Azərbaycan Ədəbiyyat Fondu Gəncə şəhərində Yeniyetmə və gənclərin mütaliəyə cəlb edilməsi layihəsini təqdim edib
28 Oktyabr 18:57 MədəniyyətOktyabrın 25-də Azәrbaycan Yazıçılar Birliyi Әdәbiyyat Fondunun və Azәrbaycan Respublikası Mәdәniyyәt Nazirliyinin birgə təşkilatçılığı, Gəncə Dövlət Universitetinin təşkilati dəstəyi ilə Gəncə Dövlət Universitetinin Yunis Əmrə adına mühazirə zalında "Yeniyetmә vә gәnclәrdә mütaliә mәdәniyyәtinin formalaşdırılması" layihәsinin təqdimat mərasimi keçirilib.
"Ədəbiyyat və incəsənət" portalı xəbər verir ki, 2024-cü ildә Mədəniyyət Nazirliyi tərəfindən elan olunmuş "Qeyri-hökumәt tәşkilatları üçün qrant müsabiqәsi"nin qalibi olan Ədəbiyyat Fondunun "Yeniyetmә vә gәnclәrdә mütaliә mәdәniyyәtinin formalaşdırılması" layihәsinin təqdimat mərasimini GDU-nun Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva açaraq qonaqları salamlayıb, tədbirə uğurlar arzu edib. O, tələbələrdə mütaliəyə maraq oyatmaq üçün universitetdə görülən işlərdən, yaradılan şəraitdən, bu sayaq tədbirlərin keçirilməsi zəririliyindən bəhs edib.
Ədəbiyyat Fondunun Baş Direktoru Varis Yolçiyev məlumat verib ki, 2024-cü ildә Mədəniyyət Nazirliyi tərəfindən "Qeyri-hökumәt tәşkilatları üçün qrant müsabiqәsi" elan olunub və qalib də Ədəbiyyat Fondunun "Yeniyetmә vә gәnclәrdә mütaliә mәdәniyyәtinin formalaşdırılması" layihәsi olub. Varis Yolçiyev onu da diqqətə çatdırıb ki, günümüzdә böyük әhәmiyyәt kәsb edәn bu layihәnin birinci mәrhәlәsindә gәnclәr üçün mütaliәnin faydaları barәdә yaddaş kitabçası olan "Mütaliə mədəniyyətini necə formalaşdırmalı" kitabı vә onların mütaliəsi üçün isə "Sizin üçün seçdik" adlı müasir әdәbiyyat antologiyası nәşr edilib. İkinci mәrhәlәdә isə məqsəd Respublikamızın şәhәrlәrindә auditoriyalarda görüşlәr keçirməkdir. Burada mövzu ilә bağlı müzakirәlәr aparılır, hər görüşdə nәşr edilәn kitabların hər birindən 125 nüsxə olmaqla iştirakçılara hәdiyyә edilir.
Çıxışçı artıq Bakıda və Sumqayıtda bu yöndə tədbirlərin keçirildiyini, Gəncədən sonra növbəti görüşün Qubada olacağını da diqqətə çatdırıb.
Daha sonra çıxış edən Azərbaycan Yazıçılar Birliyinin Gəncə bölməsinin sədri Xəzangül Hüseynova kitab sevgisinin ulu Nizami yurdunda əzəldən olmasına diqqət çəkib, burada gedən ədəbi proseslərdən, çıxan bədii kitablardan, Gəncə ədəbi mühitinin gəncliyə aşıladığı kitablara məhəbbətdən söz açıb.
Növbəti çıxışçı - Gəncə Dövlət Universtetinin Azad Həmkarlar İttifaqı Komitəsinin sədri Afaq Qasımova tədbrdə gənclərə paylanacaq bu iki kitabla tanış olduğunu qeyd edib, onların mümkün faydasından, gənclərin gələcək həyatlarındankı tərbiyəvi rolundan danışıb.
Daha sonra Gəncə Dövlət Universitetinin Azərbaycan və dünya ədəbiyyatı kafedrasının müəllimi, şair Vüsal İsgəndərov universitet tələbələrinin kitabla ünsiyyətə can atmalarını vurğulayıb, gənclərdə kitaba maraq oyatmağın müasir yollarından öz təcrübəsinə istinadən söz açıb.
Yerli ədəbi mühitin seçilən üzvü, şairə Zülfiyyə Yaqubova ürək sözlərini söyləyib, onda mütaliəyə marağı formalaşdıran amillərdən söz açıb, öz şerlərini səsləndirib.
Həmçinin universtetin filologiya fakültəsinin tələbələri - "Gəncliyin səsi" ədəbi birliyinin üzvü Amin Həsənov, Təhminə Kamalsoy və Amil İsmayılov öz şerləri ilə çıxış ediblər.
Tədbir interaktiv sual-cavab formasında davam edib, sonda hər bir tədbir iştirakçısına "Mütaliə mədəniyyətini necə formalaşdırmalı" və "Sizin üçün seçdik" kitabları hədiyyə edilib.
Tədbir foto-sessiya ilə başa çatıb.
Foto Coşqun Əliyevindir.
"Ədəbiyyat və incəsənət"
(28.10.2024)