Özbəkistanın ali təhsil müəssisələrində Azərbaycan muğamı və milli musiqisi ilə bağlı ustad dərslər keçirilib
3 İyun 14:50 MədəniyyətÖzbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü və təşkilatçılığı ilə bu ölkənin nüfuzlu ali təhsil ocaqlarında Azərbaycan muğamı və milli musiqi sənətimizlə bağlı ustad dərsləri təşkil olunub.
Ustad dərsləri Azərbaycanın və Özbəkistanın Xalq Artisti Gülyanaq Məmmədova tərəfindən aparılıb. Dərslər musiqi, musiqişünaslıq, solo ifa və xalq çalğı alətləri üzrə təhsil alan tələbələr üçün nəzərdə tutulub, tələbələrə Azərbaycan milli musiqi mədəniyyəti, muğam sənətinin tarixi kökləri, ifa üslubları, xalq musiqimizin janr zənginliyi və milli irsimizin qorunması ilə bağlı ətraflı məlumatlar təqdim olunub.
Gülyanaq Məmmədova mühazirələrində Azərbaycan muğamının dünya musiqi xəzinəsindəki yeri, bu sənətin UNESCO tərəfindən bəşəri irs nümunəsi kimi tanınması, həmçinin muğamın müasir ifaçılıq və bəstəkarlıq məktəblərindəki rolu barədə danışıb. Dərslər zamanı tələbələrlə interaktiv şəkildə praktiki məşğələlər keçirilib, muğam ifaçılığı üzrə ustalıq nümunələri təqdim olunub, səhnə mədəniyyəti, vokal texnikası, ifaçılıq məktəbləri və musiqi frazalarının interpretasiyası ilə bağlı tövsiyələr verilib.
Ustad dərslər çərçivəsində tanınmış Azərbaycan bəstəkarları Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov, Arif Məlikov və digər sənətkarların yaradıcılığına da xüsusi yer ayrılıb. Ustad dərsləri iştirakçıların böyük marağına səbəb olub, tələbələr tərəfindən fəal şəkildə qarşılanıb və interaktiv sual-cavab sessiyaları ilə müşayiət olunub.
Qeyd edək ki, sözügedən layihənin əsas məqsədi Azərbaycanla Özbəkistan arasında mədəni əlaqələrin daha da inkişaf etdirilməsi, gənc musiqiçilərin Azərbaycan musiqi məktəbi ilə yaxından tanış olması və regionda mədəni inteqrasiyanın gücləndirilməsidir.
Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən bu kimi layihələr gələcəkdə də davam etdiriləcəyi və milli musiqi irsimizin Özbəkistanın müxtəlif bölgələrində tanıdılması istiqamətində silsilə tədbirlər plandaşdırılır.