Gənc fotoqrafın fərdi sərgisi
İçərişəhərdəki Bakı Fotoqrafiya Evində gənc fotoqraf Xaliq Vəlizadənin “Spektrum” adlı fərdi sərgisi açıldı.
20 Fevral 2020 12:36 Mədəniyyətİçərişəhərdəki Bakı Fotoqrafiya Evində gənc fotoqraf Xaliq Vəlizadənin "Spektrum" adlı fərdi sərgisi açıldı. Olaylar.az bildirir ki, Mədəniyyət Nazirliyi və "İçərişəhər" Muzey Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən tədbir Gədəbəy Aşıq Məktəbinin saz ixtisası üzrə 3-cü sinif şagirdi Sahil Nağıyevin ifası ilə başladı.
"İçərişəhər" Muzey Mərkəzinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əminə Məlikova çıxış edərək sərgi haqqında ətraflı məlumat verdi. Bildirdi ki, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin "İçərişəhər" Muzey Mərkəzinin nəzdindəki Bakı Fotoqrafiya Evi yarandığı gündən gənc fotoqraflara dəstək olmaq üçün müxtəlif layihələr həyata keçirir. Bu gün keçirilən sərgi də bunlardan biridir.
Daha sonra çıxış edən Mədəniyyət Nazirliyinin Şəmkir Regional Mədəniyyət İdarəsinin rəisi Höccət Əsədullayev və Gədəbəy Aşıq Məktəbinin direktoru Etibar Nadiroğlu gənc fotoqrafı təbrik edib, ona uğurlar arzuladılar.
Sonda Xaliq Vəlizadə çıxış edərək tədbir iştirakçılarına təşəkkürünü bildirdi.
Qeyd edək ki, Xaliq Vəlizadənin Bakı Fotoqrafiya Evində sərgisi martın 1-dək davam edəcək.