“ Cefri Verbakla bir gecə” adlı   maraqlı konsert baş tutdu - FOTO

XX əsrin 90-cı illərindən etibarən Azərbaycanın muğam incəsənəti bütün dünya dinləyicilərinin maraq dairəsində özünəməxsus yer tapıb. Muğamlarımızın sorağını alan əcnəbi ölkə musiqiçiləri bu sahədə öz addımlarını atmağa başladılar. Onlardan biri də ABŞ vətəndaşı Cefri Verbakdur. Cefri Verbak Amerika Muğam Cəmiyyətinin prezidenti, Azərbaycan muğamının tədqiqatçısı və kamança ifaçısıdır. O, hazırda xarici ölkələrdə və vətəndaşı olduğu ABŞ-da Azərbaycan muğamının ən fəal təbliğatçısıdır.

15 iyul   2021-ci il tarixindən "Qlobal Əməkdaşlıq və Analitik Araşdırmalar Mərkəzi" İctimai Birliyinin nəzdində fəaliyyət göstərən Beynəlxalq Multikultural Şəbəkənin " Fəxri Səfiri"dir.

Bu günlərdə  "Qlobal Əməkdaşlıq və Analitik Araşdırmalar Mərkəzi" İctimai Birliyinin təşkilatçılığı ilə Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında Azərbaycan mədəniyyətinin və musiqisinin təbliğatı ilə bağlı geniş fəaliyyət göstərən  Cefri Verbakla birgə əməkdaşlıq çərçivəsində  ilk  layihəmiz olan  " Cefri Verbakla bir gecə" adlı  konsert baş tutdu. Konsert  açılışı Cefri Verbokun  həyat və yaradıcılığına həsr edilmiş xüsusi video kliplə başladı.

Böyük alqışlarla qarşılanan  ifaçı tamaşaçıları "Salam, Bakı " ifası ilə salamlayıb, ürəkdən "Qarabağ , Azərbaycandır!" deyərək, zala xüsusi ovqat bəxş etdi. Konsertdə  sevilən ifaçı  tar, gitara, elektrik ud və kamançada   lirik kompozisiyaları ilə yanaşı, repertuarındakı  Bəstə-Nigar, Dilkeş, Çahargah, Şur,  Segah və digər  dillər əzbəri olan  muğam və mahnılarla tamaşaçıların qarşısına çıxdı.

Konsert boyu tamaşaçılarla səmimi ünsiyyət quran  Cefri Verbok hər bir ifası bitdikdən sonra, mahnı haqqında məlumat verərək, tamaşaçılarla  öz təəssüratlarını bölüşdü. Eyni zamanda tamaşaçıların  bir sıra suallarını cavablandırdı.Çıxışdan sonra Beynəlxalq Avrasiya Mətbuat Foundunun sədri Umid Mirzəyev fondun adından Cefri Verboka təşəkkürnamə təqdim edərək, ona yeni uğurlar arzuladı.

Tədbirin sonunda  "Qlobal Əməkdaşlıq və Analitik Araşdırmalar Mərkəzi" İctimai Birliyinin  sədri Xəyalə Məmmədova   Cefri Verboku Azərbaycan mədəniyyətinin təbliğində göstərdiyi fədakarlığa görə  Fəxri Diploma layiq gördü. Eyni zamanda yüksək səviyyədə iştirak etdiklərinə görə konsert iştirakçılarına  öz  dərin təşəkkürünü bildirdi.

Qlobal Əməkdaşlıq və Analitik
                                                        Araşdırmalar Mərkəzinin
                                                         Mətbuat Xidməti

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31