Ruben Vardanyan muzdlulara pulu belə ödəyib – TARİXİ MƏHKƏMƏ

Bu gün, sentyabrın 11-də Bakı Hərbi Məhkəməsində Zeynal Ağayevin sədrliyi, hakimlər Anar Rzayev və Camal Ramazanovun iştirakı ilə Araik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin cinayət işi üzrə araşdırmalar davam etdiriləcək.

Olaylar.az xəbər verir ki, məhkəmə 9-cu aydır ki, davam edir. Hazırda prosesdə zərərçəkənlərin, şahidlərin dindirilməsi mərhələsidir. Cinayət işi üzrə 531 mindən çox zərərçəkmiş və onların nümayəndələri var. Azərbaycan dövləti adından zərərçəkmiş qismində isə Nazirlər Kabineti aparatının rəhbəri Rüfət Məmmədov iştirak edir. Ötən məhkəmə prosesində müttəhim Levon Balayanın cinayət işi üzrə ibtidai istintaqa verdiyi ifadələr və ona aid elan olunan digər sənədlər səsləndirilib.

Onun ibtidai istintaqa verdiyi ifadələrinə əsasən, 1995-ci ilin yanvar ayında hərbi xidmətə yollanıb, 1998-ci ilədək Şuşada, Xankəndidə və Xocalıda yerləşən, nömrələrini xatırlamadığı hərbi hissələrdə əsgər kimi xidmət edib, bu müddətdə ona "AKS-74" avtomat silah təhkim olunub.

Xidmət etdiyi hərbi hissələrdə Rusiya Federasiyası istehsalı olan "T-55", "T-72" tipli ağır döyüş tankları, "BMP-1", "BMP-2" markalı piyadaların döyüş maşınları yerləşdirilib. Qeyd edib ki, yuxarı komandirlərdən biri olan Levon Mnatsakanyan tez-tez hərbi hissələrə gəlib döyüş hazırlığı vəziyyətini yoxlayıb.

2020-ci il sentyabrın 20-də "Xankəndi şəhəri hərbi komissarlığı" tərəfindən məcburi şəkildə "silahlı qüvvələr"in tərkibində "xidmət"ə çağırılıb və 44 günlük müharibənin ilk günlərində, yəni sentyabrın 27-dən oktyabrın 2-dək Suqovuşan qəsəbəsi ərazisində dislokasiya olunmuş "3-cü müdafiə xətti"ndə silahlı birləşmənin tərkibində döyüşlərdə iştirak edib. Xidmət etdiyi batalyonun adı "Alaşa" olub.

Levon Balayan ibtidai istintaqa ifadəsində bildirib ki, 2023-cü il mayın 1-də Azərbaycanın həmin vaxt işğal altında olan ərazilərində Ruben Vardanyan tərəfindən yaradılmış və maliyyələşdirilən silahlı birləşmələrdən birinə qoşulub. Həmin vaxtdan "Artsakhbank" adlanan banka aid kart vasitəsilə aylıq 170 min dram, yəni 700 ABŞ dolları məbləğində əməkhaqqı alıb. Sentyabrın 20-də Azərbaycan hərbçiləri tərəfindən saxlanılıb.

Qeyd edək ki, Ermənistan dövlətinin, onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycana hərbi təcavüz etmək məqsədilə yaradılmış, həmçinin Köçəryan Robert Sedraki, Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, Sarkisyan Vazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli, Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan Arşavir Surenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi, bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən sözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair cinayət işi üzrə 15 təqsirləndirilən şəxs ittiham edilir.

Həmin şəxslər, yəni, Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan David Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beqlaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31