“Kirpinin rəssamları” təqdim olunacaq

Mayın 16 - da Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi Bayram Hacızadənin 50 illik  yubileyi münasibətilə fərdi sərgisi olacaq.

Olaylar.az bildirir ki,  sərginin təşkilatçısı Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Milli İncəsənət Muzeyi və Azərbaycan Rəssamlar İttifaqıdır.

Sərgidə Bayram Hacızadənin yaradıcılığının son 30 ilini əhatə edən "Kirpi" satirik jurnalında, dövri mətbuat səhifələrində dərc olunan müxtəlif mövzulu karikaturalar, rəssamın beynəlxalq müsabiqələrdə mükafat almış əsərləri, eləcə də M.Ə.Sabirin "Hophopnamə"sinə çəkdiyi illüstrasiyaları və digər mövzulu karikaturaları nümayiş olunacaq.

Tədbirdə Bayram Hacızadənin müəllifi olduğu "Kirpinin Rəssamları" adlı kitabının təqdimatı da keçiriləcək. Üç cilddən ibarət kitabda 1952-1991-ci illər "Kirpi" satirik jurnalı ilə əməkdaşlıq edən rəssamların, karikatura ustalarının yaradıcılığı və fəaliyyəti haqqında ətraflı məlumat verilib. Kitabda rəssamların yüzlərlə siyasi və məişət mövzulu karikaturaları, təbliğat xarakterli rəsmləri və dostluq şarjları oxuculara təqdim olunacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31