MƏMMƏD CƏFƏR CƏFƏROVUN ELMİ YARADICILIĞI

Akademik Məmməd Cəfər Cəfərovun "Bədii əsərləri" çapdan çıxıb[1]. Kitabın tərtibçisi və ön sözün müəllifi akademik İsa Həbibbəyli, redaktoru professor Tahirə Məmməddir.

"Kitabda ilk dəfə görkəmli elm xadimi, akademik Məmməd Cəfər Cəfərovun müxtəlif janrlarda bədii əsərləri oxuculara təqdim olunub" (Annotasiyasından).

Toplunun nəsr əsərləri, memuarlar, dram əsərləri, səhnəciklər, poeziya və publisistika bölmələrində: 10 hekayə, "Molla Nəsrəddin" guşəsi (yumoristik miniatürlər) adı altında 9 miniatür, 4 novella, 2 povest, "Xatirələr" adlı memuar, 2 dram əsəri, "Bəhlul və Nəsrəddinin söhbəti" adı ilə 10 səhnəcik, 5 şeir, 1 poema və 4 publisistika nümunəsi verilib.

Akademik İsa Həbibbəyli "Görkəmli elm xadiminin bədii yaradıcılığı" adlı geniş ön sözündə Məmməd Cəfər Cəfərovu humanitar və ictimai elmlərin universal bilicisi,  görkəmli ədəbiyyatşünas-alim və şəxsiyyət kimi təqdim edib. Onun ədəbi irsini xüsusi bölmələr üzrə səciyyələndirib.

Məmməd Cəfər Cəfərovun elmi yaradıcılığından bəhs edən İ.Həbibbəyli mütəfəkkir şəxsiyyəti ədəbiyyat tarixçisi,  nəzəriyyəsisi və tənqidçisi kimi səciyyələndirib. Vurğulayıb ki, Məmməd Cəfər Cəfərov elmi-ədəbi mühitdə "filosof-tənqidçi", "Azərbaycan ədəbiyyatşünaslığının Belinskisi" kimi qəbul olunub.

M.C.Cəfərov Azərbaycanda ədəbiyyat nəzəriyyəsi elmi məktəbinin yaradıcısıdır. Məmməd Cəfər Azərbaycan və Şərq romantizminin nəzəriyyəsini işləyib hazırlayıb, romantizm nəzəriyyəçilərinin yetişməsinə ustadlıq edib. Onun 1962-ci ildə "Hüseyn Cavid və Azərbaycan ədəbiyyatında romantizm" adlı monoqrafiyası romantizm estetikasının elmi-nəzəri prinsiplərinə həsr olunub. Problem milli romantizmin estetikası ilə bərabər, poetikası ilə vəhdətdə öyrənilib. Azərbaycan romantizminin tipologiyası və tarixi müqəddəratı dərin nəzəri həllini tapıb. "Azərbaycan ədəbiyyatında romantizm" monoqrafiyası isə Məmməd Cəfər Cəfərovu görkəmli ədəbiyyat nəzəriyyəçisi kimi şərtləndirib.

M.C.Cəfərov 1953-1981-ci illərdə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda çalışıb, uzun müddət Ədəbiyyat nəzəriyyəsi şöbəsinə rəhbərlik edib, nəzəriyyəçi alimlər yetişdirib. M.C.Cəfərov Azərbaycan ədəbiyyatı nəzəriyyəçisi alimlərinin ustadı və müəllimi olub.

İ.Həbibbəyli qiymətləndirib ki, "Azərbaycan elmində ədəbiyyat nəzəriyyəsi istiqamətində romantizm və realizm məsələlərinə, ənənə və müasirliyə, şeirşünaslığa və dram nəzəriyyəsi problemlərinə, bədii metod və üslub məsələlərinə həsr olunmuş bir çox ciddi elmi-tədqiqat əsərləri, monoqrafik tədqiqatlar Ədəbiyyat nəzəriyyəsi şöbəsinin, M.C.Cəfərov dövrünün nailiyyəti kimi meydana çıxıb"[2].

M.C.Cəfərov "Klassik romantizm ənənələrinə münasibətimiz", "Həyatda və ədəbiyyatda romantika", "Cavid yaradıcılığının sənətkarlıq xüsusiyyətləri", "Səni kim unudar" adlı əsərləri ilə Azərbaycan romantizminin bədii-estetik prinsiplərini müəyyənləşdirib. İ.Həbibbəyli ümumiləşdirib ki, "akademik Məmməd Cəfər Cəfərov romantizmi ilk dəfə... nəzəri səpkidə ... şərh edən" (Y.Qarayev), "Azərbaycan romantizmi elminin binövrəsini qoyan" (Elçin) elm xadimi kimi "Azərbaycan romantizmşünaslığının banisidir"[3].

Məmməd Cəfər Cəfərovun "Yeni həyat, yeni insan, yeni sənət", "İki qurultay arasında Azərbaycan uşaq ədəbiyyatı", "Azərbaycan ədəbi-bədii dilinin bəzi məsələləri haqqında", "Dil və müasirlik", "Məmməd Arif və onun Sovet ədəbiyyatı haqqında fikirləri", "Dastanşünaslıq" kimi əsərləri də nəzəri tədqiqatlardır,- İ. Həbibbəyli bu qənaətdədir. Tezisləşdirib ki: "Akademik Məmməd Cəfər Cəfərov Azərbaycanda ədəbiyyat nəzəriyyəçiliyini dərslik mərhələsinin elmi-nəzəri fikir səviyyəsinə qaldırıb"[4].

Nizami humanizmi, M.Füzuli poetikası, Mirzə Cəlil realizmi, Cavid fəlsəfəsi və romantizmi, S.Vurğun xəlqiliyi haqqında elmi-nəzəri əsərlərin müəllifi olan Məmməd Cəfər sənətkarı epoxası, mühiti, dünyagörüşü, ədəbi cərəyan, sənətin mahiyyəti, poetikası və fərdi üslubu ilə birlikdə təqdim edib.

"M.F.Axundzadə, C.Məmmədquluzadə, M.Ə.Sabir, N.Nərimanov, M.İbrahimov, Mir Cəlal, İ.Əfəndiyev və başqaları haqqında əsərləri ilə o, Azərbaycan realizminin sanballı tədqiqatçısı, nəzəriyyəçisi olduğunu nümayiş etdirib"[5].

Məmməd Cəfər Orta əsrlərin klassik romantik sənətkarlarına, yaxud XX əsr romantiklərinə fərdi özəlliyində, mənsub olduqları ədəbi cərəyanın ideya-estetik prinsipləri ilə birlikdə diqqət yetirib, klassik romantik poeziyanın ümumi və xüsusi cəhətlərini əsaslandırıb. "M.C.Cəfərov Nizami Gəncəvi yaradıcılığındakı humanizmi və ədaləti, İmadəddin Nəsimi sənətindəki həqiqətpərəstliyi və mənəvi kamilliyi, Məhəmməd Hadi şeirindəki bədii ümumiləşdirməni və ictimai məzmunu, Cəfər Cabbarlıdakı Azərbaycan gerçəkliyinin romantikasını həmin sənətkarların əsərlərinin aparıcı meyarı kimi diqqət mərkəzinə çəkməklə onlara məxsus ideya-sənətkarlıq xüsusiyyətlərini dəqiq müəyyən edib"[6].

Məhəmməd Füzuliyə həsr olunmuş məşhur "Füzuli sevir" silsiləsində M.C.Cəfərov böyük sənətkarın mükəmməl elmi obrazını yaradıb. "Füzuli sevir" silsiləsi ilə qəlb şairinin həm qüdrəti, həm də lirikasının özünəməxsusluğu zərgər dəqiqliyi ilə təhlil edilib müəyyənləşdirilib"[7].

Məmməd Cəfər müəllim həmişə sənətin daxili qanunauyğunluqlarından ədəbiyyata baxıb, onun öz problemləri, istiqamətləri, forma, üslub və struktur fərdiyyətindən çıxış edib.

İsa Həbibbəyli hesab edib ki, M.C.Cəfərov ədəbiyyat tarixi, ədəbi tənqid, folklor və ədəbi əlaqələrdən bəhs edəndə də məsələyə ədəbiyyat nəzəriyyəçisi kimi yanaşıb. Alimə görə, "Nizami yaradıcılığında humanizm", "Füzuli sevir" silsiləsi, "Səni kim unudar" məqaləsi, "Cabbarlının romantikası", habelə, Hüseyn Cavidə, Səməd Vurğuna həsr edilmiş məqalələrində üstün mövqe nəzəriyyəçilikdir. İ.Həbibbəyli "Nizami yaradıcılığında humanizm" əsərini Nizamişünaslıqda, Füzuliyə həsr edilmiş silsiləni Füzulişünaslıqda, Cavidə həsr olunanmuş məqalələri Cavidşünaslıqda, "Ünvansız məktub"u Vurğunşünaslıqda, "Əməlpərvər ədib"i  M.İbrahimovşünaslıqda elmi hadisə hesab edib.

Məmməd Cəfər Cəfərov "Mirzə Fətəli Axundzadənin ədəbi-tənqidi görüşləri" mövzusunda namizədlik dissertasiyası müdafiə edib (1944). Görkəmli alim M.F.Axundzadəni filosof və tənqidçi kimi səciyyələndirib. 1962-ci ildə isə haqqında  "Mütəfəkkirin şəxsiyyəti" adlı nəzəri tədqiqatını yazıb. M.C.Cəfərov Səməd Vurğun yaradıcılığına da xüsusi münasibət bildirib.

M.C.Cəfərovun Azərbaycan ədəbiyyatı tarixçiliyində mühüm xidmətləri vardır. O, ədəbiyyat tarixçiliyinə xronoloji yox, çoxəsrlik ədəbi prosesin vahid sistemi kimi baxıb. Yaşar Qarayev yazıb: "Azərbaycanda akademik ədəbiyyatşünaslığın inkişafında Məmməd Cəfərin iştirakı, elmi və təşkilati fəaliyyəti əlamətdardır. O, demək olar ki, bütün ədəbiyyat tarixlərinin müəlliflərindən və təşkilatçılarından biridir"[8].

"Hüseyn Cavid" monoqrafiyası XX əsrin 50-ci illərinin axırlarında yazılıb. "Monoqrafiyada Hüseyn Cavidin ömür yolu, əsərlərinin yazılması, nəşri və tamaşaya qoyulması, ideya və məzmunu kimi məsələlər yığcam şəkildə ədəbiyyat tarixçiliyi səpkisində təqdim olunub, ədəbi irsinin mahiyyəti, sənətkarlıq xüsusiyyətləri, poetikası isə ədəbiyyat nəzəriyyəçiliyi baxımından şərh edilib. Bu mənada "Hüseyn Cavid" monoqrafiyası Hüseyn Cavid sənətinin tarixi poetikasına həsr edilmiş orijinal tədqiqat əsəridir. Eyni zamanda Cəlil Məmmədquluzadə barəsində yazılıb bir neçə dildə çap edilmiş elmi əsəri də mirzəcəlilşünaslığın şah əsərindən biri kimi qəbul olunur"[9].  Alimin M.Ə.Sabir, M.S.Ordubadi, Ə.Qəmküsar və E.Sultanova aid əsərləri də onun realizminin əsaslı nümunələrindəndir.

İ.Həbibbəyli Məmməd Cəfər müəllimin"XIX əsr rus ədəbiyyatı" adı 3 cildlik dərsliyini də ədəbiyyat tarixçiliyi ilə nəzəriyyəçiliyinin qovuşduğu ali məktəb dərsliyi hesab edib. Kitabda həm də ədəbi cərəyanlar, dərnəklər, yeni janrlar və üslublar haqqında nəzəri məsələlərdən də bəhs olunub. Alimin "Rus ədəbiyyatı tarixi oçerkləri" (1939), "Aleksey Nikolayeviç Ostrovski" (1948), "A.İ.Gertsen" (1954), "Azərbaycan-rus ədəbi əlaqələri tarixindən" (1964), "Rus klassikləri" (1964), "Taras Şevçenko" (1964), "N.A.Nekrasov" (1971) barəsində kitabları da Azərbaycan-Rusiya ədəbi əlaqələrinin tarixi və ənənəsi, habelə, şəxsiyyətlərinə aid tədqiqatlar kimi dəyərləndirilib.

M.C.Cəfərovun maraq dairəsi humanitar və ictimai elmlərin ədəbiyyat nəzəriyyəsi, ədəbi tənqid, ədəbiyyat tarixçiliyi, folklorşünaslıq, dilçilik, estetika, tarix və teatrşünaslıq sahələrini əhatə edib.

İ.Həbibbəyli ümumiləşdirib ki, "Akademik M.C.Cəfərovun zəngin elmi irsi Azərbaycanda fundamental akademik ədəbiyyatşünaslığın və elmdə universallığın klassik nümunəsidir. M.C.Cəfərovun simasında universallıqla professionallıq bir-birini tamamlayıb"[10]...

Məmməd Cəfər Cəfərovun yeni kitabı xeyirxahlıq, qədirşünaslıq nümunəsidir. Akademik İsa Həbibbəylinin ustadına sədaqəti və borcu, bədii fikrin inkişaf tarixinə hörmət və sayğısı, habelə, nüfuzlu Ədəbiyyat İnstitutunun korifeyləri və onun şərəfli ənənlərinə ehtiramının ifadəsidir.

Əlizadə Əsgərli

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

[1] Məmməd Cəfər Cəfərovun "Bədii əsərləri". Bakı, "Elm və təhsil," 2022, 918 s.

[2]İ. Həbibbəyli. Görkəmli elm xadiminin bədii yaradıcılığı. Məmməd Cəfər Cəfərovun  bədii əsərləri. Bakı, "Elm və təhsil," 2022, s. 13

[3]İ. Həbibbəyli. Görkəmli elm xadiminin bədii yaradıcılığı. Məmməd Cəfər Cəfərovun  bədii əsərləri. Bakı, "Elm və təhsil," 2022, s.13

[4]İ. Həbibbəyli. Görkəmli elm xadiminin bədii yaradıcılığı. Məmməd Cəfər Cəfərovun  bədii əsərləri. Bakı, "Elm və təhsil," 2022, s.11

[5]İ. Həbibbəyli. Görkəmli elm xadiminin bədii yaradıcılığı. Məmməd Cəfər Cəfərovun bədii əsərləri. Bakı, "Elm və təhsil," 2022, s.12

[6]İ. Həbibbəyli. Görkəmli elm xadiminin bədii yaradıcılığı. Məmməd Cəfər Cəfərovun  bədii əsərləri. Bakı, "Elm və təhsil," 2022, s.12

[7]İ. Həbibbəyli. Görkəmli elm xadiminin bədii yaradıcılığı. Məmməd Cəfər Cəfərovun  bədii əsərləri. Bakı, "Elm və təhsil," 2022, s.12

[8] İ. Həbibbəyli. Görkəmli elm xadiminin bədii yaradıcılığı. Məmməd Cəfər Cəfərovun bədii əsərləri. Bakı, "Elm və təhsil," 2022, s.15

[9] İ. Həbibbəyli. Görkəmli elm xadiminin bədii yaradıcılığı. Məmməd Cəfər Cəfərovun bədii əsərləri. Bakı, "Elm və təhsil," 2022, s.15

İ. Həbibbəyli. Görkəmli elm xadiminin bədii yaradıcılığı. Məmməd Cəfər Cəfərovun bədii əsərləri. Bakı, "Elm və təhsil," 2022, s.16

 
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31