Binəqədi şəhidlərinin xatirəsinə həsr olunmuş “ƏBƏDİYYƏTƏ QOVUŞANLAR” kitabının təqdimatı keçirilib
7 Aprel 2022 10:13 MədəniyyətƏmək və Sosial Münasibətlər Akademiyasının akt zalında Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımıı ilə, "İnkişaf" Yerli Özünüidarəetmənin Təşviqi İctimai Birliyi tərəfindən "Şəhidlərimizi tanıyaq və tanıdaq" layihəsi çərçivəsində hazırlanaraq nəşr olunmuş, Binəqədi şəhidlərinə həsr olunan "Əbədiyyətə Qovuşanlar" kitabının təqdimat mərasimi keçirilmişdir.
Tədbirdə Şəhid ailələri, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin, Binəqədi Rayon İcra Hakimiyyətinin, Binəqədi rayon ictimaiyyətinin, KİV-in nümayəndələri və "İnkişaf" Yerli Özünüidarəetmənin Təşviqi İctimai Birliyinin İdarə Heyətinin üzvləri ştirak edirdi.
Tədbiri giriş sözü ilə " İnkişaf" Yerli Özünüidarəetmənin Təşviqi İctimai Birliyinin İdarə Heyətinin sədri Kənan Tağızadə açdı.Şəhidlərimizin ölməz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Kənan Tağızadə qeyd etdi ki, 44 günluk Vətən müharibəsində Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə möhtəşəm qələbə qazanmışdır. Vətən müharibəsində ordumuz 3 minə yaxın şəhid vermişdir. Həmin şəhidlərin 71 nəfəri Binəqədi rayonunda yaşayan və eləcə də faktiki olaraq Binəqədidə yaşayıb digər rayonlardan səfərbər olunan şəxslərdir.Şəhidlərimizi tanımaq və tanıtmaq, eləcə də şəhidlərimizin qəhrəmanlığını gələcək nəsillərə ötürmək üşün belə bir toplu hazırlamaq qərarəına gəldik. Təşəbbüsümüz barədə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə müraciət etdik. Agentlik təşəbbüsümüzü dəstəklədi və biz dərhal işə başladıq. Budur, kitab hazırdır və biz indi kitabın təqdimatına yığışmışıq.
Kitabın ideyasının və ön sözün müəllifi Ramiz Göyüşov bildirdi ki, İkinci Qarabağ müharibəsi Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazıldı. Qarabağ müharibəsi zamanı "torpaq", "Vətən", "bayraq", "igidlik", "vətənpərvərlik", "dostluq", "milli həmrəylik" kimi dəyərlərin xalqın dünyagörüşündə xüsusi yer tutduğunun bir daha şahidi olduq. 2016-ci il Aprel döyüşləri bizim Şanlı Qələbəmizə gedən yolun başlanğıcı oldu. 27 sentyabr 2020-ci il tarixində rəşadətli Azərbaycan Ordusu Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə işğal altında olan torpaqlarımızı azad etmək məqsədilə əks-hücum əməliyyatına - Zəfər yürüşünə başladı. 44 günlük Vətən savaşı 30 illik işğala son qoymaqla tarixə Böyük Zəfər kimi yazıldı. Bu Zəfərin qazanılmasında minlərlə Vətən oğlu qəhrəmanlıq, igidlik nümunələri göstərdilər. Bütün cəsur oğullar kimi Binəqədi rayonunun gənc, cəsur, qəhrəman oğulları da 44 günlük Vətən müharibəsində şücaət göstərərək öz canlarını torpaq uğrunda qurban verdilər. Onlar öz qəhrəmanlığı, mübarizliyi və rəşadəti ilə Azərbaycanımızı dünyada tanıtdılar.
...İndi bizi Vətən müharibəsindəki tarixi qələbəmizdən ilyarıma yaxın vaxt ayırır. Gənclərimizin hazırladığı toplu artıq hazırdır. Bu toplu artıq şəhidlərimizin doğmalarına paylanmışdır. İndi şəhidlərimizin doğmaları və hər bir oxucu kitabı varaqladıqca bu işin nə qədər çətin, çətin olduğu qədər də kövrək, xeyirxah və müqəddəs bir iş olduğunu hiss edəcəkdir...
Bu toplunu hazırlayanda nələrin şahidi olduq: İlk növbədə şəhidlərimizin ailə üzvlərindən ən əziz varlığını itirmiş ananın, atanın, övladın, bacının, qardaşın içində bir böyük kədərlə yanaşı, həm də müqəddəs bir savaşda, müqəddəs bir Zəfərin sevinc hisslərini duymamaq mümkün deyildi.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Əsgəri 30 illik həsrətə son qoymuş, torpaqlarımızı yağı düşməndən azad etmiş, ordumuz zəfər çalmışdı.
Biz Azərbaycan Əsgərinin bu igidliyindən, qəhrəmanlığından, rəşadətindən nə qədər danışsaq da, yazsaq da, nə qədər yüksək dəyər versək də, azdır. Şəhidlərimizin hər biri Vətənimiz Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək, düşmənin cavabını vermək üçün canlarından keçməyə hazır idilər.Necə ki, keçdiləır.
Bu toplunu hazırlayanda biz əbədiyyətə qovuşan bu mələklərdə Vətənə böyük məhəbbətin, Azərbaycan bayrağına sonsuz sevginin və bir də Tovuz döyüşlərində şəhid olmuş general Polad Həşimova Azərbaycanın Milli Qəhrəmanı Mubariz İbrahimov və Qarabaağ uğrunda canlarını qurban vermiş digər qəhrəman oğullarımıza pərəstişin şahidi olduq.
Zaman keçəcək, illər bir-birini əvəz edəcək dünya yenə də boşalıb dolacaq, bu dünyaya yeni-yeni insanlar gələcək, ancaq şəhidlərimizin qəhrəmanlığı, igidliyi dastan olacaq, dildən-dilə, eldən-elə, nəsildən-nəsilə keçəcək və əbədiyyətədək yaşayacaq. Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyev demişkən, "bu qəhrəmanların hər biri haqqında mütləq dastanlar yazılacaq",amma bu toplu şəhidlərimizin həyatını, döyüş yolunu, qəhrəmanlığını öyrənmək istəyənlər üçün onların ömür yoluna işıq salan bir qiymətli, mənbə kimi yaddaşlarda qalacaqdır.
Tədbirdə çıxış edən kitabın redaktoru , filologiya elmləri doktoru, professor Rüstəm Kamal kitabın redaktəsi zamanı keçirdiyi hiss və həyacanlarından danışdı. O qeyd etdi ki, indiyə qədər professional fəaliyyətində yüzlərlə kitabın redaktoru olub, onlara ön söz yazıb . Ancaq heç vaxt bu qədər həyacanlı olmayıb. Kitab son dərəcə kövrək notlarla tərtib olunub və hər bir şəhid haqqqında yazılmış, hazırlanmış material sanki canlıdır və onu həyacansız oxumaq mümkün deyil.
Binəqədi RİH başçısı aparatı, şəhid ailələri və Qarabağ əlilləri ilə iş şöbəsinin əməkdaşı Rəhman Qəhrəmanov belə bir toplunun hazırlanmasının təqdirəlayiq bir iş olduğunu bildirərək kitabın nəşrində əziyyəti olanların hər birinə təşəkkür etdi, nəşrin şəhid ailələri üçün maraqla qarşılanacağına əmin olduğunu bildirdi və şəhid ailələrinə səbr dilədi.
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin məsul işçisi Ülkər Süleynaova Agentliyin xətti ilə maliyyələşdirilən tədbirlər çərçivəsində 44 günlük Vətən müharibəsində Şanlı qələbəmizin bu tədbirlər sirasında mühüm yer tuduğunu, bu baxımdan "İnkişaf" Yerli Özünüidarəetmənin Təşviqi İctimai Birliyi tərəfindən "Şəhidlərimizi tanıyaq və tanıdaq" layihəsinin bu istiqamətdə uğurlu bir layihə olduğunu qeyd etdı. Hazırlanmış toplunun yüksək keyfiyyətlə hazırlandığını, onun şəhidlərimizin adına layiq olduğunu və şəhid ailələrinin bəyənəcəyinə əmin olduğunu bildirdi və şəhid ailələrinə səbrlər dilədi.
Tədbirdə iştirak edən şəhid ailələrindən "Rəşadət Ordenli" polkovnik -leytenant Yaşar Sadıqovun həyat yoldşı Nişanə Sadıqova, Vətən müharibəsinin yeganə qadın şəhidi Arəstə Baxışovanın anası Məktubə xanım, "Vətənə xidmətlərə görə" ordeni ilə təltif olunmuş pilot-mayor Abbas Qasımovun anası Kifayət xanım Abbasova, şəhid jurnalist Məhərrəm İbrahimovun qardaşı jurnalist Əsgər İbrahimov, Şəhid Sübhan Abdurəhmanlının anası Mehriban xanım, Şəhid Teymur Zeynalovun atası Tağı Zeynalov şəhidlərlə bağlı xatirələrini bölüşdülər. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Əhaliyə Sosial Xidmət Dövlət Agentliyinin 2 nömrəli filialının müdiri Cahandar Axundov və kitabın həmmüəlliflərindən Vüsalə Fətullayeva öz təəssüratlarını bölüşdülər.
Tədbirə yekun vuran "İnkişaf" Yerli Özünüidarəetmənin Təşviqi İctimai Birliyinin İdarə Heyətinin sədri Kənan Tağızadə tədbirdə iştirak etdiklərinə görə şəhid ailələrinə dərin təşəkkürünü bildirdi. Eyni zamanda layihənin uğurla həyata keçirilməsində göstərdiyi maliyyə dəstəyinə görə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəhbərliyinə və kollektivinə ,həmşinin tədbirin keçirilməsinə şərait yaratdığına görə Əmək və Sosial Münasibətlər Akademiyasının rəhbərliyinə təşəkkürlərini bildirdi.


