“Hüseyn Cavid irsi və müasir dövr” mövzusunda konfrans
Azərbaycan Dillər Universitetində (ADU) Azərbaycan ədəbiyyatı kafedrasının təşkilatçılığı ilə “Hüseyn Cavid irsi və müasir dövr” mövzusunda konfrans keçirilib. Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun direktoru, ADU-nun Azərbaycan ədəbiyyatı kafedrasının müdiri, akademik Muxtar İmanov bildirib ki, konfrans böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin anadan olmasının 135 illiyinə həsr olunub.
26 Aprel 2018 10:55 MədəniyyətAzərbaycan Dillər Universitetində (ADU) Azərbaycan ədəbiyyatı kafedrasının təşkilatçılığı ilə "Hüseyn Cavid irsi və müasir dövr" mövzusunda konfrans keçirilib.
Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun direktoru, ADU-nun Azərbaycan ədəbiyyatı kafedrasının müdiri, akademik Muxtar İmanov bildirib ki, konfrans böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin anadan olmasının 135 illiyinə həsr olunub.
AMEA-nın Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli bildirib ki, Hüseyn Cavid yaradıcılığındakı fəlsəfi, tarixi fikirlər Azərbaycan dramaturgiyasında yeni mərhələ açıb.
AMEA-nın tərkibində fəaliyyət göstərən Hüseyn Cavidin Ev Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi, filologiya elmləri doktoru Gülbəniz Babaxanlı bildirib ki, rəhbəri olduğu muzey mütəfəkkir sənətkarın yaradıcılığının təbliği, tədqiqi və sistemləşdirilməsi ilə məşğul olur.
Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) Heydər Əliyev adına Akademiyasının professoru, Cavidşünas Cəlal Qasımov əsərlərində bəşəri ideyalara, türkçülüyə geniş yer verən Hüseyn Cavid yaradıcılığının öyrənilməsində onun qızı Turan Cavidin göstərdiyi əvəzsiz xidmətlərdən danışıb.
ADU-nun rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdulla deyib ki, Hüseyn Cavid hər bir azərbaycanlının yaxın şairi olmaqla yanaşı, doğma insanıdır. Kamal Abdulla "Cavidə məhəbbətlə" adı altında nəşr edilən üçcildlik haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib. Rektor bildirib ki, Azərbaycan ədəbiyyatının ən yüksək nöqtələrində bərqərar olan Hüseyn Cavid öz yaradıcılığı ilə Azərbaycanın ən dahi şairləri ilə səsləşib. Kamal Abdulla qeyd edib ki, 1982-ci ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə şairin cəsədinin Sibirdən gətirilməsi yalnız bir şairin cəsədinin vətənə gətirilməsi deyil, eyni zamanda Azərbaycan ziyalıları qarşısında əqidəyə, dünyagörüşə yaşıl işığın yandırılması demək idi: "Bu hadisə repressiya olan ölkələrin heç birində baş verməmişdi və ilk dəfə olaraq SSRİ məkanında ümumilli lider Heydər Əliyev tərəfindən həyata keçirildi".
Sonda Hüseyn Cavidin həyat və fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.
Qeyd edək ki, ADU-nun foyesində Hüseyn Cavidin həyat və yaradıcılığını əks etdirən kitab sərgisi təşkil edilib.