Bolqarıstanda AXC-nin 100 illik yubileyi qeyd olunub
8 May 2018 12:01 MədəniyyətPrezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illik yubileyi haqqında 16 may 2017-ci il tarixli Sərəncamından irəli gələrək AXC-nin yaranmasının 100 illik yubileyinin qeyd olunması məqsədilə Azərbaycanın Bolqarıstandakı səfirliyi tərəfindən silsilə tədbirlər təşkil olunub. Tədbir çərçivəsində Bolqarıstanın Ruen şəhərində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın icraçı prodüseri olduğu "Əli və Nino" filmi nümayiş olunub. Təqdimatda Ruen bələdiyyəsinin meri İsmail Osman, şəhər icma şurasının sədri Əşrəf Əşrəf, Bolqarıstan Respublikasının Xalq Məclisinin deputatı, Bolqarıstan-Azərbaycan dostluq qrupunun üzvü Sevim Əli, Avropa Parlamentinin Bolqarıstandan olan deputatı, Avropa naminə Liberalların və Demokratların Alyansı Qrupunun (ALDE)vitse-prezidenti İlhan Küçük, eləcə də şəhər bələdiyyəsinin digər rəsmi şəxsləri iştirak ediblər. Gecənin açılışında çıxış edən səfir N.Qurbanova Ruen şəhərində təşkil olunan tədbirin bir sıra əlamətdar yubileylər, o cümlədən, müsəlman Şərqində ilk parlament respublikası AXC-ninyaradılmasının 100-cü ildönümü ilə bağlı olduğunu qeyd edib. AXC-nin yaradılmasını xalqımızın tarixində mühüm hadisə kimi qiymətləndirən səfir cəmi 23 ay yaşamasına baxmayaraq, AXC-nin qısa müddətdə həyata keçirdiyi tədbirlər barədə məlumat verib, onun xalqımızın tarixində buraxdığı silinməz izlər, milli dövlətçilik ənənələrimizin bərpasında böyük rolundan danışıb. N.Qurbanova ölkə başçısının AXC ilə bağlı fikirlərinə istinad edərək Şərqdə demokratiyanın əsasını qoyan məhz Azərbaycan xalqı olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb. AXC dövründə əsası qoyulan demokratik ənənələrin bu gün də davam etdiyini qeyd edən səfir xalqımızın yalnız qədim tarixə və demokratik ənənələrə deyil, həmçinin zəngin mədəniyyət, ədəbiyyat, incəsənət və musiqiyə malik olduğunu, 145 illik milli teatr, 120 illik kinematoqrafiya və 110 illik opera tariximizin bunu sübut etdiyini əlavə edib.AXC-nin süqutundan 71 il sonra, 1991-ci ildə Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa edərək dünya ictimaiyyətinə müstəqil dövlət kimi qoşulduğunu bildirən səfir müstəqilliyimizin ilk illərinin çox ağır bir zamana təsadüf etməsi, ölkəmizin Ermənistan tərəfindən hərbi təcavüzə məruz qalması, ərazilərimizin20 faizinin işğal olunması və 1 milyona yaxın azərbaycanlının qaçqın və məcburi köçkünə çevrilməsi barədə ətraflı məlumat verib. Bütün bu çətinliklərə baxmayaraq son 25 il ərzində Azərbaycanın çox uğurlu bir inkişaf yolunu keçərək qlobal və regional proseslərə böyük töhfə verən ölkəyə çevrildiyini vurğulayan N.Qurbanova bu uğurlu siyasətin əsasının ümummilli lider Heydər Əliyev tərəfindən qoyulması və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilməsindən bəhs edib. Daha sonra Azərbaycan-Bolqarıstan münasibətlərinə toxunan səfir ötən il ölkələrimiz arasında diplomatik münasibətlərinin qurulmasının 25-ci ildönümünün qeyd olunduğu, strateji tərəfdaş olan ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlıq üçün böyük potensialın mövcud olduğunu söyləyib. Səfir "Buta Airways" şirkəti tərəfindən həyata keçirilən Bakı-Sofiya birbaşa hava əlaqəsini ölkələrimiz arasında əməkdaşlığın parlaq nümunəsi kimi xarakterizə edib. Filmin nümayişindən sonra yerli folklor qrupunun ifasında rəqs nümunələri təqdim edilib və Azərbaycan və türk mahnılarından ibarət rəngarəng musiqi çələngi səsləndirilib.
Alim