Rejissura ilə nəfəs alıram... MƏHƏRRƏM BƏDİRZADƏ
Məncə, teatr qarderobdan deyil, rejissorun ssenari yazılmış vərəqləri əlinə almasından başlayır və tamaşaçı ilə ünsiyyətdə bitir. Teatr rejissoru tamaşaçının bu ünsiyyətdən doğan həyəcanını, hiss və duyğularını canlı olaraq qəlbinin süzgəcindən keçirib gözlərinə hopdurur.
26 Oktyabr 2017 13:02 MədəniyyətMəncə, teatr qarderobdan deyil, rejissorun ssenari yazılmış vərəqləri əlinə almasından başlayır və tamaşaçı ilə ünsiyyətdə bitir. Teatr rejissoru tamaşaçının bu ünsiyyətdən doğan həyəcanını, hiss və duyğularını canlı olaraq qəlbinin süzgəcindən keçirib gözlərinə hopdurur.
Bir də var televiziya rejissoru. Bu mənada onun işi daha fərqlidi, hətta deyərdim ki, daha çətindi. O, tamaşaçının hansı hisslər keçirdiyini, əsəri bəyənib-bəyənmədiyini həmin anda bilmək komfortundan məhrumdu. Əsər bitəndən sonra tamaşaçı alqışının sevinçini yaşaya bilmir. Televiziya rejissorunun teatrdakı həmkarından bir fərqi də odur ki, tamaşa lentə köçürüləndən sonra uğursuz səhnələri "düzəltmək" mümkün deyil.
Əslində isə rejissor istər teatrda, istərsə də televiziyada tamaşanın tam səlahiyyətli sahibi, həmçinin də çəkiliş prosesinə rəhbərlik edəndir. Tamaşanın quruluşu, ona yanaşması, hadisələrə baxışı, eləcə də digər priyomlar birbaşa rejissorun ixtiyarındadır. Rejissor tamaşanı idarə edəndi. Əgər tamaşanı bir ailə saysaq, rejissor o ailənin başçısıdı. Bəs, bu ailənin məskunlaşdığı evə (teatr, teleiziya) rejissor könüllü gedir, yoxsa taleyin qisməti, ya da alın yazısıdı? Bu suala cavab almaq üçün xeyli vaxtdı görüşmək istədiyim və bəzi səbəblərdən baş tutmayan, amma "gün bu gün imiş" dediyim həmsöhbətimin - rejissor Məhərrəm Bədirzadənin yanına yollandım.
Bilmirəm Məhərrəm Bədirzadəni hansisa qeyri-adi sözlərlə, obrazli ifadələrlə təqdim etməyə gərək varmı? Məncə, yoxdu. Çünki rejissorluq özü qeyri-adilikdi. Məhərrəm müəllimi yaxından tanıyanlar bunu onun şəxsiyyətində görə bilirlər. Bu sənətin incəlikləri ilə ehtiva olunan bütün yorumlarda, yanaşmalarda əks olunan həyat həqiqətləri rejissor təqdimatında obraz olaraq tamaşaçıya çatdırılır. Ki... bu işin də öhdəsindən Məhərrəm müəllim ustalıqla gələ bilir. Odur ki, həyatın ağrılarının kürəyini yerə vurmuş, ötənlərin şirinli-acılı xatirələrini ürəyinə hopdurmuş, illərin təcrübəsinə söykənmiş Məhərrəm müəllimdən bəzəksiz-düzəksiz, birbaşa soruşdum:
-Niyə aktyor deyil, məhz rejissor oldunuz?
-Əslində aktyor olmaq istəyirdim, atam isə razi deyildi, "mütrüf olacaqsan" deyirdi. Amma mənim bu sənətə olan marağımdan çox sevgim atamın etirazını üstələdi. 60-ci illərdə gənclərin əsasən üç məşğuliyyəti var idi: idman, dram və ədəbiyyat dərnəyi. Mən də dram dərnəyinə getdiyim üçün Teatr İnstitutunu seçmişdim. 1963-cü ildə rejissorluq fakültəsinə qəbul oldum - Rza Sarabskinin kursuna. Rza Sarabskinin atası Azərbaycanın xalq artisti Hüseynqulu Sarabski həm opera müğənnisi, həm də aktyor, rejissor idi. Belə bir sənətkarın oğlundan dərs almaq böyük xoşbəxtlik idi. İkinci kursda əsgərliyə yollandım, qayıdandan sonra başqa bir böyük sənətkarın - Mehdi Məmmədovun kursunda təhsilimi davam etdirdim. Rejissorluq kursunda altı nəfər idik. Üçüncü kursda oxuyanda Azərbaycan radiosunda rejissor kimi fəaliyyətə başladım. 1967-ci ildən bu günə kimi də televiziyada işləyirəm.
-50 illik bir ömür... bu rəqəm sizin televiziya ilə bağlı taleyinizin çox məqamlarından xəbər verir. Bu taledə hansi məqam var ki, onu xatırlamaq istəmirsiniz?
-O ki deyirlər filan iş yeri ikinci evimdi, Azərbaycann televiziyası da mənim üçün elədi. Bu evdə çox yaşantılarım - sevincim, kədərim, xoşbəxt anlarım, qəmli vaxtlarım olub. Ötən 50 ildə bu evdə keçirdiyim xoş saatları toplasam, qanqaraldıcı məqamların üstünə çıxıb onu görünməz edər. Təbii ki, hər bir insanın taleyində ali məqamlarla yanaşı, istənilməyən hadisələr də yaşanır. Amma o taledə gözəl insanlar, yaxın dostlar, sevimli iş yoldaşları adamın doğmaları, əzizləri qədər yaxın olanda xoşagəlməz hadisələr yaxşılıqlar arsında tez itib-batır. Bu baxımdan mən deyə bilərəm ki, televiziya taleyimdən heç narazı olmadım. Əks halda bu gün orada olmazdım. Azərbaycan televiziyası mənə arzularımı həyata keçirmək üçün bir məkandı. Mən burada özümü çox rahat ifadə edə bilirəm. İllərin o tayindan bu günə boylanan elə xatirələrim var ki, bəzilərinin kökündə quruluş verdiyim tamaşalar, ədəbi-bədii verilişlər, bir çox proqramlar durur...
x. x. x
Əslində Məhərrəm müəllim bu sual ətrafında xeyli danışdı. Və mən hiss etdim ki, ömründən keçən hadisələri, görüntüləri o, sənətindən doğan peşəkarlıq və rejissor ustalığı ilə sözə çevirib çatdırmağa çalışır. Bu da o deməkdir ki, Məhərrəm müəllim bir ömür sevdiyi işin orbitindən çıxa bilməyib. Konfutsinin bir deyimi var: "Əgər sevdiyiniz işlə məşğul olsanız, ömür boyu işləmiş hesab olunmazsınız". Rejissor Məhərrəm Bədirzadə ilə həmsöhbət olduğum müddətdə bu deyimin doğruluğuna əmin oldum. Elə bu əminliklə də növbəti sualımı verdim:
-Rejissura sizin üçün nədi?
- Rejissura mənim həyatımdı. Bu sənətlə nəfəs alıram, obrazlarla yaşayıram. Aktyor təkcə ifa etdiyi rolu yaşayır, öz xarakterindən həmin obraza nəsə "pay verir". Rejissor isə bunu bütün obrazlarla paylaşır - bərabər surətdə, birinə az, o birinə çox ola bilməz. Ona görə də hər bir obraz mənim üçün əzizdi. Tamaşalarımdakı obrazların həyatı, taleyi aktyorların ifasında tamaşaçıya çatdırılır. Əgər obraz tamaşaçını qane edirsə uğurumdu, zəif alınarsa bunda təbii ki, mənim də payım var. Yazıçı hadisəni qələmə alır, sözlə təsvir edir. Oxucu onun yazdıqlarını yalnız ürəyinin, ağlının süzgəcindən keçirib anlayır, təsəvvür edir. Rejissor isə bütün bunları, sözün həqiqi mənasında, gözləri ilə görür və onu canlandırmağı bacarır. Bu mənada rejissorun ikinci bir həyatı var ki, bu, heç də birinci həyatından geri qalmır. Hər hansı bir tamaşanı hazırlayarkən günlərlə, aylarla fikirlərim, düşüncələrim yalnız həmin əsərə köklənir. Gecə də, gündüz də məşq etdiyimiz tamaşa ilə yaşayıram. Hər bir aktyorun rolunu özlüyümdə məşq edirəm, mizan qururam, priyomları düşünürəm və s. Bütün bunlar mənim təkcə işim deyil. Bu, həm də mənim taleyimdi, xarakterimə, dünyagörüşümə, həyata və insanlara baxışıma, düşüncə və davranışıma uyğun yaşam tərzimdi...
Həmsöhbətim bu yaşam tərzinin sərhədləri daxilində rejissor taleyinin televiziya ömrünü qüsursuz yaşamağa çalışır. Televiziya qaynar həyatdı. O da bu həyatın içində illərdi öz "məhsullarını qaynadır". "Qaynatdlğl bütün məhsullar" çox da gözəl və rahat "həzm" olunur. "Komediyalar aləminə səyahət" , eləcə də "Səhər görüşləri" və "Dalğa" tamaşaçıların çox sevdiyi verilişlər olub. 70-ci illərdə televiziyada verilişlərin hansı çətinliklər hesabina başa gəldiyini nəzərə alsaq, Məhərrəm müəllimin üç il rejissorluq etdiyi "Səhər görüşləri"nə olan tamaşaçı sevgisinin kökündə nələr dayandığını başa düşmək çətin deyil. Rejissor zəhmətindən doğan sevginin ortaya qoyduğu veriliş haqqında Məhərrəm müəllim belə danişdı:
- Əslində ilk verilişi başqa rejissorlar hazırlamışdılar. Amma televiziyanın o vaxtkı sədri Qurban Yusifzadənin xoşuna gəlməmişdi. Özüm təklif etdim ki, verilişi mənə həvalə etsinlər. Veriliş həftəlik idi, üç gün qalmış razılıq verdilər. İki gün gecə-gündüz məşq etdik. Verilişdə Əliağa Ağayev, Səyavuş Aslan, Hüseynağa Sadıqov iştirak edirdilər. Aylar keçdikcə "Səhər görüşləri" o qədər populyar oldu ki, ulu öndər Heydər Əliyev rayonlara gedəndə insanlar xahiş ediblər ki, o verilişi təkrar verin, biz də baxmaq istəyirik. Zəhmətkeşlərin arzusunu nəzərə alıb "Səhər görüşləri"ni axşamlar da təkrar verirdilər. Mən bu verilişə 3 il rejissorluq etmişəm. Hacıbaba Bağırov, Səyavuş Aslan, Nəsibə Zeynalova, Gülşən Qurbanova "Səhər görüşləri" ilə populyar oldular. Veriliş demək olar ki, satirası, yumoru ilə bir məktəb oldu. Seyfəddin Dağlı, Rüfət Əhmədzadə, Cahangir Aslanoğlu kimi qələm sahibləri bu verilişə səhnəciklər yazırdılar. Aktyorlar da sorğu-sualsız mənim çağırışıma gəlirdilər. Çünki mən onlara sərbəstlik verirdim. Aktyorla rejissor qarşılıqlı surətdə bir-birinə inanırsa, bu o deməkdir ki, tamaşa gözlənilən nəticəni verəcəkdir. Hətta başqa rejissorlar Nəsibə Zeynalovanı çəkəndə deyirdi ki, Məhərrəm gəlsin dayansın orda. O, mənə çox inanırdı...
x. x. x
Ağlım kəsəndən Azərbaycan televiziyasında bir çox verilişlərin və xeyli sayda tamaşanın subtitrlərində "Rejissoru Məhərrəm Bədirzadə" sözlərini oxumuşam. Və həmin o üç kəlməlik təqdimat rejissorun adını yaddaşıma əbədi həkk edib. Əminəm mənim kimi minlərlə, milyonlarla tamaşaçı Məhərrəm müəllimin adını ekrandan oxuyublar və qiyabi olaraq onun şəxsiyyətini seviblər. Məhərrəm müəllimin şəxsiyyətinə olan diqqət və hörmət quruluş verdiyi əsərlərin tamaşaçı sevgisi qazanması üçün də stimul olub.
Yaradıcı insan o zaman xoşbəxt olur ki, şəxsən tanımasalar da ortaya qoyduğu yaradıcılıq məhsulları sevilir. Və bu sevgi həmin yaradıcı şəxsin sözün yaxşı mənasında, şöhrət tapmasına təkan verir. Məncə, Məhərrəm müəllimə şöhrət qazandıran "Mən sənin dayınam" (Elçin), "Gəlinlər" (Mirzəağa Atəş), "Qaynana əməliyyatı (Əhməd Orucoğlu), "Gəl qohum olaq" (İsi Məlikzadə), "Yubiley" (A.P.Çexov), "Sərgüzəşti-vəziri-xani-Lənkəran" (M.F.Axundov) tamaşalarıdı. Bu tamaşalarda incə yumor, gözlənilməz anlar, xoş həyəcanlar rejissor ustalığı ilə hazırlanib. Onun Ənvər Seyidovun romanları əsasında quruluş verdiyi "Gürzə", "Ünvansız eşq", "Təlatüm" , Aydın Ağazadənin "Sonuncu şahid" filmlərini də tamaşaçılar çox böyük maraqla izləyiblər.
AzTV və onun kollektivi Məhərrəm müəllim üçün çox doğmadı. Qəlbində, xatirəsində hər kəsin öz guşəsi var. Bu guşədə məskunlaşan aktyorlar, diktorlar, aparıcılar, ssenaristlər, jurnalistlərlə yanaşı, televiziyanın texniki heyətindən tutmuş gözətçisinə qədər hər kəs ona hörmət edir, diqqət göstərir. Bunların arasında eləsi var ki, rejissora daha yaxındı, daha doğmadı. Məhərrəm Bədirzadə işlədiyi müddətdə hər zaman televiziya rəhbərlərinin hörmətini, diqqətini və qayğısını qazanıb. Deyir ki, bu gün də sədr Arif Alişanov mənim üçün gərəkli şəraiti yaradıb. Hazırladığım verilişlərə heç bir irad tutmur, yaradıcılığıma böyük qiymət verir.
-Məhərrəm müəllim, heç elə olubmu ki, özünüzü sənətinizdən bezmiş kimi hiss edəsəniz?
-Yox, bezməmişəm də, usanmamışam da. Əksinə illər keçdikcə yaradıcılıq məni daha çox içinə çəkib. Mənim ordan çıxmağım mümkün deyil. Amma nə gizlədim, inciyən vaxtlarım olub. Biganəlik və etinasızlıqdan dolayı içimdə yaranan firtinalarda çabalasam da, imtina etmək, uzaqlaşmaq barədə qətiyyən düşünməmişəm.
-İş yerinizi dəyişmək fikrinə də düşməmisiz?
-Bu, mümkün deyil. Bura mənim evimdi. Bu evin bir hissəsində əllərimlə qurduğum, yaratdığım yuvamdan uzaqlaşa bilmərəm. ANS-dən də, Lider-dən də dəvət almışam. Amma doğma yuvamı qoyub getməmişəm. Oralar nə qədər yaxşı olsa da mən rahatlıq tapa bilmərəm. Son bir neçə ildə AzTV-də yaradılan geniş şərait, texniki imkanlar əməkdaşlar üçün istənilən meydanı açıb. Bu yeniliklər birbaşa televiziyanın indiki rəhbərinin adı ilə bağlıdı...
x.x.x.
Əslində bəziləri üçün getmək asandı, dönmək ondan da rahatdı. Amma Məhərrəm müəllimin doğma evi olan AzTV-dən getməməyinin bünövrəsində nə dayandığını anlamaq elə də çətin deyil. İnsan ömrünün 50 ilini "xərclədiyi" mühitdən necə uzaqlaşa bilər? 50 il bir insan ömrüdü, amma həm də 50 il nədi ki? 50 il əvvəl ürəyində baş qaldıran arzuların hamısına ötən illər hansı bəhrəni verib? Bu suala Məhərrəm müəllim belə cavab verdi ki, yaradıcı insana 50 il, 100 il də azlıq edir. Çünki yaradıcılığın sərhədləri olmadığı kimi, o, zamana da sığmır. Zaman yaradıcı insanın heç vaxt xeyrinə işləmir. İllər yavaş-yavaş onun varını-yoxunu əlindən alır. Amma ötən illərin yaradıcılıq taleyimdə qoyduğu xoş məqamlardan tutmuş, ağrılı xatirələrə qədər gəldiyim yolda yaxşılıq emək, insanlara doğruluğun, dürüstlüyün istiqamətini göstərmək, ikiüzlü, yalançı adamlardan qaçmaq, qorxmamaq, cəsarət göstərmək, prinsipiallıq nümayiş etdirmək xeyrimə olub. Bəlkə də illərə bu sadaladıqlarımla meydan oxumuşam. Bütün bunlar doğma AzTV-də yaşanıb. Yaşanmışlardan üz döndərmək olmur, arxa çevirmək doğru deyil...
Məhərrəm müəllim televiziyada 42 tamaşa, 5 serial hazırlayıb. 60 yaşında Əməkdar İncəsənət Xadimi adı alıb. 2000-ci ildə "Qızıl Dərviş" mükafatına layiq görülüb. Bu mükafatı Teatr Xadimlər İttifaqı təsis edib və televiziya rejissorları arasında yeganə sənətkardı ki, Məhərrəm Bədirzadəyə verilib - "Gəlinlər" tamaşasına görə. 16 il Mədəniyyət və İncəsənət Universitetinin dosenti olub. Məşhur aktyorlar Sevil Xəlilova, Ramiz Əzizbəyli, Afaq Bəşirqızı, Mərahim Fərzəlibəyov tələbələri olub. Məhərrəm Bədirzadə müxtəlif səpkili rollari ifa edən Nahidə Orucova, Nurəddin Mehdixanlı, Mirzə Ağabəyli, Ramiz Novruz, İlham və Namiq Kamal qardaşları, Sevinc Əliyeva, Midhət Aydın, Pərvanə Qurbanova, Yasin Qarayev, Əjdər Həmidov, Rafiq Əzimov, Rafael Dadaşov, Yaşar Nuri, Səyavuş Aslan, Nəsibə Zeynalova kimi aktyorlarla işləməkdən hər zaman zövq alıb.
Komediya aktyoru olan Səyavuş Aslanı "Sehrli güzgü" tamaşasında ilk dəfə dramatik rola çəkib. Həmin tamaşada Kamal Xudaverdiyev, Məmmədrza Şeyxzamanovla yanaşı rol alan Səyavuş Aslan sonralar deyirdi ki, dramatik rolları ifa etməyə onu Məhərrəm Bədirzadə həvəsləndirib. Bu gün Azərbaycan televiziyasında işləyən gənc rejissorlar Sərxan Aydınoğlu, Bəhram Yaqublu, Elnurə Kazımova da Məhərrəm müəllimin tələbələridi. Bu gənclər peşəkar rejissordan öyrənir, onun ustalığının sirlərinə vaqif olurlar. Gənc aktyor Ənvər Məmmədov isə Məhərrəm Bədirzadəni özünün idealı sayır.
Məhərrəm müəllim teatrdan fərqli olan televiziyanin rejissorudu. Mənə elə gəlir ki, yaradıcılıq baxımından teatrın və televiziyanın səhnəsində fərq yoxdu. Yetər ki, yaradanlar yaratdıqlarını bu səhnədə göstərə bilsinlər. Onsuz da televiziyada oynayan aktyorlar teatrdan dəvət olunurlar. Bir çox hallarda teatr məktəbindən keçənlər televiziyanın yaradıcılıq studiyasından boy göstərirlər. Bu baxımdan Məhərrəm müəllimi bütün teatrların rejissoru saymaq olar. Hətta 90-cı illərdə Akademik Milli Dram Teatrında Cahan Əfruzun "İlham pərisi" əsərinə quruluş verib. Rejissorun bu tamaşası çox da rəğbətlə qarşılanıb. Əminəm ki, Məhərrəm müəllim bu gün də teatrda tamaşa hazırlayar, amma televiziyanin aurasından çıxmaq onun üçün çox çətindi. Televiziya sevgisi onun teatr istəyini üstələyir.
Züleyxa Nadir