“Füzuli dünyası” adlı ədəbi-bədii gecə keçirilib

Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq Bakı şəhəri, Xətai rayon 27 saylı tam orta məktəbdə təşkil edilən "Füzuli dünyası" adlı ədəbi-bədii gecə keçirilib. "Olaylar" xəbər verir ki, bu barədə millət vəkili Jalə Əhmədova məlumat verib: "Yeni Azərbaycan Partiyasının Xətai Rayon Təşkilatının sədri Vüqar Rəhimzadə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov, İdarənin Məktəbdənkənar fəaliyyətlərin təşkili sektorunun müdiri Günay Qurbanova, məktəb rəhbərləri, eləcə də müəllimlər və valideynlərin iştirakı ilə baş tutan tədbirdə çıxış edərək Məhəmməd Füzulinin Azərbaycan ədəbi-bədii fikrinin inkişafında müstəsna yer tutmasından, Yaxın və Orta Şərq ölkələri ədəbiyyatına mühüm təsir göstərməsindən danışdım.  Dahi mütəfəkkirin həyata və insana dərin məhəbbət aşılayan, daim gözəllik duyğusu ilə yaşamağa çağıran bədii-fəlsəfi irsinin Azərbaycan xalqının bəşər mədəniyyəti xəzinəsinə bəxş etdiyi misilsiz mənəvi sərvətlərdən olduğunu diqqətə çatdırdım. Qeyd etdim ki, dahi şairin ölkəmizdə 530 illiyinin qeyd edilməsi milli mədəni dəyərlərin qorunmasının bariz nümunəsidir. 

Tədbir, şagirdlərin ifasında Məhəmməd Füzulinin  çoxşaxəli yaradıcılığını əks etdirən ədəbi-bədii kompozisiya ilə davam etdi. Daha sonra Məhəmməd Füzulinin "Pənbeyi-daği-cünun içrə nihandır bədənim" qəzəlinin sədaları altında Azərbaycan Bayrağı səhnəyə gətirildi.
Yüksək səviyyədə təşkil olunan və böyük məmnunluq hissi keçirdiyim tədbirə dəvətinə görə məktəb rəhbərliyinə dərin təşəkkürlərimi bildirir, eləcə də Məhəmməd Füzulinin portretini çəkib mənə hədiyyə edən məktəbin şagirdi Axundov Fəttah balamıza  minnətdarlığımı bildirmək istəyirəm".

Alim Hüseynli

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31