MÜSTƏQİLLİK DÖVRÜ TARİXİ ROMANININ YARADICISI

Elnarə Qaragözova

Fil.f.d.,

 AMEA Nizami Gəncəvi adına

 Ədəbiyyat İnstitutunun

 aparıcı elmi işçisi

Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı ədəbiyyatımızın öz polifonikliyi ilə seçilən dövrüdür. Milli ədəbiyyatımızın  XX əsrin sonu XXI əsrin əvvəllərinə təsadüf edən bu dövrü ictimai-siyasi baxımdan olduqca mürəkkəb bir dönəmin nəticəsi kimi meydana çıxmışdır.

Bu dövrdə ilk etapda ədəbi prosesdə öncə durğunluq, daha sonra isə təlatüm yaşandı. Sosrealizmin qəfildən ədəbi arenadan çıxması, baş verən ictimai-siyasi dəyişikliklər, xalqımızın yaşadığı ağrılı və itkili dönəm, azadlığın, suverenliyin əldə edilməsi, keçid dövrünün çətinlikləri, daha sonra isə siyasi sabitlik və iqtisadi inkişafın gətirdiyi yeniliklər öz təsirini ədəbiyyatda da tapdı.

Bəhs edilən dövrdə ədəbiyyata gələn yeni mövzulardan biri tarixi köklərə qayıdış mövzusu  idi. Bu mövzu isə birbaşa türkçülük, azərbaycançılıq ideologiyası ilə sıx bağlıdır. Doğrudur, milli kökə qayıdış, azərbaycançılıq və türkçülük elementlərinin ədəbiyyatda aydın şəkildə əksinə daha öncəki dönəmdə - 70-80-ci illərdə rast gəlinirdi. Lakin müstəqillik dövründə bu mövzuların bədii mətnlərdə qabardılması üçün daha çox imkan yarandı.

Təbii ki, müstəqil dövlətin aparıcı ideologiyası və məramı da azərbaycançılıqla bağlı olduğu üçün bu mövzuda əsərlərə də xüsusi  diqqət yetirilməyə başlandı. Oxucuların da bəhs edilən mövzulara marağı yüksək idi. Çünki 70 il ərzində susdurulan xalq öz milli köklərinə qayıdırdı.

Bu tarixi, məsuliyyətli etapda bədii ədəbiyyatın üzərinə böyük yük düşürdü. Ədəbiyyat həm dünya arenasında olan ədəbi tendensiyaları izləyərək reaksiya verməli, həm də milli kökə qayıdışa, milli yaddaşa hesablanmış mətnlər yaratmalı idi.

Milli kök və milli yaddaşla bağlı məqamlar müxtəlif janr və cərəyanlara mənsub əsərlərdə öz əksini tapıb. Lakin bu aspektdə tarixi roman janrının üzərinə daha böyük məsuliyyət düşürdü. Birbaşa tarixi faktları mətnə gətirməyin qeyri-mümkünlüyü fonunda əsil tarixi həqiqəti söyləmək ehtiyacı və vacibliyi tərs mütənasib görünürdü. Bu baxımdan  tarixi romanlar müəllifi Yunus Oğuzun yaradıcılığının Azərbaycan ədəbiyyatında müstəsna mövqeyini qeyd etməliyik. Çünki, Yunus Oğuzun yaradıcılığında bu tərs-mütənasiblik öz uğurlu həllini tapdı. Yunus Oğuzun tarixi romanlarında həm tarixi həqiqət qorunur, həm də bu tarixi həqiqət oxucuya bədii qiyafədə təqdim olunur.

Yaradıcılığa poetik mətnlərlə başlayan Yunus Oğuzun şeirlərində milli kökə bağlılıq, vətənpərvərlik, səmimilik sonralar onun tarixi romanlarında verdiyi dialoqlardakı, monoloqlardakı bədii siqlətli elementlərdə, esselərində  öz izlərini qoruyub saxlamışdır. Yazıçı poetik yaradıcılığını bu gün də davam etdirir. Onun 2020-ci ildə ali baş komandan İlham Əliyevə həsr etdiyi "Dövlət mənəm" şeiri buna bariz sübutdur.

Lakin Yunus Oğuz hər şeydən öncə nəsr ustasıdır. Onun ilk nəsr ekperimenti olan "Qadın ulduzu" povesti 80-ci illərin sonundakı Azərbaycanın realist bədii səciyyəsidir. Uşaqlıq illərinin fəlsəfi düşüncə örütüyünə bürünmüş təsviri ilə başlayan əsərin əsa qəhrəmanı Ulduzədir. Müəllif Ulduzənin taleyi fonunda keçmiş rejimin mahiyyətini oxucuya çatdırmağa nail olur.

Yunus Oğuzun nəsrində esse və felyetonlar da mühüm mövqeyə malikdir. Yazıçının esselərinin ümumi səciyyəsinə nəzər saldıqda bu kiçik mətnlər vasitəsilə onun böyük mətləbləri incəliklə çatdırmaq məharətinə heyran qalmamaq mümkün deyil.

Felyetonlarda isə əsas iki xətt diqqəti cəlb edir. Bu xətlərdən biri Həsən bəy Zərdabidən, Əbdürrəhim bəy Haqverdiyevdən  gələn maarifçilik xəttidir. Bu xəttə daxil olan felyetonlarda Yunus Oğuz Mirzə  Səfər kimi Həsənağanın qohumları ilə mübarizə aparır. Digər xətt isə Mirzə Cəlil tənqidi realizmindən qaynaqlanan kəskin tənqidi-sarkastik mətnlərin toplusudur. Bu felyetonlarda Yunus Oğuz Mirzə Cəlil kimi sözü qılınca çevirib naqis məqamları düzəltməyə,irinləmiş yaraları kəsib atmağa çalışır.

Yunus Oğuz yalnız poeziya və nəsrdə deyil, dramaturgiyada da öz sözünü demiş yazıçıdır. O, üç pyesin - "Attila", "Nadir şah" və "Altun dəftər" pyeslərinin müəllifidir. Hər üç pyes tarixin həlledici məqamlarının dramatutji həllini özündə əks etdirir.

Yunus Oğuzun "Nadir şah" romanı Azərbaycan tarixinin təlatümlü və həlledici bir dövrünü işıqlandırır. Səfəvilərin hakimiyyətinin zəiflədiyi və vətənimizin parçalanaraq məhv olma təhlükəsi ilə üz-üzə qaldığı bir məqamda Nadir xan Əfşar tarixi bir addım ataraq özünü şah elan edir və beləliklə Azərbaycanı paramparça olmaq prosesini bir qədər ləngitməyə nail olur. Tarixdə və ədəbiyyatda Nadir şah haqqında təzadlı fikirlər və münasibət mövcuddur. Uzun müddət bu böyük sərkərdə bizə qaniçən, qəddar, hakimiyyəti qəsb edən kimi təqdim olunmuşdur. Yunus Oğuz "Nadir şah" romanı ilə Azərbaycan ədəbiyyatında və tarixində bir ilkə imza atır. Yazıçı Nadir şahın hekayətini tarixi mənbələrə əsaslanaraq yenidən yaradır. Nadir şahın türk kökünü, onu da "seçilmiş" olmasını, böyük Turan ideyasını gerçəkləşdirmək üçün apardığı mübarizəni, daxilində yaşadığı ağrılarını böyük ustalıqla mətnə çevirməyə nail olan Yunus Oğuz bu  tarixi romanı ilə Nadir şaha əbədi abidə ucaltmışdır.

"Təhmasib şah" romanında Şah İsmayılın ölümü ilə taxta çıxan onun oğlu Təhmasibin, yeniyetmə bir hökmdarın yolu işıqlandırılır. Əsər boyu Səfəvilər səltənətinin inkişaf tendensiyaları fonunda insan taleləri təqdim olunur. Dərviş və göy qaşlı üzük əhvalatı ilə Yunus Oğuz təriqət və gizli təşkilat məsələlərini önə çəkir. İstənilən halda ideologiya olmadan dövləti nə qurmaq, nə də qorumaq mümkün deyil. Səfəvilər xanədanını da ayaqda tutan məhz bu ideologiya idi.

"Səfəvi Şeyxi" romanında isə Yunus Oğuz Səfəvilərin ideologiyasının mahiyyətini və tarixini açır. Şeyx Cüneydin obrazını romanın əsas qəhrəmanına  çevirməklə Yunus Oğuz Azərbaycan ədəbiyyatında ideoloq obrazının yeni versiyasını yaratmışdır.Əsərdə Şeyx Cünyedlə yanaşı Şeyx Səfiəddinin də obrazının verilməsi bu təriqətin və sülalənin tarixinin, missiyasının və dövlətçiliyimizdə rolunun açılmasında mühüm addımdır.

"Şah arvadı və cadugər" romanında artıq Səfəvilər dövlətinin növbəti dövrünə bədii səyahət təqdim olunur. Bu romanda Səfəvilər sülaləsinin təşəkkülündə əsas rol oyanmış və onun əsasını təşkil edən türk tayfalarının hakimiyyətdə mövqeyinin zəifləməsinin ilkin etapından bəhs olunur. Məhəmməd Xudabəndənin hakimiyyəti, Məhdi Ülyanın (Xeyransanın) fitnələri, hakimiyyət uğrunda ikitirəli mübarizə əsərin əsas xəttini təşkil edir. Yunus Oğuz bu romanda maraqlı bir gediş edərək əsərin üst qatına tarixi olayları deyil əndərunda - daxildə baş verən hadisələri çəkir. Müəllifin romana gətirdiyi Cadugər obrazı mətnə mifik-mistik əhval gətirərək oxucuda maraq yaradır. Bu obrazın köməyi ilə Xeyransanın murdar xisləti daha aydın görünür.

"Səfəvi Şeyxi", "Təhmasib şah" və "Şah arvadı və cadugər" romanları əslində trilogiya da hesab edilə bilər. Hər üç əsər Səfəvilər dövlətinə həsr olunub. "Səfəvi şeyxi" romanında dövlətin əsasını təşkil edən səfəvilər ideologiyasının yaranması, "Təhmasib şah" romanında dövlətin I Şah İsmayıldan sonra tutduğu siyasi xətt, idarəetmə meyarları, "Şah arvadı və cadugər" romanında isə Səfəvilər sülaləsinin türk başlanğıcından ayrılaraq farslaşmağa doğru inkişafı və zəifləməsi əks olunub.

"Sultan Alp Arslan" romanında səlcuqların hakimiyyətinin ilkin dövrü bədii güzgüdə oxucuya təqdim olunur. Romanın əsas obrazı olan Sultan Alp Arslanın böyük türk hökmdarı və sərkərdəsi kimi Böyük Turan yolunda atdığı addımlar işlandırılır. Yunus Oğuzun əsərə gətirdiyi Dəmirçi Murad obrazı daha sonralar onun bir sıra əsərlərinin əsas qəhrəmanına çevrilir. "Seçilmişlər"dən olan Muradın  bu əsərdə missiyası Sultan Alp Arslanın qələbələrinə texniki baxımdan yeni olan silahlarla yardım etməkdir. Əsərdə xaşxaşilər və onların iqamətgahı olan Ələmut qalası Dədələrin məskən saldıqları Savalan dağına qarşı qoyulur. Şər yuvası ilə Xeyir məskəni arasındakı mübarizə fonunda türk tarixinin bir dönəmini qələmə alan Yunus Oğuz bu əsərində də Azərbaycanla bağlı məqamlara toxunur. Bu məqamlar sadəcə Dədələrin məskən saldığı Savalan dağı və Usta Murad obrazı ilə məhdudlaşmır. Yunus Oğuz Sultan Alp Arslanı Azərbaycana, Bakıya gətirərək Böyük Turanın konturlarını bir daha dəqiqləşdirir.

"Atabəy Eldəniz" romanında Səlcuqlar dövlətinin zəiflədiyi dövrdən və bu zaman Azərbaycanda onların mənəvi varisi olan Atabəylər dövlətinin yaranmasından bəhs olunur. "Atabəy Eldəniz" romanını mövzu baxımından "Sultan alp Arslan" romanının davamı hesab edə bilərik. Atabəylər dövləti Səlcuqlardan Böyük Turan ideyasını miras olaraq alaraq tarixin növbəti etapına daşıyır. Bu əsərdə də xaşxaşilər və Baş Dədə obrazı ilə qarşılaşırıq. Bu dəfə "seçilmiş" funksiyasını Atabəy Eldəniz və Mömünə xatun icra edir.

Ümumtürk tarixinin ədəbiyyatda işıqlandırılması baxımından Yunus Oğuzun "Əmir Teymur" və "Çingiz xan" romanları böyük əhəmiyyətə malikdir. Qərbin "işğalçı", "qaniçən", "varvar" damğası vurduğu, hər zaman istər bədii, istərsə də elmi mənbələrdə yanlış təqdim etdiyi bu iki böyük sərkərdə Yunus Oğuzun romanları ilə layiq olduğu qiyməti alır. "Əmir Teymur" romanı yazıçının şah əsəri hesab oluna bilər. Bu roman yalnız bədii əsər kimi deyil, tarixi mənbə, hərbi dərslik kimi də böyük dəyərə malikdir. "Çingiz xan" romanında isə yazıçı bu hökmdar-sərkərdənin keçdiyi yolu və onun türk tarixində yerini mükəmməl şəkildə göstərməyə nail olmuşdur. "Yeni düzən"in başlanğıcını qoyan Çingiz xan və "Böyük Turan"ın ən böyük ideoloqu, icraçısı olan Əmir Teymur obrazları vasitəsilə tariximizin əsas etapları və dərsləri bədii mətn vasitəsilə əbədiləşdirilmişdir.

"Uçurum" romanı Yunus  Oğuzun yaradıcılığında əlahiddə yer tutur. Belə ki, bu roman birbaşa tarixi mövzuya həsr edilməmişdir. Romanın əsas ideyası narkoticarətə və narkomaniyaya qarşı mübarizənin işıqlandırılmasıdır. Lakin Yunus Oğuz bu romanda da bir sıra əsərlərində istifadə etdiyi retrospeksiya və paralel zaman, reinkarnasiya elementlərindən istifadə edərək mövzunun tarixi siqlətini ortaya qoyamağa nail olur. XX əsrin sonu XXI əsrin əvvəlləri Azərbaycanla XVI əsr Azərbaycanını paralel zaman kəsiyində təsvir edən yazıçı bu bəlanın kökünü və mahiyyətini aça bilir. Əslində əsrlər boyu əsas məqsəd bu uyuşdurucu maddələrlə genefondumuzu məhv etmək, gözəl vətənimizi parçalayıb sahib olmaq niyyətidir. Bu mənfur niyyətin icraçıları isə ermənilər və onların fitnəsinə uyan erməni xislətlilərdir.

Yunus Oğuzun "Ovçu" romanı müasir Azərbaycan tarixinə həsr edilmişdir. 2016-cı ilin aprel döyüşləri müasir Azərbaycan tarixinin dönüm nöqtəsi idi. Məhz həmin döyüşlər xalqın öz dövlətinə və ordusuna sevgisini, inamını, Qarabağı azad etmək qüdrətini parlaq şəkildə əks etdirdi.  Əsərin baş qəhrəmanı şəhid Murad Mirzəyev Yunus Oğuzun digər əsərlərində vəsf etdiyi "seçilmiş" Muradın real təcəssümüdür.

Yunus Oğuzun 2022-ci ildə qələmə aldığı "Cığır" romanı 44 günlük Vətən müharibəsinin bədii salnaməsidir. Bu əsərdə biz yenidən Murad obrazı ilə qarşılaşırıq. Bu dəfə Yunus Oğuz Muradın tarixdəki əsas missiyasını açıqlayır. Şuşanın açarı olan cığırın son qoruyucusu olan Nəsrəddin Murad öz missiyasını yerinə yetirir, Şuşa azad olunur. 44 günlük Vətən müharibəsinin əsası 2016-cı il döyüşlərində qoyulduğu kimi  "Cığır" romanının da əsasını "Ovçu" romanı təşkil edir. Bu səbəbdən bu iki romanı dilogiya kimi də təqdim edə bilərik.

Yunus Oğuzun yaradıcılığının ana xəttini tarixi roman janrı təşkil edir. Onun tarixi romanlarında minillik tariximiz bədii sözün qüdrəti ilə yenidən canlanır. Yunus Oğuz gənc nəslə tariximizi çatdırmaqla, təbliğ etməklə önəmli bir missiyanı yerinə yetirir.

Tarixi roman yazan yazıçının önündə hər zaman iki  seçim olur: ya o tarixi faktı əsas götürüb bədii boyalarla əks etdirməlidir, ya da alternativ tarix variantını təqdim etməlidir. Alternativ tarix variantında yazıçı tarixdən yazsa da, tarixi hadisələri, obrazları öz təxəyyülünə uyğun dəyişərək təqdim edir. Əlbəttə, belə əsərlə gündəmə gəlmək daha asandır. Lakin bu əsərlər naşı  qələmin məhsulu olduqda xalqın milli dəyərlərinə, yaddaşına və ideologiyaya zərbə vura bilər. Yunus Oğuz isə öz missiyasına sadiq qalaraq əsərlərində tarixi bütün dərinliyi ilə, mənbələrə əsasən təqdim edir. Lakin, onu elə təqdim edir ki, əsərin bütün bədiiliyi, rəngləri yerli -yerində olur. Bu səbəbdən  oxucu Yunus Oğuzun tarixi romanlarını həəvslə oxuyur, onun tarixə baxışını qəbul edir, onun tarixi təhrif etmədiyinə inanır və öz tarixini sevir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31