Həyat yoldaşı: “Habil Əliyev oksigensiz nəfəs ala bilmir”

"Həkimlər konkret bir söz demirlər. Bir gün görürsən lap yaxşı olur, bir gün yox. Oksigensiz nəfəs ala bilmir". Bunu Lent.az-a açıqlamasında xalq artisti Habil Əliyevin həyat yoldaşı Şərqiyyə Əliyeva deyib. O qeyd edib ki, sənətkarın vəziyyəti əvvəlki günlərə baxanda yaxşı olsa da, nəfəs alma problemi var: "Yaxşılığa doğru irəliləyiş var. Övladları, həkim personalı başının üstündədir. Daim oksigen verilir. Həkimlər düzələcəyini, oksigensiz də nəfəs ala biləcəyini deyir". Həyat yoldaşı  H. Əliyevin qidalandığını və danışmağa cəhd etdiyini də bildirib: "Aydın olmasa da, hərdən danışır. Qızları ilə söhbət etməyə cəhd edir. Mənimlə bayaq danışdı, əhvalı yaxşıdır. Hər gün bir az sıyıq yeyir. Amma demək olmaz ki, sağalıb". Xatırladaq ki, avqustun 16-da  xalq artisti, kamança ustası Habil Əliyevin vəziyyəti ağırlaşıb və o, Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. 88 yaşlı sənətkar ürək və ağciyər xəstəliyindən əziyyət çəkir.  O, avqustun 22-də xəstəxanadan evə buraxılıb.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31