Son arzusu ürəyində qalan - Elza İbrahimova-VİDEO
Mahnılarını ən məşhur müğənnilər oxuyan, ailə həyatı uğursuz olan, dünyadan incik köçən, Azərbaycan və Dağıstanın xalq artisti Elza İbrahimova 1938-ci ildə Hacıqabulda anadan olub.
26 Aprel 2018 15:00 MədəniyyətMahnılarını ən məşhur müğənnilər oxuyan, ailə həyatı uğursuz olan, dünyadan incik köçən, Azərbaycan və Dağıstanın xalq artisti Elza İbrahimova 1938-ci ildə Hacıqabulda anadan olub.
Musiqi təhsilini Bakıda alan Elza 16 yaşında atasını itirir. Ali musiqi təhsili almaq istəyən Elza imtahandan kəsilir. Dərzi olmaq istədiyini deyəndə anası razı olmur. İmtahan verir və Cövdət Hacıyevin sinfinə daxil olur daha sonra isə Qara Qarayevin sinfinə keçir. Onun diplom işini Qara Qarayev, Niyazi kimi ustadlar qiymətləndirir.
1968-ci ildə ilk "Yalan ha deyil", daha sonra "Bakının işıqları" mahnılarını bəstələyir. Hər iki mahnını Şövkət Ələkbərova oxuyur.
Elza 24 yaşında olanda özündən yaşca çox böyük professor Adil Ələkbərova ərə gedir. Cütlüyün Zəhra adlı qızları doğulur. Bir il sonra əri Elzanı tərk edir, hətta qızını da görmək istəmir. Elza İbrahimova ondan sonra birdə ailə qurmur.
Tanqo ritmini Azərbaycan estradasına gətirən bəstəkarın "Qurban verərdim" mahnısı qadağan edilmişdi. Mahnını sovet ruhunu uyğun olmadığı deyilir. İfaçı Akif İslamzadəyə deyirlər ki, "Komminizim dövründə insanları keçmişə qaytarmaq istəyirsiniz"
Mahnılarının əksəriyyətinin ilk ifaçısı Flora Kərimova olub. Bəstəkarın ən çox sevdiyi iki mahnısı, Flora Kərimovanın ifasında "Bilməzdim" və Rəşid Behbudovun oxuduğu "Ey vətən"-dir.
Bəxtiyar Vəhabzadə Elzanın onun sözlərinə bəstələdiyi "Gecələr bulaq başı" mahnısnı eşidəndə demişdi: "Sən bu şerin incəliyini məndən də yaxşı anlamısan"
Elza İbrahimova Üzeyir Hacıbəyovdan sonra ilk dəfə muğam əsasında ilk dəfə opera yazan ilk bəstəkardır.
Ən böyük arzusu "Yalan laylalar" operasını səhnədə görmək olsa da, bu ona qismət olmur. Bu opera Qarabağ faciəsinə həsr olunub.
"O zaman mənə ilham gələndə haradan biləydim ki, 20 il bu əsər uğrunda mübarizə aparmalı olacağam"
Buna görə ömrünün son illərini depressiyada keçirir. Ömrünün son bir ayında yemək və içməkdən imtina edir. 70 yaşında xalq artisti adına layiq görülüb.
Uzun sürən xəstəlikdən sonra 2012-ci il fevralın 11-də vəfat edir və İkinci Fəxri Xiyabanda dəfn edilir.
Olaylar.az bildirir ki, musiqisi Elza İbrahimovaya aid olan, ilk olaraq Elmira Rəhimovanın ifa etdiyi və son vaxtlarda mahnıya yenidən həyat verən Sevda Ələkbərzadənin ifasında "Sən yadıma düşəndə" mahnısını aşağıdan dinləyə bilərsiniz.
Olaylar.az "Belə belə işlər"-ə istinadən xəbər verir.