Türk dünyasında bir Əkbər Qoşalı var

Mənim sevimli dostum, şair qardaşım Əkbər Qoşalının ismi olan yerdə türklük, vətən ruhu hakim olur. Əkbəri gəncliyindən tanıyıram. Onun nə qədər səmimi, dürüst şəxsiyyət olduğunu yaxşı bilirəm. Bizim ortaq çalışmalarımız çox olub. Bir insanı yaxından tanımaq üçün yola çıxmaq yetərlidir ki, həmin insanı yaxından tanıyasan. Əkbər yol insanıdır. Əkbərin belə olması təbiidir. Əkbər elə bir yerdə dünyaya göz açıb ki, orada dürüstlüyə, mərdliyə xüsusi önəm verilir. O, Azərbaycanın sazlı, sözlü yeri olan Tovuzda dünyaya göz açıb. Tovuz həmişə mərd insanlar yetişdirib. Onlar Azərbaycan dövlətçiliyinə və Türk dünyasına bağlı şəxsiyyətlər olublar. Əkbər Qoşalıda həmin şəxsiyyətlərin sırasında gedir.

...Onun bədii yaradıcılığında Qarabağ mövzusu xüsusi önəm daşıyır. Qarabağın işğal altında qalması Əkbəri çox rahatsız edirdi.  Şair "Qarabağ" şeirində yazırdı:

"Qarabağ!

Sən mənim alın yazım,

Mən bir qara qələmlə ağ kağıza nə yazım?

...Sabah Tanrı deməzmi:

Ya İnsan!       

Mən səni belə ha yaratmamışdım"...

Şükürlər olsun ki, Azərbaycanın Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusu Qarabağı azad etdi.

Əkbərin yaradıcılığında Türk dünyasına xidmət xüsusi xətt təşkil edir. O, Türk dünyasında böyük ədəbi, mədəni tədbirlərin təşkilatçılarındandır. Böyük tədbirlər, konfranslar keçirməklə, Türk birliyinə öz töhfələrini verib.  Fəxri başqanı olduğu Dünya Gənc Türk Yazarlar Birliyinin uğurlu layihələri Türk dünyasında yaddaşlarda dərin iz buraxıb.

Əkbər qardaşım gəncliyindən Türk birliyinə xidmət edir. Onu Türk dünyasız təsəvvür etmək mümkün deyil. Ömrünün çox hissəsi bu amala, ideyaya xidmətdə  keçib.  Əkbəri Türk dünyasında çox sevirlər və dəyər verirlər. Bunun canlı şahidi olmuşam. Türk dünyasının görkəmli insanları onun fikirlərinə xüsusi önəm verirlər. Bu diqqəti o, öz zəhməti ilə qazanıb. Çünki Türk birliyinə içdən bağlıdır. Belə olmasa idi, ona bu qədər dəyər verməzdilər.

Əziz dostum Əkbərin bu il 50 yaşı tamam olur. Ona həyatda cansağlığı diləyirəm. Əkbər hələ bundan sonra da canından çox sevdiyi Türk dünyasına xidmət edəcək.

Sayğılarla,

Hikmət ƏRƏN,

"EkoAvrasya"nın qurucu-başqanı,

Ankara- TÜRKİYƏ

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31