“Zəng” beynəlxalq festivalda uğurla iştirak etdi
1 May 2018 15:53 MədəniyyətAbdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının kollektivi İran İslam Respublikasının Məşhəd şəhərində baş tutan I "Cigi-Cigi" Beynəlxalq Performans və Sənət Festivalında iştirak edib.
Teatrlar, yaradıcı şəxslər, sənət adamları arasında mədəni əməkdaşlıq körpüsü yaratmaq, müxtəlif sənət cərəyanlarının bir səhnədə heç bir maneəsiz nümayişinə nail olmaq, beynəlxalq miqyasda teatr mübadiləsini təmin etmək məqsədilə baş tutan bu sənət bayramında teatrımız "Zəng" tamaşası ilə iştirak edirdi.
Festivalda Azərbaycanla yanaşı İspaniya, Almaniya, Çili, Çexiya, Türkiyə, Rusiya, İngiltərə, Tunis kimi ölkələrin teatr kollektivləri təmsil olunurdu. Fərqli teatr cərəyanlarının səhnə marafonunda uğurla yarışan "Zəng" növbəti mükafatını da qazandı. Belə ki, nominasiyaların olmadığı birinci festivalda yüksək səviyyədə qarşılanan "Zəng" və yaradıcı heyətin hər bir üzvü festivalın təşkilat komissiyasının təsis etdiyi mükafata layiq görülüblər.
Nəzərinizə çatdıraq ki, festival iştirakçılarının böyük marağına səbəb olan "Zəng" tamaşasının ssenari müəllifi və quruluşçu rejissoru teatrın baş rejissoru Qurban Məsimov, quruluşçu rəssamı Rəvanə Yaqubovadır. Teatrın aparıcı aktyoru Rəhim Rəhimovun ifa etdiyi səhnə işi həm uşaqlar, həm də böyüklər üçün nəzərdə tutulub.