1320 ədəd markadan 1123 ədədi isə elektron formatdadı

MEK Nadir kitab fondunda mühafizə olunan Markalar kolleksiyasının təqdimatını keçirib

MEK Nadir kitab fondunda mühafizə olunan Markalar kolleksiyasının təqdimatını keçirib

AMEA Mərkəzi Elmi Kitabxanası Nadir kitab fondunda mühafizə olunan Markalar kolleksiyasının təqdimatını keçirib.

Olaylar.az bildirir ki, MEK direktoru Leyla İmanova markaların ölkənin tarixi, mədəniyyəti, təbiəti, unikal məlumatları əks etdirmək baxımından informasiya dəyərindən danışıb. L.İmanova həm ənənəvi, həm də elektron şəkildə hazırlanmış, dövrün geoloji, tarixi, mədəni və digər xarakterli məlumatlarını əks etdirən Markalar kolleksiyasının Milli Rəqəmsal Yaddaş bazasının dəyərli informasiya laylarından biri olduğunu diqqətə çatdırıb. 
Sonra MEK-in Komplektləşdirmə bölməsinin rəhbəri Nazilə Həsənova Markalar kolleksiyasını təqdim edib. Bildirib ki, hal-hazırda kitabxana fondlarında mühafizə olunan 1320 ədəd markadan 227 ədədi çap, 1123 ədədi isə elektron formatdadır. Azərbaycana aid markalardan 35 ədədi xaricdə nəşr edilib. Onların sırasında Amerikada Qarabağ fondunun dəstəyi ilə Qarabağın tarixi abidələrinə, görkəmli şəxsiyyətlərinə, eləcə də İsveçrə, Almaniya, Hollandiya, Belçikada Azərbaycanın görkəmli şəxsiyyətlərinə həsr edilmiş markalar xüsusi yer tutur.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında "Azərmarka" şirkətinin direktoru Leyla Güləliyeva Azərbaycanda və xaricdə hər il müxtəlif tematikalı markaların istehsal olunduğunu və dövriyyəyə buraxıldığını qeyd edib. Yüksək səviyyədə tərtib edilən Markalar kolleksiyasına və gözəl təqdimata görə təşəkürünü bildirən şirkət rəhbəri "Azərmarka"nın MEK-lə markalar mübadiləsini daim davam etdirəcəyini bildirib.
"Azərmarka" şirkətinin əməkdaşları - dizayner rəssam Nəriman Məmmədzadə və redaktor Ülviyyə Qarayeva ölkənin siması adlandırdıqları markaların sənəd kimi əhəmiyyətindən danışıblar.

Tədbirin sonunda Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında "Azərmarka" şirkətinin direktoru Leyla Güləliyeva şirkət adından MEK-ə ölkəmizin təbiətini, mədəni və elmi həyatının bütün sahələrini əks etdirən, 2017-ci il nəşri olan "Azərbaycan" adlı tematik markalar albom-kitabını hədiyyə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31