Həyat yoldaşı: “Habil Əliyevin huşu yerindədir, amma zəif danışır"

"Xəstəxana ilə müqayisədə Habil Əliyevin vəziyyəti yaxşıdır. Özünü yaxşı hiss etdiyi üçün evə buraxıldı. Həkim nəzarətindədir". Bu barədə Lent.az-a xalq artistinin həyat yoldaşı Şərqiyyə Əliyeva bildirib. Onun sözlərinə görə, H. Əliyevin müalicəsi üçün evdə bütün aparatlar qurulub: "Evdə də xəstəxanadakı kimi qulluq edilir və müalicəsi aparılır. Həkim hər gün gəlir, müayinə edir, dərmanlarına baxır, tapşırıqlarını verir. İrəliləyiş var. Xəstəxanada olarkən süni tənəffüs aparatından ayırmışdılar. Huşu yerindədir, hamını tanıyır. Amma danışığı zəifdir. Həkim deyir ki, bu normaldır, getdikcə bərpa ediləcək". Xatırladaq ki, avqustun 16-da  xalq artisti, kamança ustası Habil Əliyevin vəziyyəti ağırlaşıb və o, Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. 88 yaşlı sənətkar ürək və ağciyər xəstəliyindən əziyyət çəkir.  Sənətkar avqustun 22-də xəstəxanadan evə buraxılıb. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31