“Eurovision” həqiqətləri - ARAŞDIRMA
22 May 2012 14:53 Mədəniyyət"Eurovision" mahnı müsabiqəsi Bakını əməlli - başlı dəyişdirib. Elə sözün bütün mənalarında. İnsanlar yaşadıqları şəhərdə əhəmiyyətli bir beynəlxalq yarışmanın keçiriləcəyinin həvəsi və məsuliyyətini daşıyırlar, davranışlardan bu artıq hiss olunur. Elə paytaxtın belə bir mühüm yarışmaya uğurla ev sahibliyi edə bilməsi üçün dəyişən infrastrukturu da çox şeydən xəbər verir. İlk başlarda şəhərdə aparılan təmir - tikniti işləri, yollarda yaranan tıxaclar, dağıdılan və istifadə üçün bağlanan yolların yaratdığı çətinliklər və stress də aradan qalxmaqdadır. Hər halda insan hər şeyə çox tez öyrəşir, xüsusilə də əgər bu bizim artıq adət etdiyimiz ənənəvi problemlərlə bağlıdırsa, adət etməməkdən başqa çıxış yolumuz yoxdur. İndi isə çətinliklərin yerini yarışma həyəcanı, xarici qonaqların ölkəmiz haqqında xoş təəssüratları tutub. Bakıya gələn xarici turistlərin, nümayəndə heyəti üzvlərinin, müğənnilərin dilindən şəhərimiz haqqında eşitdiyimiz hər bir xoş söz çətinlikləri unutdurmağa yardım edir, bəzən adam elə düşünür ki, biz elə bunu gözləyirmişik. Doğrudur, ölkəmizi bəyəndirmək üçün heç də az əmək sərf olunmadı, amma bütün bu əməklərin sonunda kiminsə dilindən ürəyimizi oxşamayan bir söz eşitmək belə əhvalımızı növbəti belə bir yarışmaya qədər korlamağa kifayət edərdi. Hələlik əcnəbilərin də müsbət reaksiyası, xoş təəssüratları da daxil olmaqla hər şey yerindədir. Yerində olan isə təkcə bunlar deyil, bizim çoxdan bəri görmək istədiklərimizlə qarşılaşmağımızdır ki, elə bu insana "var olsun, "Eurovision" söylədir.
Şəhərdə küçə ticarətinin qarşısı bir neçə günün içində elə alınıb ki, sanki heç olmayıb. Cəmi bir ay əvvəl əməlli -başlı bazara dönən küçələrimizdən indi əsər-əlamət qalmayıb. Xüsusən axşamlar addımımızı atmaq üçün götür - qoy etdiyimiz küçələrdə aparılan "təmizlik" işləri bəzən axtardığımızı tapmamaq və ya marketlərdə daha baha tapmaq kimi çətinliklər vardırsa da, indi heç olmasa xoş olmayan görüntünın yaratdığı narahatlıq, çəkidə aldadılmağın əsəbi yoxdur. Belə nə qədər davam edəcəyini demək olmur, amma hər halda bu belə bizləri küçələrin alver üçün yox, hərəkət üçün yarandığına bir daha inandırmağa yetərli oldu.
****
Yol polisləri ilə bağlı dəyişiklikləri unutmayaq. Əvvəllər hərəkət iştirakçıları ilə (yol polisləri sürücüləri və piyadaları belə adlandırırlar) davranışlarında bir çox hallarda mədəniyyət sərhəddini aşanlar indi bu xasiyyətlərinin üstündən bir xətt çəkiblər. Necə davranmalı olduqlarını onlara elə xatırladıblar ki, insan bu münasibətdən sözün əsl mənasında zövq alır. Həm də təkcə zövq almaqla qurtarmır, "deməli belə etmək mumkünmüş" düşüncəsinin yaranmasına səbəb olur. Düzdür, əcnəbilər arasında yol polislərinin bahalı maşınlarda gəzməsini bizə irad tutanlar da oldu və yəqin ki, gələcəkdə də olacaq. Amma necə deyərlər, varını verən utanmaz. Qoy heç olmasa dövlətin onlara yaratdığı şəraiti qiymətləndirib tutduqları vəzifəyə layiq olmağa, işlərinin öhdəsindən məsuliyyətlə gəlməyə çalışsınlar.
Müsabiqənin bizlərə qazandırdığı daha bir məmnuniyyət yollarla bağlıdır. Çox yox, 15 gün əvvəl Rəşid Behbudov küçəsində nəinki yolla, heç səki ilə hərəkət etmək mümkün deyildi. Adam tıxacdan yaxa qurtarıb uşağını məktəbə vaxtında çatdırmaq üçün səki ilə sürdüyü maşında siqnal verməyi də unutmurdu. Daha düşünmürdü ki, onun maşın sürdüyü səki elə onun "yol verin" mənasında siqnal verdiyi piyadalar üçün nəzərdə tutulub və elə o piyadalar arasında da övladını məktəbə çatdırmaq istəyənlər var. İndi səki ilə hərəkət etmək bir tərəfə qalsın, maşınların şəhərin mərkəzi küçələrində yolun kənarında saxlanmasına belə icazə verilmir. Doğrudur, əvvəllər də parklamaq üçün nəzərdə tutulmayan bir çox küçələrdə belə qadağalar olub, amma qadağalara məhəl qoymayanların sayı o qədər çox olub ki, hansı birinə qarşı tədbir görmək barədə düşünüləndə ilk növbədə maşınların markasına və modelinə diqqət yetirilib. Bu baxımdan iki-üç sıra ilə dayanıb hərəkəti çətinləşdirən, tıxac yaradan, qarmaqarılşıqlıq salan, bütün bunların yol açdığı əsəb və stresə səbəb olan hərəkətlərin qarşısı alınıb. Baxın və görün, şəhər nə qədər gözəl görünür? Yaxud maşınsız hərəkət etmək də olarmış. Qoy indiyə qədər metronun ancaq adını eşidib üzünü görməyənlər də ictimai nəqliyyatın bu növü ilə tanış olsunlar.
****
Və hələlik son. Paytaxt sakinlərinin istirahət hüququndan istifadəsi vəziyyəti. Hər bir insanın istirahət huququ var və bu heç bir müsabiqədən asılı deyil. İndiki halda belə bir hüququnu xatırlayıb yolunu Dənizkənarı Milli Parkdan, yaxud sadəcə parklardan salanlar çoxdur. Kimi istirahət düşünür, kimi şəhərin müsabiqəöncəsi vəziyyəti ilə tanış olmaq istəyir, kimi də gələn qonaqlarımızı müşahidə etmək niyyətindədir. Məqsədlərdən asılı olmayaraq bütün yollar eyni istiqamətə aparır. Belə bir şəraitdə, əcnəbi turistlərin "Dənizkənarı Milli Pakla nə qədər qürrələnsəniz də azdır" deyib bunu bizə xatırlatdıqları bir zamanda bizim olanların qədrini bilməmək kimi xasiyyətimizdən yenə də əl çəkmirik. Hələ də milil parkda tumu çırtlayıb qabıqlarını bir addımlıqdakı zibil qutusuna yox, ayaqlarının altına atanlar, su qablarını göyə fırladıb futbol meydançasında olduğunu zənn edənlər tapılır. Öz eyiblərinə kor olmaları bir tərəfə, etiraz edənlərə qarşı da elə münasibət göstərirlər ki, sanki istirahət haqqı əlindən alınır. Görünür onlara təsir etməyin ən yaxşı üsulu musabiqə yox, cərimələrin tətbiqidir.
Elnarə