Bakıda səfərdə olan Qəmər Adaları İttifaqının, eləcə də bu dövlətin beynəlxalq səviyyədə ərazisi kimi tanınan, lakin Fransa tərəfindən işğal edilən Mayot adasından nümayəndələrinin iştirakı ilə Nizami Kino Mərkəzində "Mayot. Ölüm adası" adlı sənədli film nümayiş etdirilib.
Olaylar.az xəbər verir ki, tədbirdə Bakı Təşəbbüs Qrupunun İcraçı direktoru Abbas Abbasov, sənədli filmi redaktoru Gülzar Mustafayeva, Qəmərin BMT-dəki sabiq səfiri Məhəmməd Toihiri çıxış edərək, Qəmər Adaları İttifaqının Mayot adasının Fransa tərəfindən qeyri-qanuni işğalı və işğalın ağır fəsadları haqqında tədbir iştirakçılarına geniş məlumat verib.
Filmdə Qəmər Adalarının 1975-ci ildə müstəqilliyini elan etdikdən sonra BMT-ə yekdilliklə qəbul edilməsi, Qəmər Adaları İttifaqının Anjuan, Böyük Qəmər, Mayot, Moheli adalarından ibarət olması və dövlətin ərazi bütövlüyünün bütün beynəlxalq təşkilatlar tərəfindən tanınmasına baxmayaraq, Fransanın qeyri-qanuni referendumlar keçirərək Mayot adasını işğal etməsi tarixi faktlarla nümayiş etdirilib.
Həmçinin, filmdə Fransanın Mayotda insan hüquqlarını ciddi şəkildə pozması, əhalinin sayını miqrantlar hesabına süni artırması və adanı Qəmər Adaları İttifaqından ayırması üzrə apardığı çirkin siyasət haqqında danışılır.
Tədbirdə Qəmər Adaları İttifaqından müxtəlif ekspertlər, hüquqşunaslar, hərakat rəhbələri, vətəndaş cəmiyyəti üzvləri, o cümlədən "Maore Komitəsi"nin üzvləri, Qəmər Adaları İttifaqının BMT-də, Cənubi Afrikada və digər regionlarda fəaliyyət göstərmiş səfirləri iştirak edirdilər.
Xatırladaq ki, 3 sentyabrda paytaxtımızda "Qəmər Adaları İttifaqının Mayot adasının Fransa tərəfindən qeyri-qanuni işğalı" mövzusunda beynəlxalq konfrans keçiriləcək.