ŞAİR İBRAHİM YUSİFOĞLUNUN POEMA YARADICILIĞINDA ULU ÖNDƏR HEYDƏR ƏLİYEV OBRAZI

Naxçıvan ədəbi mühitində özünəməxsus dəsti-xətti, zəngin yaradıcılığı və sənətkarlığı ilə tanınan qocaman şairlərimizdən biri İbrahim Yusifoğludur. Şairin yaradıcılığı vətənpərvərlik lirikası ilə zəngindir. Bu mənada akademik İsa Həbibbəylinin fikirlərinə istinadən qətiyyətlə deyə bilərik ki, şair İbrahim Yusifoğlunun vətəndaşlıq lirikası ilə zəngin yaradıcılığı ümumən Azərbaycan ədəbiyyatında vətəndaşlıq lirikasının zənginləşməsində böyük rol oynamışdır. Alim həmçinin yazır: "İbrahim Yusifoğlu milli şeirimizin istedadlı və daim axtarışlarda olan nümayəndələrindən biridir. O, şeiri vərdiş, yaxud mütaliədən çox istedadla təbii ilhamın axarında yazan şairlərdəndir. İstedad İbrahim Yusifoğluna həyatı və insanları şairanə şəkildə, poetik görkəmdə duymaqda və görməkdə bələdçilik edir. İbrahim Yusifoğlunda zəhmət faktoru istedad amili ilə vəhdətdədir. Uzaq dağ kəndində, təmiz və səfalı, çiçəkli, bulaqlı təbiətin qoynunda böyüyüb boya-başa çatan, bütün kənd uşaqları kimi mənsub olduğu ailənin təsərrüfat həyatında mükəmməl zəhmət dərsləri keçmiş İbrahim Yusifoğlunun yaradıcılığında istedad şeirin ruhu və qanadı, zəhmət isə mahiyyəti və bəzəyidir".

Şair İbrahim Yusifoğlu bir sıra poemaları ilə də ədəbi mühitin zənginləşməsinə xidmət göstərmişdir. "O, Günəş ömrüdür, sönməyəcəkdir", "Mənim inamımı güllələdilər", "Analı, anasız dünyam", "Sulara danışdım yuxularımı", "Armud ağacıyla yarımçıq dərdləşmələrim", "İydəli dərənin uşaqları" kimi poemaların müəllifi olan İbrahim Yusifoğlu bu poemalarda həm Naxçıvanın keçdiyi inkişaf yolu, müasirləşməyi və tərəqqi yolunda parlamağından bəhs açmış ("Bu nəğməm sənədi, doğma Naxçıvan"),  həm Azərbaycanın məruz qaldığı ən ağır, dəhşətli faciə olan Xocalı soyqırımndan ağrı ilə, kədərlə danışmış ("Mənim inamımı güllələdilər"), həm də övlad həyatında bir ilahə, Tanrıça qədər ucalan, ülviləşən və müqəddəsləşən Anadan ("Analı, anasız dünyam") bəhs etmişdir. "Armud ağacıyla yarımçıq dərdləşmələrim", "İydəli dərənin uşaqları" kimi poemaları isə avtobioqrafik, xatirə-memuar olması ilə seçilir, özünə oxunaqlılıq qazandırır. Bu tanınmış şairin "O, Günəş ömrüdür, sönməyəcəkdir" poeması isə Azərbaycan xalqının xilaskar oğlu, dahi lider heydər Əliyevə həsr edilmişdir.

"O, günəş ömrüdür, sönməyəcəkdir" poemasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin zəngin və mənalı ömründən, onun əbədiyaşar fəaliyyətindən bəhs olunur. Bir neçə hissədən ibarət olan poemada Heydər Əliyevin şəxsiyyət etibarilə öz ölkəsinə göstərdiyi misilsiz xidmətlər, gətirdiyi əvəzsiz nailiyyətlər və onun Azərbaycanın dövlətçilik tarixində oynadığı rol diqqət mərkəzinə gətirilmişdir. Poemanın "Ön söz" adlanan hissəsində şair bəhs açdığı şəxsiyyət haqqında oxucusuna məlumat verməyə, onun haqqında anlatmaya çalışır. Qeyri-adi şəxsiyyət, nadir insan haqqındakı məlumata uyğun olaraq bu hissədəki üslub, bədii vasitə də məhz o cür tərtib edilib. Mücərrəd bir məlumat tipi olan üslubdan istifadə edən şair "bir insan" kimi ifadəsi ilə bu mücərrəd şəxsiyyəti qeyri-adi əlamət və keyfiyyətlərindən bəhs etməklə təqdim etməyə başlayır. Şair bu nadir, görkəmli şəxsiyətin əlamətlərindən bəhs etdikcə oxucu bu nadir şəxsiyyətin məhz müdrik lider Heydər Əliyev olduğunu qətiyyətlə sezir. Burada deyilir:

Bir insan ömründən söz açıram mən,

Ö, günəş ömrüdür, sönməyəcəkdir.

Səadət verdiyi milyonlar qəlbən

Onun haqq yolundan dönməyəcəkdir.

...Bir insan ömründən söz açıram mən,

O, Heydər ömrüdür, sönməyəcəkdir.

Canıtək sevdiyi milyonlar qəlbən,

Onun haqq yolundan dönməyəcəkdir.

Əsəri sənədli poema da adlandırmaq olar. Müəyyən məqamlarda tarixi-xronoloji məsələlərlə bağlı müdaxilə edərək izahat verən və müəyyən sənədlər təqdim edən müəllif tarixi gedişatla ədəbi məzmunu əlaqələndirir. Şair Azərbaycana rəhbərlik etmiş Mircəfər Bağırov kimi rəhbərlərin cəlladlığı və xalqına vurduğu ağır zərbələri də dilə gətirir. Bununla müqayisədə Ulu Öndər Heydər Əliyevin hələ DTK-də işləyərkən xalqı üçün göstərdiyi misilsiz rəşadətlərdən oxuculara bəhs edilir. Onun Azərbaycanda rəhbərliyə gətirilməsi xalq üçün böyük bir tale payı olaraq qiymətləndirirlir. Bu baxımdan dahi liderin 1969-cu ildə siyasi hakimiyyətə gətirilməsini ayrıca təqdim edir və böyük pafosla bəhs edir:

1969-cu il...

Bir gün idi, günəşli gün,

Üzlər gülər, gözlər süzgün.

Qəlblər gəzdi xoş səda-ün,

Bərq də vurdu ləl-zərimiz,

Heydər gəldi rəhbərimiz.

Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra ölkədə başlanan inkişaf, dirçəliş, xalqın ona olan rəğbəti minnətdarlıqla qeyd edilir. Düşmənin Heydər Əliyevin rəhbərliyə gəlməsindən sarsılması, gizli niyyətlərinin gerçəkləşməməsi müəllif tərəfindən birbəbir oxucuya təqdim olunur.

Poemada qanlı 20 Yanvar hadisələrinin törədilmsəi, Heydər Əliyevin Azərbaycan xalqının böyük oğlu kimi bu dəhşətli hadisələri törədənlərə qarşı həyata keçirdiyi misilsiz işlər və s. təfərrüatla verilir. Şair bu hadisələrin dəhşətini, kədərini hiss etdirmək üçün janr dəyişdirərək bayatıdan da istifadə edir və özünün müəllifi olduğu bayatıları ilə poemanı həm forma, həm də məzmunca zənginləşdirmiş olur.

Ulu Öndər Heydər Əliyevin bu ağır günlərdə vətəninə gəlişi, Bakı şəhərində bu xalqın böyük oğluna qısqanclıqla yanaşılması, rəhbərlik tərəfindən doğma şəhərdə enişinə izn verilməmsi və dahi rəhbərin doğma torpağı Naxçıvana gəlişi böyük məhəbbət və həssaslıqla ərz edilir. Şair həm də bu həyati təzadı bədii təzadla təqdim etməyə üstünlük verir, konkret dövrün eybəcərliyini bədii təzad nümunəsində oxucunun diqqət mərkəzinə gətirir:

...Gəldi doğma Bakısına,

Yaşamağa yer istədi - vermədilər!

Söyləməyə söz istədi -

vermədilər!

Bir şəhəri tikən memar

evsiz qaldı.

Yüz cildlər yazan yazar

sözsüz qaldı!

Nadanların nadanlığı

Yaman ağır gəldi ona.

Səmaları yarıb gəldi

Ana yurdu Naxçıvana!

Onun qəfil gəlişindən

Yer üzünə ələndi zər.

Peyğəmbərtək qarşılandı

Naxçıvanda Ulu Öndər.

Bu dahi şəxsiyyətin Naxçıvanda həyata keçirdiyi misilsiz dövlətçilik tədbirləri - blokadaya salınmış Naxçıvanın və onun əhalisinin xilası, qonşu ölkələrlə, xüsusilə qardaş Türkiyə Cümhuriyyəti ilə birbaşa əlaqələrin yaradılması, Naxçıvanın ilk dəfə SSRİ imperiyasının tərkibindən çıxdığını rəsmən elan etməsi, Naxçıvan MSSR adından "Sovet Sosialist" sözlərinin təmizlənməsi, Naxçıvan Muxtar Respublikası Ali Sovetinin iclasında Naxçıvan Muxtar dövlətinin bayrağının dəyişdirlməsi, AXC-nin üçrəngli tarixi bayrağının varislik olaraq ilk dəfə Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edilməsi və başqa tədbirlər Azərbaycanın milli oyanışının nüvəsində dayanmaqla dövlət müstəqilliyinin əldə edilməsinə bilavasitə vəsilə olması poemanın bu hissəsində ümumiləşdirilmişdir:

Bu azadlıq savaşında

Yol yox idi daha geri.

Naxçıvanda məhv olurdu

İmperiya - SSRİ və s.

Azərbaycanın o vaxtkı vəziyyəti, vətəndaş qarşıdurması, xaosun yaratdığı parçalanma təhlükəsi və s. xatırladılmaqla bütün Azərbaycan xalqının Ulu Öndər Heydər Əliyevə birmənalı çağırışı, onun Azərbaycana rəhbərliyə təkidlə dəvət olunması səslənişi əsərdə qeyd edilməklə, həm də yeni hadisələrə giriş rolunu oynayır. Poemanın sonrakı hissələrində lirik-epik şəkildə Ulu Öndərin rəhbərliyi altında Azərbaycanda - Naxçıvanda, Bakıda və bütün bölgələrdə həyata keçirilən mislsiz işlər ümumiləşdirilmişdir. Beləliklə, şair İbrahim Yusifoğlunun "O, Günəş ömrüdür, sönməyəcəkdir" poemasında Ulu Öndər Heydər Əliyevin qurucu, inkişafetdirici siyasət və idarəçiliyi tərənnüm və əks olunmuş, xalqın xilaskar oğlunun möphtəşəm və əzəmətli obrazı yaradılmışdır.

Ramiz QASIMOV

AMEA Naxçıvan Bölməsinin əməkdaşı,

filologiya üzrə fəlsəfə doktoru, dosent

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31