Özbəkistanda Türk dünyası xalqları arasında mədəni körpülər möhkəmlənir
23 İyun 13:30 MədəniyyətÖzbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində bu ölkədə fəaliyyət göstərən Qazaxıstan və Türkmənistan diaspor təşkilatlarının rəhbərləri, eləcə də Türkiyə və Qazaxıstan Respublikasının Özbəkistandakı Səfirliyinin nümayəndələri ilə görüşlər keçirmişdir.
Görüşlərdə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Akif Marifli və Qazax Milli Mədəniyyət Mərkəzinin sədri, deputat Serikbay Usenov, Türkmən Milli Mədəniyyət Mərkəzinin sədri, deputat Güldanə Avezdurdiyeva, Qazaxıstanın Özbəkistandakı səfirinin müşaviri Serjan Sersenbayev və birinci katib Oksana Musyurina, Türkiyənin Özbəkistandakı səfirliyinin mədəniyyət məsələləri üzrə müşaviri Hamdi Turşuçu və Türkiyənin Özbəkistandakı Yunus Əmrə Türk Mədəniyyət Mərkəzinin koordinatoru Ahmet Özkan ilə görüşlər keçirmişdir.
Görüşlərin əsas məqsədi türkdilli xalqlar arasında mədəni-humanitar əməkdaşlığın genişləndirilməsi, ortaq mədəni dəyərlərin təbliği, qarşılıqlı anlaşmanın və dostluq münasibətlərinin dərinləşdirilməsi, eyni zamanda gələcəkdə birgə layihələrin həyata keçirilməsi istiqamətində real təşəbbüslərin müzakirəsi olmuşdur.
Görüş zamanı Azərbaycan, Özbəkistan, Qazaxıstan, Türkmənistan, Türkiyə xalqları və eləcə də bütün Türk dünyası xalqları arasında mədəni körpülərin möhkəmləndirilməsi, birgə tədbir və layihələrin həyata keçirilməsi üçün strateji əməkdaşlıq mexanizmlərinin yaradılması, ortaq irsinin təbliği və gələcək nəsillərə ötürülməsi istiqamətində fəaliyyətlərin əlaqələndirilməsinin vacibliyi qeyd olunmuşdur.
Bundan başqa birgə mədəniyyət günləri - Qardaş xalqların mədəniyyətinin qarşılıqlı şəkildə tanıdılması məqsədilə "Azərbaycan-Qazaxıstan dostluğu", "Azərbaycan-Türkmənistan mədəniyyət körpüsü", "Azərbaycandan Türk dünyasına", "Türk dünyası və Azərbaycan" və s. kimi tədbirlərin keçirilməsi, ortaq mədəni irsin təbliği, milli bayram və əlamətdar günlərin birgə qeyd olunması - Novruz bayramı, dövlət bayramları, tarixi şəxsiyyətlərin, yazıçı və şairlərin yubileyləri ilə bağlı ortaq tədbirlərin təşkili, incəsənət sərgiləri və konsert proqramları - rəssamlıq, foto, əl işləri sərgiləri, musiqi, rəqs və poeziya gecələrinin təşkil olunması, milli mətbəx günləri, milli adət ənənələrlə bağlı tədbirlər, festivallar, təhsil və mədəniyyət üzrə təlim-tədris proqramları - gənclər üçün ortaq təlimlər, seminarlar, mədəni düşərgələr və mübadilə proqramlarının təşkili, birgə nəşrlər və media layihələri - türkdilli xalqların mədəni irsini əks etdirən kitabların, məqalələrin, sənədli filmlərin hazırlanması və yayımı, əməkdaşlıq platformasının yaradılması - Diaspor təşkilatları və Mədəniyyət Mərkəzi arasında əlaqələrin davamlılığını təmin etmək üçün ortaq əlaqələndirmə qrupu və ya mədəni əməkdaşlıq şurasının yaradılması təşəbbüsü və s. təkliflər irəli sürülmüş, müvafiq razılaşmalar əldə edilmişdir.
Görüş iştirakçıları Türk dövlətləri arasında ortaq dəyərlərin qorunmasının və inkişaf etdirilməsinin, bu sahədə əməkdaşlığın daha da gücləndirilməsinin zəruriliyini xüsusi vurğulamışlar.
Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən irəli sürülən təşəbbüslər yüksək dəyərləndirilmiş, tərəflər bu təkliflərin reallaşdırılması istiqamətində birgə fəaliyyət göstərməyə hazır olduqlarını ifadə etmişlər.
Qazaxıstan səfirliyinin nümayəndəsi, eləcə də qazax və türkmən diaspor təşkilatlarının rəhbərləri Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən göstərilən təşəbbüsləri yüksək qiymətləndirmiş, bu cür əməkdaşlığın regionda mədəni müxtəlifliyin qorunması, xalqlar arasında qarşılıqlı hörmət və anlaşmanın inkişafı üçün mühüm addım olduğunu bildirmişlər. Tərəflər arasında əldə olunan razılaşmalar gələcəkdə türkdilli xalqlar arasında mədəniyyət sahəsində qarşılıqlı əməkdaşlığın daha da möhkəmləndirilməsinə xidmət edəcəkdir.
Görüşlərin sonunda iştirakçılar əməkdaşlığın davamlı olması, mütəmadi şəkildə qarşılıqlı görüşlərin təşkili və reallaşdırılacaq layihələrin yaxın günlərdə planlaşdırılması barədə ortaq mövqe bildirmişlər.