Musiqili Teatrda PREMYERA
Mayın 25-də Azərbaycan Dövlət Musiqili Teatrında 108-ci mövsümün möhtəşəm premyerası Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü şərəfinə təqdim olunacaq.
22 May 2018 14:21 MədəniyyətMayın 25-də Azərbaycan Dövlət Musiqili Teatrında 108-ci mövsümün möhtəşəm premyerası Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü şərəfinə təqdim olunacaq.
Olaylar.az bildirir ki, ideya müəllifi Musiqili Teatrın direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev və quruluşçu rejissoru, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə olan bu tamaşa yazıçı-dramaturq Əli Əmirlinin "Nuri-didə Ceyhun" pyesi əsasında hazırlanıb.
Azərbaycan səhnəsində ilk dəfə dahi bəstəkar Üzeyir Hacıbəylinin qardaşı, yazıçı-publisist, tərcüməçi, naşir, ictimai xadim, azərbaycançılıq ideyalarına sonadək sadiq qalan Ceyhun Hacıbəylinin obrazının canlandırılacağı tamaşa onun məşəqqətli mühacirət həyatından, Cümhuriyyətimizin keçdiyi çətin, lakin şərəfli mübarizə yolundan bəhs edir.
Premyerada rolları Əməkdar artistlər Nəsibə Eldarova, Pərviz Məmmədrzayev, Şövqi Hüseynov, aktyorlar Elçin İmanov, Gülnarə Abdullayeva, Ülviyyə Əliyeva, Nicat Əli, Gülçöhrə Abdullayeva, Mehriban Zalıyeva, Nadir Xasıyev, Firuz Məmmədov və Şaban Cəfərov ifa edəcəklər. Tamaşada böyük Üzeyir Hacıbəyli, Soltan Hacıbəyov, Niyazi və başqa bəstəkarların musiqilərindən istifadə olunmuşdur. Tamaşanın quruluşçu dirijoru və musiqi tərtibatçısı Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Vüsal Rəhim, quruluşçu baletmeysterləri Əməkdar artist Zakir Ağayev və Yelena Ağayeva, xormeysteri Əməkdar artist Vaqif Məstanov, rejissor assistenti Elməddin Dadaşovdur.