Kriminal aləmlə toy müğənniləri arasında gizli körpülər var- ÖZƏL

"Azərbaycanda Qarabulaq hadisəsi və ona bənzər olaylar bir daha sübut edir ki, bəzi kriminal aləm və toy  müğənniləri arasında gizli körpülər var. Bu cür hadisələr göstərir ki, musiqi bəzən sevincin deyil, cinayətkar sərvətin üzərinə çəkilən pərdədir". Olaylar xəbər verir ki, bunu iqtisadçı alim Zahid Məmmədov deyib: "Müğənni " səhnədə oxuyur, amma arxada kriminal aləm öz güc nümayişini edir və bu reallıq - cinayətlə saxta sənətin əl-ələ verib cəmiyyəti aldatdığı acı bir isbatdır.
Kriminal aləmin saxta sənət adamları ilə yaxınlığı təsadüfi deyil, sosial-psixoloji və iqtisadi səbəblərə söykənir. Müğənnilər yalnız səhnədə mahnı oxuyan insanlar deyil, həm də cəmiyyətin emosional kodlarını, kütlələrin diqqətini və nüfuz dairəsini əlində saxlayan bir "yumşaq güc" vasitəsidir. Məhz bu səbəbdən onların kriminal çevrələrlə münasibətləri zaman-zaman üzə çıxır.
Birincisi, kriminal aləmin nümayəndələri üçün müğənni ilə yaxınlıq status və nüfuz göstəricisidir. 
İkincisi, müğənnilərin əlində görünməz bir sehrli çubuq - ictimai diqqət və mediada görünürlük var. Kriminal aləmin istədiyi də budur: qanunsuz qazancın gətirdiyi sərvəti leqallaşdırmaq, cəmiyyətin gözündə qəbul olunan, hətta alqışlanan bir obraz yaratmaq. Toylara dəvət olunan məşhur müğənni bəzən həmin şəxsi "hörmətli sahibkar" kimi təqdim edir və beləliklə, qanunsuz pullar "mədəniyyət pərdəsi" ilə ört-basdır olunur.
Üçüncüsü, qonşu ölkələrdə toylara dəvət olunmağın arxasında həm mədəni, həm də iqtisadi maraqlar dayanır. Burada müğənnilər sanki "sərhəd tanımayan emissarlar" rolunu oynayırlar: onların ifası, iştirakı ilə kriminal dairələr öz nüfuzunu başqa ölkələrdə də təsdiqləməyə çalışır. 
Dördüncüsü, bəzi hallarda müğənnilərin də bu münasibətdən qazancı olur. Onlar "çətin qapıları" məhz kriminal dairələrin dəstəyi ilə açırlar: sponsor tapır, bahalı kliplər çəkdirir, efir məkanına yol tapır. Beləliklə, sənət aləmi ilə kriminal dünya arasında qarşılıqlı asılılıq yaranır: biri pul və güc verir, digəri isə nüfuz və tanınırlıq bəxş edir. Nəticə etibarilə, bu bağlılıq təsadüfi tanışlıq deyil, sistemli bir münasibətlər şəbəkəsidir. Bunları ifşa etməyin vaxtıdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31