Xalq çalğı alətləri ifaçılarının IV Respublika müsabiqəsi qaliblərinin yekun konserti
Xalq çalğı alətləri ifaçılarının IV Respublika müsabiqəsi qaliblərinin yekun konserti
28 İyun 2019 12:00 MədəniyyətBeynəlxalq Muğam Mərkəzində Mədəniyyət Nazirliyi tərəfindən təşkil edilən Uşaq və gənclər arasında xalq çalğı alətləri ifaçılarının IV Respublika müsabiqəsi qaliblərinin yekun konserti keçirildi.
Olaylar.az bildirir ki, konsertdən əvvəl çıxış edən mədəniyyət nazirinin müavini Rafiq Bayramov qalibləri təbrik etdi, xoş arzularını çatdırdı.
Nazir müavini müsabiqə haqqında məlumat verdi. Bildirdi ki, ölkəmizdə musiqi təhsilinin inkişaf etdirilməsi, xalq çalğı alətlərinin təbliği, istedadlı uşaq və gənclərin aşkara çıxarılması, onların dəstəklənməsi və yaradıcılıq potensialının yüksəldilməsi məqsədilə təşkil edilən müsabiqə 7 nominasiyada 3 yaş qrupu üzrə (9-12 yaş, 13-15 və 16-18 yaş) keçirilib. Müsabiqə bütün musiqi təhsili müəssisələrini əhatə edib. 800 nəfərə yaxın şagird və tələbə seçimlərə qatılıb. İki turdan ibarət müsabiqənin I mərhələsi (15-31 may) Gəncə, Şəki və Lənkəran, İsmayıllı, Bərdə və Quba şəhərlərində, II mərhələ isə 7-9 iyun tarixində Bakı şəhərində gerçəkləşib. Xalq artisti Ramiz Quliyevin rəhbərliyi ilə münsiflər tərəfindən iştirakçılar arasında seçim aparılaraq qaliblər müəyyən olunub. Münsiflər həmçinin bölgələrdə ustad dərsləri keçiblər.
Rafiq Bayramov çıxışının sonunda bir daha qalibləri təbrik edərək valideyn və müəllimlərə, münsiflərə təşəkkürünü bildirdi, qaliblərə yeni uğurlar arzuladı.
Xalq artisti Ramiz Quliyev çıxışında ölkəmizdə musiqi təhsilinin inkişafından, müsabiqənin əhəmiyyətindən, milli musiqi alətlərinin təbliğindən və bu sahəyə göstərilən dövlət qayğısından söz açdı.
Çıxışlardan sonra müsabiqənin 15 nəfər qalibinin iştirakı ilə konsert proqramı təqdim olundu.