Türk xalqları arasında mədəni və ədəbi körpülərdən quranlardan biri
4 Aprel 2023 10:57 MədəniyyətBöyük İsmayıl Qaspiralı "Millətə xidmət etmək istəyirsənsə, əlindən gələn işlə başla" deyirdi. Can dostumuz, istedadlı ədib, dəyərli fikir və qələm yoldaşımız Əkbər Qoşalı da əlindən gələni edərək ildən-ilə millətinə var gücü ilə xidmət etməkdədir.
Şair və yazıçı Əkbər Qoşalı ilə iyirmi il öncə Kırımda Poeziya Gecəsində tanış olmuşuq. Həmin vaxtdan sonra onun bəzi şeirlərini kırımtatarcasına uyğunlaşdırıb Kırımda çıxan "Ümid karvanı" dərgisində çap etdirirdim. Həmçinin mənim də bir sıra şeirlərim Bakıda yayınlanıb.
Əkbər Qoşalı Azərbaycan və bütün Türk dünyası üçün bir çox önəmli layihələri ardıcıl olaraq həyata keçirib. Onlardan biri də "Gəldik, gördük, yazdıq" layihəsi idi. Onun təşəbbüsü ilə 2012-ci ildə Türk dünyasının tanınmış şair və jurnalistləri Azərbaycana səfər edərək qardaş xalqın tarixi və çağdaş sosial-mədəni durumu ilə tanış oldu. O zaman, özəliklə, Qarabağ məsələsi əsas mövzuya çevrilmişdi və ona heç kəs laqeyd qalmadı. Onda "Azərbaycanın dərdi bizim dərdimizdir" deyirdik, indi isə "Azərbaycanım zəfəri bizim zəfərimiz oldu"! Həmin vaxt "Gəldik, gördük, yazdıq" layihəsi çərçivəsində ayrıca bir kitab da nəşr olundu.
Əkbər Qoşalı ilə təkcə Kırımda ya da Azərbaycanda deyil, Qırğızıstanda da Ədəbiyyat festivalında görüşmüşük. Harada olmasından asılı olmayaraq, o, özü bir, sözü bir olduğunu əməlləri ilə də göstərir. Hal-hazırda Əkbər Qoşalı Türk dünyasında, özəlliklə, yazıçılar arasında böyük bir çevrədə tanınan bir qələm sahibidir. O, türk xalqları arasında mədəni və ədəbi körpülərdən biridir desəm, mübaliğə etmiş olmaram.
Azərbaycanda öz ölkəsini, öz millətini, öz dilini və öz ədəbiyyatını bu qədər çox sevən, öz yurduna bu qədər çox sadiq olan Əkbərlər varsa, deməli, Azərbaycanın da istiqbalı, böyük gələcəyi var. Əkbər Qoşalıya bitib-tükənməyən uğurlar, sağlıq və yaradıcılıq yenilikləri diləyirəm! Türk dünyası tez zamanda daha da qüdrətlənsin, qardaşlar birləşsin!
Seyran SÜLEYMAN
"Yenı dünya" qəzetinin baş redaktoru,
Kırım-Tatar Yazıçılar Birliyi İdarə heyətinin üzvü
(Kırım, Ağməscid şəhəri)