Varşavada Azərbaycan turizminə həsr olunmuş sərgi keçirilib

Polşanın paytaxtı Varşava şəhərində "Varşava Azərbaycanlılar Birliyi" (VAB) tərəfindən "Turizm Sərgisi - İstiqamət Azərbaycan!" adı altında Azərbaycan Respublikasının Polşadakı Səfirliyində turizm sərgisi təşkil olunub.  

DİDK-dən "OLAYLAR"-a bildirilib ki, sərgidə Azərbaycanın turizm potensialı haqqında Polşa ictimaiyyətinə məlumat verilib, müxtəlif video-çarxlar göstərilib.

Turizm sərgisinin təşkilatçısı, "Varşava Azərbaycanlılar Birliyi"nin sədri Rəsul Məmmədov bildirib ki, Odlar yurdu Azərbaycan istər tarix, istərsə də mədəniyyət baxımından olduqca zəngindir. Məhz elə bu səbəbdəndir ki, hər bir əcnəbi vətəndaşın turistik istiqamət xəritəsində Azərbaycan mütləq şəkildə olmalıdır.

Qeyd olunub ki, "ASAN Viza" xidməti qonaqların rahatlığını tam təmin edir və minimum 3 saat maksimum 3 iş günü ərzində onlayn vizanın verilməsi prosedurunu həyata keçirir.

Tədbir iştirakçılarına sonda Azərbaycan Respublikasının Polşadakı Səfirliyi tərəfindən təqdim edilən müxtəlif kitablar və məlumat broşürləri paylanılıb. Tədbirdə polyaklarla yanaşı, italyanlar və ukraynlar da iştirak edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31