“Culture Guide” mədəniyyət bələdçisinin xüsusi buraxılışı YUNESKO Dünya İrs Komitəsinin Bakı sessiyasına həsr olunub
“Culture Guide” mədəniyyət bələdçisinin xüsusi buraxılışı YUNESKO Dünya İrs Komitəsinin Bakı sessiyasına həsr olunub
27 İyun 2019 15:58 MədəniyyətBu il ölkəmizin mədəni həyatında ən mötəbər beynəlxalq hadisə 30 iyun - 10 iyul tarixlərində Bakıda keçiriləcək YUNESKO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyasıdır. Olaylar.az bildirir ki, dünyanın 180-dək ölkəsindən 3 minə yaxın nümayəndənin qatılacağı tədbir respublikamızın beynəlxalq arenada yüksək nüfuzunun təsdiqi olmaqla bərabər, eyni zamanda Azərbaycanın tarixinin və müasir inkişaf səviyyəsinin, zəngin mədəniyyətinin, incəsənətinin dünyaya nümayişi üçün mühüm imkandır. Əcnəbi qonaqlara ölkəmizin mədəni palitrası barədə dolğun məlumat vermək məqsədilə nəşr edilən "Culture Guide" mədəniyyət bələdçisinin yeni çapdan çıxan xüsusi buraxılışı da Dünya İrs Komitəsinin Bakı sessiyasına həsr olunub.
"Baku Guide" MMC tərəfindən ingilis və rus dillərində hazırlanan nəşrdə YUNESKO -nun Dünya İrs Komitəsi, Azərbaycanın bu quruma üzvlüyü və 2019-cu ildə sədrlik etməsi, 43-cü sessiya və sessiya çərçivəsində keçirilən tədbirlər, o cümlədən Qobustan Milli Tarix Bədii Qoruğunda, Qəbələ Dövlət Tarix Bədii Qoruğunda xüsusi olaraq təşkil ediləcək sərgilər barədə məlumat verilir.
Paytaxtın mədəniyyət ocaqları dünyanın hər yerindən ölkəmizə gələcək qonaqlara mədəni irs və incəsənətimizi layiqincə təqdim etmək üçün maraqlı proqram hazırlayıb. "Culture Guide"ın xüsusi buraxılışında Bakıdakı teatrların, konsert və kino zallarının afişası ilə yanaşı, ayrı-ayrı tamaşalar, filmlər, mədəni tədbirlər barədə qısa yazılar da dərc olunub. Eyni zamanda nəşrdə paytaxtın muzeyləri, qalereyaları, teatr və konsert müəssisələri haqqında informasiyalar, ünvan və telefon nömrələri yer alıb.
Xüsusi buraxılışdakı yazıların böyük əksəriyyəti isə Azərbaycanın tarixi-mədəni zənginliyinin təqdimatına həsr olunub. Nəşr ölkəmizin keçmişi, müasir inkişafı, mədəniyyətimizin tarixi mənzərəsi ilə bağlı yazı ilə açılır. Azərbaycanın müsəlman Şərqində ilk peşəkar teatrın, kinematoqrafın, operanın yarandığı ölkə olduğu, Orta əsrlərdən Nizami, Nəsimi, Füzuli kimi şair-mütəfəkkirləri ilə tanındığı vurğulanır, 2019-cu ilin ölkəmizdə "Nəsimi ili" elan olunduğu diqqətə çatdırılır. "Böyük şair, mütəfəkkir, humanist" başlıqlı yazıda Nəsimi irsinin dünyada tanınması, şairin yubileyinin iki dəfə (1973, 2017) YUNESKO səviyyəsindən qeyd olunmasından bəhs olunur.