“Söz” ədəbi layihəsində Xocalı soyqırımının 28-ci ildönümü
Beynəlxalq Muğam Mərkəzinin təşkilatı dəstəyi ilə “Söz” ədəbi layihəsi çərçivəsində Xocalı soyqırımının 28-ci ildönümü münasibətilə “Unutmadıq!” adlı bədii proqram təqdim olundu.ildönümü
26 Fevral 2020 15:59 MədəniyyətBeynəlxalq Muğam Mərkəzinin təşkilatı dəstəyi ilə "Söz" ədəbi layihəsi çərçivəsində Xocalı soyqırımının 28-ci ildönümü münasibətilə "Unutmadıq!" adlı bədii proqram təqdim olundu.
Olaylar.az bildirir ki, "Xocalıya ədalət!", "Xalqın gücü birliyində və yaddaşındadır!" şüarları ilə gerçəkləşən gecə monitorda Xocalıda şəhid olan insanların siyahısı və zalda Dövlət Sərhəd Xidmətinin "Sərhədçi" rəqs ansamblının - xoreoqraf Nailə Məmmədzadənin qurduğu kompozisiya ilə başlandı. Kompozisiya gənc xanəndə Kənan Bayramovun "Bayatı Şiraz" muğamının ifası ilə tamamlandı.
Tədbir Xocalı faciəsində həlak olanların xatirəsini bir dəqiqəlik sükutla yad edilməsi ilə davam etdi. Layihənin rəhbəri Nigar Həsənzadə səhnəyə çıxaraq Xocalı faciəsinin iyirminci əsrdə törədilmiş insanlığa sığmayan ən dəhşətli faciələrdən biri olduğunu diqqətə çatdırdı.
Tədbirdə "Söz" ədəbi layihəsinin qalibləri şairlər Mehman Rəsulov, Fərid Hüseyn və Şəhriyar Del Gerani, Saleh Sabat, Aytac Babayeva, Firdovsi Rəsul şəhidlərə həsr edilən şeirləri ilə çıxış etdilər. Həmçinin rejissor Natiq Muxtarovun Xocalıya həsr edilən qısa filmi nümayiş olundu. Gecədə ilk dəfə olaraq Xocalı faciəsi zamanı bütün ailəsini itirərək sağ qalan bacılar Kərimova Gülnar və Xəlilova Həmayıl səhnəyə çıxaraq həmin dəhşətli gecədən yaddaşlarında qalanları nəql etdilər. Onların ata və anası həmçinin bacıları bu faciənin qurbanı olub. Onların bacılarının ölmüş cəsədini monitorda nümayiş olunan Çingiz Mustafayevin lentə aldığı kadrlarda görürük.
Gecə Bakı Musiqi Akademiyasının "Detaşe" violin ansamblı (rəhbər Xalq artisti Zəhra Quliyeva), Azərbaycan Dövlət Simfonik Orkestrinin solisti Emin Qaliyevin ifaları və xalq musiqilərindən parçalarla davam etdi.


