İçərişəhər Səudiyyə Ərəbistanında keçirilən beynəlxalq tədbirdə təmsil olunur - FOTO
28 Noyabr 13:47 Mədəniyyət23-29 noyabr tarixlərində Azərbaycan ənənəvi sənətkarlığı Səudiyyə Ərəbistanı Krallığının Riyad şəhərində keçirilən "II Səudiyyə Beynəlxalq Əl İşləri Həftəsi" sərgisində təqdim olunur.
Olaylar.az xəbər verir ki, sərgidə "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Ənənəvi İncəsənət Mərkəzi və Muzey Mərkəzi, eləcə də Qala Qoruğunun "Qurama" Mərkəzi tərəfindən qurama, keçə sənəti, miniatür, təzhib, duluzçuluq, keramika, batika, zərgərlik, sədəfkəsmə və taxta üzərində işləmə kimi Azərbaycan ənənəvi sənət növləri ilə yanaşı, müasir texnologiyanın tətbiqi ilə hazırlanmış, təbiətdəki ahəngi özündə ehtiva edən nano-qurama instalyasiyası təqdim olunur.
Sərgidə iştirakın məqsədi Azərbaycan mədəniyyətinin zəngin ənənələrini və ekoloji cəhətdən dost olan sənətkarlıq sahələrini dünya ictimaiyyətinə tanıtmaq, Azərbaycan sənətinə olan marağın artırılmasına töhfə verməkdir. Qeyd olunan qədim, şərq sənət nümunələri sərgiyə qatılan yerli və xarici izləyicilər tərəfindən böyük maraqla qarşılanıb.