Qaşqaylar və onların folkloru - ƏLİ ŞAMİL

Təbriz Universitetində: 25 yanvar 1990-cı il Məmmədəli Müsəddiqlə tanışlığımızdan ötən 20 il ərzində onun sərhədlərin açılacağına inamsız yanaşdığını görmüşdüm. Mən isə həmişə elə bilirdim yaxın 3-5 ildə İrana gediş-gəlişdə bir yumşalma olacaq. Finlər Leninqrada, Kareliyaya gedib-gəldikləri kimi, biz də Təbrizə, Ərdəbilə, Urmiyaya, Mərəndə gedib gələcəyik. İstəklərimlə reallıq üst-üstə düşmürdü. Naxçıvanda sərhəd boyu çəkilmiş tikanlı məftillərin sökülməsi məsələsi ortaya atılanda onu qızğınlıqla müdafiə edənlərdən biri də mən oldum. Bəzən ölümlə üz-üzə gəlsək də, istədiyimizə nail olduq və həmin günü Dünya Azərbaycanlılarının Həmrəylik günü adlandırdıq. 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə Bakıya Sovet əsgəri birlikləri yeridiləndə Naxçıvanda bir tarixi hadisə baş verdi. Naxçıvan Muxtar Sovet Sosialist Respublikanın Ali Soveti növbədənkənar və fövqəladə sessiya keçirdi. Rəhbər vəzifədə olan deputatların əksəriyyəti sessiyada iştirak etməsə də, kəndlifəhlə deputatların sayı çox olduğundan yetərsay alındı. Yaranmış ictimai-siyasi vəziyyət geniş və qızğın müzakirə edildi. Qərara alındı ki, Sovet rəhbərliyi insanların hüquq və təhlükəsizliyini qorumadığına, Erməni silahlı dəstələrinin hücumunun qarşısını almadığına, Sovet hərbçiləri onlara yardım etdiyinə görə, Naxçıvan Muxtar Sovet Sosialist Respublikası ləğv edilib yerinə Naxçıvan Respublikası yaradılsın və Naxçıvan Respublikası Sovetlər Birliyinin tərkibindən çıxıb öz müstəqilliyini elan etsin. 1920-21-ci illərdə Moskvada və Qarsda bağlanmış müqavilənin şərtlərinə əsasən, müqavilə iştirakçılarına və dünya ictimaiyyətinə bu haqda bilgi verildi. Naxçıvan Respublikası Azərbaycandan ayrılmamaq şərti ilə səkkiz gün müstəqil oldu və Naxçıvan radio-televiziyası ilə səkkiz dildə xəbərlər verməyə başladı. Qəbul edilmiş bu qərarı qonşu ölkələrin rəhbərliyinə, dünyanın inkişaf etmiş dövlətlərinə, ictimai təşkilatlara çatdırmaq üçün iki qrup yaradıldı. Qruplardan birinin tərkibinə mən də daxil edildim. 1990-cı il yanva- 19 rın 20-də səhərə yaxın çox çətinliklə Arazı qanunsuz keçib İran Culfasına, oradan da Təbrizə getdik. Hakimiyyət orqanlarının nümayəndələri gətirdiyimiz sənədi laqeyd qarşıladı və bizim xalqla, ictimai təşkilatlarla, xarici ölkələrin konsulluqları ilə görüşlərimizi əngəlləməyə çalışdı. Cidanı çuvalda gizlətmək olmaz. Təbrizin küçələrindəki elanlarda 25 yanvar 1990-cı ildə Cümə məscidində Bakı şəhidlərinə yas tutulacağını oxuduq. Nümayəndə heyətimizin inadlı təkidindən sonra bizi də oraya apardılar. Təbrizlilərlə görüşdük. Deyilənə görə, məscidə və çevrəsinə 30 mindən çox adam toplaşmışdı. Onlar ağlayır, təkbir gətirir və coşğunluqla Sovetlər Birliyinə nifrətlərini bildirirdilər. Toplantıda görüşə bildiyimiz adamlara "Təbriz İnterneşnl" hotelində qaldığımızı söylədik. Adamların toplu halda hotelə gələcəyindən duyuq düşən xüsusi xidmət orqanlarının əməkdaşları görüşə əngəl olmaq üçün bizi hotelə deyil, Təbriz Universitetinə apardılar. Orada da istəyimizə əməl etmədilər. Bizi ədəbiyyat, tarix fakültəsinin deyil, Tibb Fakültəsinin bir qrup tələbəsi ilə görüşdürdülər. Normal görüşməyimizi, söhbət etməyimizi istəmirdilər. Vaxt öldürürdülər ki, biz hotelə gec qayıdaq. Dəhlizdə iki Qaşqay gənci ilə söhbət etməyə çalışdım. Onlar məni dinləmək belə istəmədən ittihamlar yağdırır, bizi İranı dağıtmaqda, bölməkdə suçlayırdılar. Narahatlıqları da ondan ibarət idi ki, biz Güney Azərbaycanı Quzey Azərbaycanla birləşdirib yeni dövlət qursaq, Qaşqayların taleyi neçə olacaq? Mən onların ani fasilə verməyindən istifadə edərək: "Bakıda, Azərbaycanda Sovet hərbçilərinin sizin soydaşlarınızı öldürdüyündən, Erməni silahlılarının Azərbaycandakı müsəlman kəndlərinə hücum etdiklərindən xəbəriniz varmı? Bu gün Azərbaycan dağılmaqda olan nəhəng Sovet imperiyasının xarabalığından az zərərlə çıxmaq istəyir. Biz İrandan kömək istəməyə gəlmişik. Sizə hansı axmaq deyir ki, biz Güneydəki Azərbaycanı işğal edib Quzeydəki Azərbaycana qatacağıq?" - deyə bildim. 20 Onlar mənə cavab vermədi, ancaq gördüm ki, məzlumcasına çiynimin üstündən arxaya baxırlar. Geri döndüm. Arxamdakı tələbələrin arasında 35-40 yaşlarında, qara saqqallı birisinin gənclərin hərəkətlərini izlədiyi aydın hiss edilirdi. Məsələ məlum idi. Çətin ki, bu yaşda, bu geyimdə tələbə olaydı. Mən ona qəzəblə baxdım. Dindirmək istəyəndə o, sürətlə tələbələrin arasından keçib pilləkənə doğru getdi. Geri dönüb tələbələrlə söhbəti davam etdirmək istədim. Gördüm ki, onları da başqa bir saqqallı qarşısına qatıb oradan uzaqlaşdırır. 1979-cu ildə İranda baş verən İslam inqilabından on bir il sonra xalqın gücü sayəsində Sovetlərin toxunulmaz elan etdiyi, xof yaradan sərhəd qurğuları söküldü. Şaxta iliyə işlədiyi bir vaxtda gənclər Arazı bu taydan o taya, o taydan bu taya üzdülər. Hökumət çıxılmaz vəziyyətdə qalıb 1990-cı il martın 20-də, Novruz bayramı günlərində sərhəd bölgəsində sadələşdirilmiş gediş-gəlişə icazə verdi. Sərhəd boyunca yaşayanlar 25 kilometr məsafədə qohumlarını, tanışlarını görə, orada gəzə bilərdi. Lakin qanun qəbul edildiyi ilk gündən tozulmağa başladı. Gediş-gəlişə icazə verilsə də, pul dəyişmə məntəqələri açılmadı. Bu, açıq-aşkar gediş-gəlişi əngəlləmək üçün edilmişdi. Pulsuz adam haraya gedər və nə iş görə bilərdi ki?! Yaradılmış əngəllərə baxmayaraq, Arazı o taya keçənlər uzun həsrətdən sonra tapa bildikləri qohumlarının və yeni tanış olub, dostlaşdıqları insanların köməyi ilə qanunsuz da olsa, Təbrizə, Ərdəbilə, Urmiyaya, Məşədə və b. şəhərlərə gedirdilər. Bu taya keçənlər də eyni üsulla Bakıya, Gəncəyə, Şəkiyə, hətta Moskvaya kimi gedib çıxdılar. Sovetlər çökməyə başladığından sərhədçilər əvvəlki kimi at oynada bilmirdi. Naxçıvandakı sərhəd qoşunlarının komandiri polkovnik Jukov təəccüblə demişdi ki, çox qəribədir, səkkiz mindən çox adam sərhədi Güneydən Quzeyə, Quzeydən Güneyə keçdi, ancaq heç birində uyğun pul yox idi. Bunlar neçə gün ilk dəfə getdikləri yerlərdə necə yaşadılar? 

Ardı Var...

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31