“Teleaparıcı hətta cinayətkarı belə, aşağılaya bilməz” - Elçin Mirzəbəyli - VİDEO
8 May 2018 16:04 MədəniyyətMəlum olduğu kimi, bu günlərdə teleaparıcı Elçin Əlibəyli verilişinə qonaq çağırdığı müğənni Maral Tahirqızını əvvəlcə təhqir edib, aşağılayıb, daha sonra isə studiyadan qovub. Məsələ cəmiyyətdə, ictimaiyyətdə heç də birmənalı qarşılanmayıb. Teleaparıcı bu cür davranışına görə kəskin tənqid edilib, hətta təhqirlərə məruz qalıb.
Qeyd edək ki, müğənninin təhqir olunaraq efirdən qovulması ilə bağlı videogörüntü hələ veriliş efirə getməzdən bir ay öncə sosial şəbəkələrdə yayılmağa başlamışdı. Müğənni bu haqda açıqlama verərək bildirmişdi ki, verilişdə tənqid olunmasına səbəb sosial şəbəkələrdə çoxlu sayda izləyici toplaya bilməsi olub: "Əgər insanlar sizi izləmirsə, deməli, onlar üçün maraqlı deyilsiniz. Günahkar deyiləm ki, məni izləyirlər. Bunu da özləri etiraf edirlər".
Onu da əlavə edək ki, son zamanlarda bir çox televiziya verilişlərində teleaparıcıların hakim mövqeyində duraraq, qonaqlarını aşağılaması, qınaması, təhqir etməsi və ya qovması ilə bağlı olaylarla tez-tez rastlaşırıq. Bütün bunlar cəmiyyətdə qıcıqla qarşılanır, tənqid edilir.
Bəs, əslində teleaparıcı verilişində hansı mövqedə olmalıdır?
Mövzu ilə bağlı jurnalist-politoloq Elçin Mirzəbəyli musavat.com-a danışıb. O, qeyd edib ki, teleaparıcının davranışı ilk növbədə verilişin formatından asılıdır: "Əgər format müəllif formatıdırsa, o zaman teleaparıcı subyektiv yanaşmasını ortaya qoya bilər. Amma heç bir halda, hətta qarşısındakı cinayətkar olsa belə, ona qarşı ittihamlarla çıxış edə, aşağılayıcı manevrlər sərgiləyə bilməz. Analitik proqramların, talk-şouların aparıcıları isə heç bir halda, öz şəxsi mülahizələrinə uyğun mövqe sərgiliyə bilməzlər. Teleaparıcının missiyası müzakirə olunan mövzunun ən müxtəlif rakurslardan təhlil olunmasıdır. Bunun üçün də ilk növbədə ekspertlərin, qonaqların mövzu ilə bağlı fikirləri ortaya çıxarılmalıdır".
Elçin Mirzəbəyli qeyd edib ki, teleaparıcının məharəti həmsöhbətindən mövzu ilə bağlı daha çox şey almaqdan ibarət olmalıdır: "Televiziya jurnalistikası da ənənəvi jurnalistikanın tərkib hissəsidir. Jurnalistikanın prinsiplərini bilənlər və öz iddialarını bu prinsiplərə tabe etdirməyi bacaranlar heç vaxt müəyyən olunmuş sərhədləri aşmırlar. Təəssüf ki, bəzi teleaparıcılar özlərini verilişin tam sahibi kimi aparır, süni intriqa yaratmaq üçün bütün vasitələrə əl atırlar. Təbii ki, bu da yolverilməzdir. Yaxşı nümunələr də var, şübhəsiz... Amma pisləri daha çoxdur və düşünürəm ki, bu da bəzi telekanallarda ənənəvi strukturlaşmanın sıradan çıxması, kadr potensialının olmaması, teleaparıcının həm müəllif, həm redaktor, həm rejissor, həm də baş operator statusunda çıxış etməsi ilə bağlıdır. Bir adam hər şeyi həll edəndə, qısa müddətdən sonra özünü hakimi-mütləq kimi hiss etməyə başlayır".