Yunanıstanda Hüseyn Cavidin həyat və yaradıcılığına həsr olunan tədbir keçirilib

Azərbaycanın Yunanıstandakı səfirliyinin təşkilatçılığı ilə 15-ci Saloniki kitab sərgisi çərçivəsində görkəmli şair və dramaturq Hüseyn Cavidin həyat və yaradıcılığına həsr olunan tədbir keçirilib. Tədbirdə çıxış edən Azərbaycanın Yunanıstandakı müvəqqəti işlər vəkili Eldar Əliyev ədibin yaradıcılığının XX əsr Azərbaycan romantizm və faciə ədəbiyyatında xüsusi yer tutduğunu söyləyib.

Azərbaycanın Yunanıstandakı səfirliyinin təşkilatçılığı ilə 15-ci Saloniki kitab sərgisi çərçivəsində görkəmli şair və dramaturq Hüseyn Cavidin həyat və yaradıcılığına həsr olunan tədbir keçirilib.

Tədbirdə çıxış edən Azərbaycanın Yunanıstandakı müvəqqəti işlər vəkili Eldar Əliyev ədibin yaradıcılığının XX əsr Azərbaycan romantizm və faciə ədəbiyyatında xüsusi yer tutduğunu söyləyib. XIX əsrin sonları və XX əsrin əvvəllərində yaşayıb-yaratmış əksər Qərb mütəfəkkirləri kimi, Hüseyn Cavidin yaradıcılığında da bəşəriyyətin ən böyük faciəsi olan müharibə əleyhinə mövzulara vacib diqqət yetirildiyi bildirilib. Ədibin yaratdığı "İblis" obrazının ədəbi dəyər baxımından Bayronun "Qabil" əsərindəki Luciferi, Hötenin Mefistofeli və Lermontovun Demonu obrazları ilə yanaşı durduğu vurğulanıb.

Azərbaycanda sovet hakimiyyəti illərində, 30-cu illərin repressiyaları zamanı Hüseyn Cavidin romantik humanizm fəlsəfəsinin təhlükə kimi görüldüyü, şairin repressiyaya məruz qalaraq Sibirə sürgün edildiyi və burada vəfat etdiyi diqqətə çatdırılıb. Stalinin ölümündən sonra digər repressiya qurbanları kimi Hüseyn Cavidin də bəraət aldığı, ancaq onun şəxsiyyətinə və yaradıcılığına layiqli qiymətin məhz Azərbaycanın ümummilli lideri Heydər Əliyev tərəfindən verildiyi, ədibin sürgündəki məzarının aşkar edilərək Vətənə gətirildiyi, xatirəsinin əbədiləşdirildiyi, əsərlərinin yenidən səhnəyə qoyulduğu qeyd edilib.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31