Nazir Londonda Britaniya Şurasının baş ofisində görüş keçirib
Nazir Londonda Britaniya Şurasının baş ofisində görüş keçirib
19 Fevral 2020 16:09 MədəniyyətMədəniyyət naziri Əbülfəs Qarayev Londonda Britaniya Şurasının İncəsənət Şəbəkəsinin (Arts Network) direktoru Karoline Mebay (Caroline Meaby) ilə görüş keçirib.
Olaylar.az bildirir ki, görüşdə 2019-cu ildə Britaniya Şurası ilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi arasında imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində həyata keçirilmiş tədbirlər və gələcək planlar barədə müzakirələr aparılıb.
Ə.Qarayev bildirib ki, ötən bir il müddətində ölkədə yaradıcı sənayenin inkişaf etdirilməsi ilə bağlı bır sıra addımlar atılıb, "Kreativ Azərbaycan" portalı və loqosu təsis olunub. Portal bu sahədə fəaliyyətlərin əlaqələndirilməsinə və vahid istiqamətdə həyata keçirilməsinə imkan verir. Nazir Britaniya Şurası ilə birgə "Creative Spark" proqramı çərçivəsində layihə həyata keçirildiyini qeyd edib. O, həmçinin ümumilikdə yaradıcı sənayelərlə məşğul olan biznes nümayəndələri və fərdlərlə bir sıra layihələrin reallaşdırıldığını bildirib.
Karoline Mebay Britaniya Şurasının Azərbaycandakı Nümayəndəliyi ilə ölkədəki tərəfdaş dövlət qurumları və Mədəniyyət Nazirliyi arasında əməkdaşlıqdan məmnun olduqlarını qeyd edərək Britaniya Şurasının fəaliyyətinə göstərilən dəstəyə görə nazir Əbülfəs Qarayevə təşəkkürünü bildirib.
Ə.Qarayev Britaniya Şurasının layihələrini yüksək qiymətləndirdiyini, təkcə yaradıcı sənayelərlə bağlı deyil, həm də teatr, musiqi və digər sahələrdə Britaniya Şurasının layihələrinin Mədəniyyət Nazirliyi tərəfindən dəstəkləndiyini qeyd edib. Nazir hazırda Azərbaycanda yaradıcı sənayelərin inkişafı ilə bağlı 2020-2025-ci illər üçün İnkişaf Proqramı hazırlandığını, ilkin mərhələdə proqramın konseptual təhlilinə və onun strategiyasının hazırlanmasına Britaniya Şurasının dəstəyi ilə müvafiq xarici ekspertlərin də cəlb olunduğunu bildirib.