"Bu hadisə 2 ay olar baş verib. Evinə getdik. Səhhətində olan problemlərdən danışdı. Bildirdi ki, özünü pis hiss edir. Həmin gün onun evində qulluqçusu, oğlu Orxan, oğlunun dostu Vüqar, adının açıqlanmasını istəməyən bir teleaparıcı da var idi. Bildirdi ki, başıma iş gəlsə, özünüzü çaşdırmayın. Vəsiyyət etdi ki, vəfat etsəm, məni anamın yanında dəfn edərsiniz. Bir də evdə qırmızı yaylıq var. Anam dünyasını dəyişəndə həmin yaylığı onun üzünə sərmişdik. Həmin yaylığı mənim üzümə sərsinlər. Mən də zarafatla soruşdum ki, bəs var-dövlətinizi kimə miras qoyursunuz? Cavab verdi ki, bütün mirasımın əsgərlərə xərclənməsini istəyirəm. Vəsiyyət mənim vicdanımdadır. Vəsiyyət elə bir şeydir ki, onu gizlədə bilmərəm. Vəsiyyəti gizlətmək günah hesab olunur. İlhamə xanım vəsiyyətini edəndə hamı da otaqda idi".
Onun bu açıqlamasından sonra xalq artistinin mirası ətrafında qalmaqal daha da böyüdü. Bu qalmaqala mərhumun digər yaxın qohumları da qoşuldu. Xalq artistinin qohumu, müğənni Əli Mirəliyev İlhamə Quliyevanın bütün mirasının oğulluğu Orxana, ya da digər yaxınlarına deyil, bütövlükdə dövlətə qalacağı barədə açıqlama verdi:
"Əsəbləşirdi, hər dəfə vəsiyyət barəsində bir söz deyirdi. Hirslənirdi Orxanın əlindən, ona "bezdelnik" deyirdi. Sonra deyirdi "yox, oğlumdur". Vəsiyyətnamə rəsmi olaraq yoxdur, heç nə yazmayıb. Yazsaydı, biz bilərdik, bir şey çıxardı üzə. Sənədləri, filan hamısı məndə idi. Sözdür də, gah deyirdi ki, "evi orduya verəcəm", gah deyirdi "yox, nəvəm var, ona verəcəm". Bir az müəmmalı oldu... Mirasının hamısı dövlətə qalacaq. Rəsmi uşağı da yoxdur ki, sərvəti ona qalsın. Sadəcə, xalasının nəvəsi Orxanı saxlayıb, böyüdüb, evləndirib. Amma rəsmi oğulluğa götürməyib. Uşağı götürüb saxlayanda öz familiyasına keçirir, sənədləşdirirlər. Biz belə görümüşük. Onun adı Quliyeva İlhamə Məzahir qızı, o da Nadirov Orxan Əhmədağa oğludur. Orxanın onun oğulluğu olduğunu təsdiqləyən heç bir hüquqi sənəd yoxdur. "Mən mirasımı, ölümümdən sonra Orxana verirəm" yazılan vəsiyyətnamə də yoxdur. Biz onun çevrəsində olan adamlardıq, lakin bu barədə heç bir rəsmi sənəd barədə bilmirik".
İlhamə Quliyevanın bacısı Gülbahar Quliyeva isə miras davası etmədiklərini, Ə.Mirəliyevin dediklərinin doğru olmadığını bildirdi.
Qeyd etdi ki, miras kimə lazımdırsa, ona da veriləcək: "Oğlu varsa, mülk oğluna qalsın. Bəlkə, bir yerdən qızı da çıxdı. Bu, gözlənilən bir şey idi, bilirdim ki, belə qalmaqallar olacaq. Prosesləri izləyək, çox söz-söhbət olacaq, tufan qopacaq".
Xalq artistinin vəkili Elmira Məmmədova isə İlhamə Quliyevanın yeganə hüquqi varisinin onun oğlu Orxan olduğunu bildirib: "Onun var-dövləti də oğluna qalacaq. Mənimlə dəfələrlə söhbətində deyib ki, nəyim varsa, oğlumun və nəvəmindir".
Xalq artistinin oğlu Orxan Nadirovun vəkili Habil Vəliyev Əli Mirəliyevi mətbuata "məsuliyyətsiz açıqlamalar" verməkdə suçlayıb:
"Mirəliyev bilirmi İlhamə xanımın hansı banklarda pulu var və nə qədərdir? Bunu yalnız onun oğlu Orxan bilir. Belə məsuliyyətsiz açıqlamalara görə o, məhkəməyə verilə bilər. Onu deyə bilərəm ki, İlhamə xanıma məxsus bütün mal-mülk onun varisi Orxan Nadirova çatacaq. Özü də bu iş hüquqi yolla həllini tapacaq. Qırx mərasimindən sonra bu işlər yoluna qoyulacaq. Hər kəs bilir ki, İlhamə xanım Orxanı körpəlikdən saxlayıb, böyüdüb, evləndirib. Orxan indi də İlhamə xanımın evində yaşayır".
Vəkil İ.Quliyevanın vəsiyyətnaməsinin olub-olmadığı barədə suala cavab verməyib və bildirib ki, xalq artisti sağlığında mirasının nəvəsi Ruslana çatacağını deyib:
"İlhamə xanım nəvəsini çox istəyirdi. Bir neçə dəfə demişdi ki, nəyim varsa, Ruslanındır".
Mərhum sənətkarın yaxın rəfiqəsi olan əməkdar artist Firuzə İbadova da İ.Quliyevanın var-dövlətini nəvəsi Ruslana vəsiyyət etdiyini deyib:
"Onunla sonuncu görüşümüzdə evində qonaq olmuşdum. Qəfildən dedi ki, "Ruslanım üçün burnumun ucu göynəyir. Nəyim var Ruslanımındır. Mən ölüb gedəcəm, olan mirasım uşağıma, nəvəmə qalacaq".
Bu arada İlhamə Quliyevanın qızı ilə bir sinifdə oxumuş və hazırda Rusiyada yaşayan Gülzar Vəliyeva adlı bir şəxs də ortaya çıxaraq İ.Quliyevanın 1964-cü il doğumlu Flora adlı qızı olduğunu, onunla Yasamal rayonu 13 nömrəli məktəbdə oxuduğunu bəyan edib.
Qanunvericilik miras bölgüsünü necə tənzimləyir?
Tanınmış hüquqşunas Ənnağı Hacıbəyli bildirib ki, vərəsəlik qanun üzrə, ya da vəsiyyət üzrə ola bilər.
Əgər şəxs sağlığında özünə məxsus əmlakın bölüşdürülməsi ilə bağlı vəsiyyətnamə tərtib etməmişsə, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılarsa, miras əmlakın bölgüsü qanun üzrə vərəsəlik formasında həll olunur.
Qanun üzrə vərəsələr 5 növbəlidir: Vərəsəlik açıldıqda qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən, övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Şəxsin ölümündən sonra doğulan uşaq da birinci növbə üzrə vərəsələr sırasına daxildir.
İkinci növbədə ər-arvad, valideynlər, bacı-qardaş durur. Üçüncü növbədə nənələr, babalar dördüncü növbədə xala, dayı, bibi, əmi, beşinci növbədə isə dayı, xala, bibi, əmi uşaqları varis sayıla bilər. Mülki Məcəllənin 1160-cı maddəsinə görə əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Yaxd da, ölən şəxsin birinci növbəli qohumu yoxdursa, yaxud onların hamısı vəsiyyət edən tərəfindən vərəsəlik hüququndan məhrum edilibsə, varislik avtomatik olaraq növbəti qohuma keçir.
Miras qoyan şəxsin nəvə və nəticələri də vərəsə ola bilərlər, lakin bir şərtlə. Belə ki, vərəsəlik açılan zaman onların vərəsə ola bilən valideynləri ölmüş olsun. Bu halda, onlar özlərinin ölmüş atasına (anasına) qanun üzrə vərəsəlik əsasında düşəsi hissəyə bərabər olan payı alırlar.".
Övladlığa götürülənin vərəsəlik hüququ
Ə.Hacıbəyli deyir ki, Mülki Məcəllənin tələbinə görə, övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar Mülki və ailə qanunvericiliyə görə övladlığa götürmə qanunla müəyyən edilmiş qaydada rəsmiləşdirilməyibsə, şəxs vərəsə sayılmır.
"Amma bu qanunla təsdiqlənməlidir, doğum şəhadətnaməsində onu övladlığa götürənlərin adı qeyd olunmalıdır. Bu, qanunla nəzərdə tutulmuş qaydalar əsasında sübut olunsa, o halda, həmin şəxs mirasdan pay ala bilər. Övladlığa götürülmə rəsmi qaydada müəyyən olunmayıbsa, o halda şəxs varis sayıla bilməz. Əgər ölən şəxs sağlığında kimisə övladlığa götürdüyünü elan edibsə və bunun videogörüntüsü varsa, bu halda övladlığa götürülən şəxs məhkəməyə müraciət edə bilər".
Ali Məhkəmənin hakimi Əsəd Mirzəliyev deyir ki, bu zaman vəsiyyətnamə əsas sayılır. Onun sözlərinə görə, vərəsəliyin ikinci növü olan vəsiyyət üzrə vərəsəlikdə əsas sənəd miras qoyanın tərtib etdiyi vəsiyyətnamə hesab edilir.
Şərti şumda kəsin ki....
Əgər şəxs vəfat etməmişdən əvvəl öz əmlakını vərəsələrə və ya kənar adamlar sırasından bir və ya bir neçə şəxsə vəsiyyət edərsə, bu zaman şəxsin ölümündən sonra miras vəsiyyət üzrə vərəsəlik qaydasında bölüşdürülür.
Vəsiyyət miras qoyanın ona məxsus olan əmlak üzərində sərəncam verməsinin bir növü kimi qəbul edilib. Vəsiyyətnamədə miras qoyan şəxs ona məxsus olan əmlakın özünün ölümündən sonrakı müqəddəratını həll edir.
Ə.Mirzəliyev deyir ki, vəsiyyət üzrə vərəsəlikdə miras qoyan şəxs öz əmlakının hamısını və ya onun bir hissəsini (adi ev avadanlığı və məişət predmetləri istisna edilməklə) qanun üzrə vərəsələr dairəsinə həm daxil olan və həm də daxil olmayan bir və ya bir neçə vətəndaşa, habelə dövlətə və ayrı-ayrı təşkilatlara vəsiyyət üzrə verə bilər. Həmçinin vəsiyyət edən vəsiyyətnamədə qanun üzrə vərəsələrdən birini, bir neçəsini və ya hamısını vərəsəlik hüququndan məhrum edə bilər. Vəsiyyət edən Mülki Məcəlləsinin 548-ci maddəsinə uyğun olaraq istənilən vaxt əvvəl tərtib etdiyi vəsiyyətnaməni dəyişdirə və ya ləğv etdirə bilər. Vəsiyyətnamənin ləğvi və ya dəyişdirilməsi isə yeni vəsiyyətnamə tərtib etmək yolu ilə olur.
Hakim deyir ki, ortada belə bir vəsiyyətnamə yoxdursa, miras qoyan şəxsin sağlığında mirasını kimlərəsə verəcəyi ilə bağlı mətbuata verdiyi açıqlamalar həmin şəxsin vərəsə sayılması üçün hüquqi əsas deyil: "Şifahi səslənən fikirlərə görə vərəsəlik açıla bilməz və heç kim vərəsə sayıla bilməz".
Vəsiyyətnamə necə tərtib olunur?
Vəsiyyətnamə sadə yazılı formada və notarial təsdiq edilmiş formada tərtib edilə bilər. Əgər şəxs bir neçə vəsiyyətnamə tərtib etmişdirsə, bu zaman notarial formada təsdiq edilmiş etibarnaməyə üstünlük verilir.
"Vəsiyyətnamənin də qanunla müəyyən olunmuş forması var. Bu notariat və qeyri notariat qaydada ola bilər. Amma hər iki halda yazılı formada olmalıdır. Vəsiyyət edənin öz əli yazdığı və imzaladığı vəsiyyətnamə zərfə qoyulur, bağlanır, üç şəxsin yanında notariusa verilir. Bu şəxslər həmin sənədin onların yanında verildiyini imzaları ilə təsdiq edirlər. Şəxs vəfat edəndən sonra bu vəsiyyətnamə ortaya çıxarılır və vərəsələr müəyyənləşdirilir", -deyə Mirzəliyev bildirib
Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna ərizə ilə müraciət edərək mirası qəbul edə və ya mirasın qəbulundan imtina edə bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Mirasın qismən qəbul edilməsinə, və ya qismən ondan imtina edilməsinə yol verilmir. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Mirası qəbul etmiş şəxsə mirasın açıldığı gündən altı ay keçdikdən sonra vərəsəlik şəhadətnaməsi verilir. Vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd edilmiş şəxsin əldə etdiyi hüquqları göstərilir.
Mirasdan məcburi payı kimlər ala bilər?
Ali Məhkəmənin hakimi deyir ki, Mülki Məcəllənin 1193-cü maddəsinə görə, vəsiyyət üzrə vərəsəlik zamanı miras qoyan şəxs əmlakını kimə vəsiyyət etməsindən asılı olmayaraq, onun həyat yoldaşının, uşaqlarının və valideynlərinin mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatacaq payın yarısını təşkil edir.
Miras dövlətə neçə keçir?
Hüquqşünas bildirib ki, qanuna görə vərəsə yoxdursa və yaxud bütün vərəsələr vərəsəlik hüququndan məhrum edilibsə, həmin miras əmlak dövlətə keçir. Və yaxud ölən şəxs sağlığında ikən mirasını hansısa müəssisəyə bağışlayıbsa, mülkiyyət həmin müəssisənin balansına keçir.
Saxta vəsiyyətnamə ilə mirasa sahib olmaq mümkündürmü?
İ.Quliyevin oğulluğu Orxan Nadirov mirasa sahib olmaq üçün xalq artistinin adından saxta (yalançı) vəsiyyətnamə tərtib edəcəyi ilə bağlı söz-söhbətlər də yayılıb. Hüquqşünas Ənnağı Hacıbəyli bu məsələ ilə əlaqədar bildirib ki, ola bilsin ki, şəxs sağlığında vəsiyyətnamə yazmayıb. Amma mirasda gözü olan şəxslər həmin adamın adından vəsiyyətnamə yaza bilər:
"Ev vəsiyyətnaməsi deyilən bir vəsiyyətnamə var. Şəxs sağlığında vəsiyyətnamə yazıb evində saxlaya bilərdi. Öləndən sonra o vəsiyyətnaməni notariusa təqdim edir və notarius da onun haqqında vərəsəlik şəhadətnaməsi verir. Yalançı vəsiyyətnamə tərtib etmək mümkündür. Elə olan halda, mrasdan pay almaq hüququ olan şəxslər məhkəməyə müraciət edib, həmin vəsiyyətnamənin etibarsız olduğunu sübut edə bilər. Həmin vəsiyyətnamənin yalançı, saxta olduğunu mmüəyyən etmək üçün məhkəməyə kimsə müraciət etməlidir ki, ekspertiza vasitəsi ilə o vəsiyyətnamənin saxta olduğu sübut a yetirilsin. Nəzəri cəhətdən bu da mümkündür ki, saxta vəsiyyətnamə tərtib olunsun, amma onun saxtalığı üzə çıxmasın, həmin şəxslər mirasdan pay alsın.
Avropa dövlətlərdə miras necə bölünür?
Avropa ölkələrində vərəsəliyin vəsiyyət üzrə növünə daha çox önəm verilir. Buna görə də Avropa ölkələrinin məhkəmə təcrübəsində miras uğrunda çəkişmələrə daha az rast gəlinir.
Əksər inkişaf etmiş ölkələrin qanunvericiliyi vətəndaşlarına lap gənc yaşlarında vəsiyyətnamə yazmaq hüququ verir. Belə ki, İspaniyada vətəndaşlar 14, Sloveniyada və Çernoqoriyada 15, Fransa, Almaniya, Serbiya və Xorvatiyada isə 16 yaşına çatanda vəsiyyətnamə hazırlaya bilər.
Avropa ölkələrinin təcrübəsində vəsiyyətnamənin 3 forması müəyyən edilib. Bunlardan biri əllə yazılan vəsiyyətanamədir . Bu halda vəsiyyətnamə bütövlüklə vəsiyyət qoyan tərəfindən yazılmalı və imzalanmalıdır. Bu daha çox Almaniya, Polşa və Bolqarıstanın qanunvericiliyində və təcrübəsində rast gəlinir. İspaniya qanunvericiliyi döyüş şəraitində hətta şifahi vəsiyyətnamənin qoyulmasına da yol verir.
İkinci forma rəsmi şəkildə yazılan vəsiyyətnamədir. Bu halda vəsiyyətnamə notariusun köməyi ilə hazırlanır və notarius tərəfindən təsdiqlənməlidir. Bu forma bütün Avropa ölkələrinə xasdır. Bu formadan daha çox Fransa, Almaniya, Böyük Britaniya və İsveçrədə daha çox tətbiq olunur.
Üçüncü forma isə gizli vəsiyyətnamədir. Miras qoyan şəxs tərəfindən müstəqil şəkildə hazırlanır və saxlanılma üçün notariusa verilir. Gizli vəsiyyətnaməyə daha çox İtaliya və Fransa qanunvericiliyində rast gəlinir.