox layihədə iştirak etmişəm- həm rəssam asistenti, həm rejissor asistenti kimi. Sonra bədii filmlərdə, seriallarda, həm də geyim rəssamı, rəssam asistenti və geyim işlərində olmuşam. "Cırtdan" dan başlamış "Təndir", "Sərçə" kimi  bir çox çizgi film layihələrində iştirak etmişəm və hər biri mənim üçün həm təcrübə, həm də yaradıcılıq sevincidir. Bu yol mənə göstərdi ki, sənət yalnız fərdi ifadə deyil, həm də sevgi, diqqət və əməksevərlik tələb edir.

Suallarınızdan birində qeyd etmisiniz ki , əsərlərinizdə rəng və forma seçiminizin arxasında hansı duyğular və düşüncələr dayanır? Mən ancaq istəyirəm ki, bizim Azərbaycan torpağımız sağlam və xoşbəxt olsun. Həmişə o qara buludlar çəkilib getsin, bir daha o qara buludlar bizə qismət olmasın. Bizim gənclərimiz sağlam dünyada yaşasınlar, yaratsınlar. Bütün dünya üzəri bizdən danışsın, adlarımız bütün ölkələrdən gəlsin. Ancaq  bunu arzu edirəm. Ən sevdiyim rəng bizim üçrəngli bayrağımızın rəngidir. Hətta Danimarkaya bir əsər göndərmişəm. Orada o əsər Şuşa haqqında mənim kompozisiyamdır. Orada məni çox gözəl sözlərlə təbrik etdilər, təşəkkürlərini verdilər.  Mən həmişə istəyirəm ki, dövlətimiz gözəl anlarla, gözəl fikirlərlə tanınsın. Bilsinlər ki, bizim həqiqətən necə ölkəmiz və xalqımız, sənətkarlarımız var.  Onu da qeyd edim ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının və Azərbaycan Rəssamlar İttifaqının üzvüyəm. 5 il öncə mənə dövlətimiz tərəfindən Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət İşçisi adı verildi. Cənab Prezidentimizə bir daha təşəkkür edirəm ki, biz rəssamları həvəsləndirir və sevindirir.

Mən uşaqlığımdan Maral Rəhmanzadə kimi rəssam olmaq istəyirdim. Arzum bu idi. Anam isə mənə deyirdi: "Lazım deyil, get həkim ol, müəllim ol, rəssamlıq kişilərin işidir".  Amma mən hər zaman bilirdim ki, rəssamlıq yalnız kişi işi deyil və qadınlarımız da bu sahədə böyük nailiyyətlər göstərə bilərlər. Bizim qadın rəssamlarımızın yaratdığı gözəl əsərlər bizim gələcəyimizə təsir etdi, ilham verdi. Mən arzulayıram ki, bizdən sonrakı nəsil də bizim əsərlərimizə baxıb, bizim kimi rəssam olmağı xəyal etsin və sənətə olan sevgini davam etdirsin".

Zəkiyyə Mahmudovanın sözləri göstərir ki, qadın rəssamların sənətdəki rolu yalnız vizual gözəllik yaratmaqla məhdudlaşmır. Onların yaradıcılığı həm milli ruhu, həm də şəxsi duyğuları əks etdirən dərin bir ifadə vasitəsidir. Hər bir rəsm, sadəcə boya və fırçadan ibarət olmayıb, həm də həyatın incə detalları, insan emosiyaları və təbiətin dərin gözəlliklərini tuvalda canlandırmaq üçün bir vasitə kimi çıxış edir. Bu prosesdə qadın rəssamların incə həssaslığı, müşahidə qabiliyyəti və duyğu zənginliyi özünü açıq şəkildə göstərir. Zəkiyyə xanım, əsərlərində yalnız estetik gözəlliyi önə çıxarmır o, həm də milli dəyərləri, ailə bağlarını və vətənə olan sevgisini əks etdirir. Onun yaradıcılığı fərdi ifadə ilə milli mədəniyyət arasında bir körpü rolunu oynayır və bu da qadın rəssamların sənət vasitəsilə cəmiyyətlə dialoqunun nə qədər dərin və mənalı olduğunu göstərir. Düşünürəm ki, elə əsərlər təkcə göz zövqünü təmin etmir, həm də tariximizi, mədəniyyətimizi və gələcək nəsillərə ötürüləcək yaradıcılıq dəyərlərini yaşadır. Qadın rəssamlar yalnız mövcud dövrün sənət dünyasını zənginləşdirmir, eyni zamanda gələcək nəsillər üçün ilham mənbəyi də yaradırlar. Onların əsərlərində təbiət ilə insan həyatının harmoniyası, milli ənənələrlə fərdi yaradıcılığın sintezi və duyğuların incə ifadəsi bir araya gəlir. Beləcə, Azərbaycan qadın rəssamları sənət dünyasında unikal bir iz buraxır, yaradıcılıqları ilə həm milli kimliyimizi, həm də universal insan təcrübəsini zənginləşdirirlər. Onların əsərləri, həm də bir növ mədəni dialoq formasıdır: baxan hər kəs öz iç dünyasını, yaşadığı cəmiyyətin dəyərlərini və təbiətin əzəmətini hiss edir. Qadın rəssamların yaratdığı bu körpü yalnız bugünü deyil, həm də gələcək nəsillərin ruhunu formalaşdırır, onları estetik duyğuya, milli dəyərlərə və yaradıcılığa sövq edir.

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31