Nardaran hadisələrində təqsirləndirilən şəxslərin cinayət işi məhkəmə baxışına verilib

Bakının Nardaran qəsəbəsində baş vermiş insidentlə bağlı saxlanılan Zülfüqar Mikayılov, Elman Ağayev və digər 10 nəfərin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam etdirilib.

Bakının Nardaran qəsəbəsində baş vermiş insidentlə bağlı saxlanılan Zülfüqar Mikayılov, Elman Ağayev və digər 10 nəfərin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam etdirilib. Hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilənlər - Zülfüqar Mikaylovun vəkili Rüstəm Zülfüqarov, Elman Ağayevin vəkili Akif Əliyev və digərləri vəsatətlə çıxış edərək, hüquqlarını müdafiə etdiyi şəxslər barəsində cinayət təqibinə xitam verilməsi, həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması, prosesdə əlavə şahidlərin dindirilməsi barədə vəsatət qaldırıblar.

Məhkəmə Kollegiyası qaldırılan vəsatətləri təmin etməyib. Əlavə şahidlərin çağırılması ilə bağlı qaldırılan vəsatət baxılmamış saxlanılıb. Cinayət işi məhkəmə baxışına verilib.

Məhkəmə baxışı fevralın 13-nə təyin edilib.

Qeyd edək ki, 2015-ci il noyabrın 26-da Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Nardaran qəsəbəsində keçirdiyi əməliyyat nəticəsində "Müsəlman Birliyi" hərəkatının rəhbəri Taleh Kamil oğlu Bağırov, Elman Seydəmir oğlu Ağayev, Zülfüqar Sədrəddin oğlu və digərləri saxlanılıb.

Əməliyyat zamanı 2 polis əməkdaşı, 4 qəsəbə sakini həlak olub.

Nardaran hadisələri ilə bağlı saxlanılan şəxslərin cinayət işi üzrə istintaq bir neçə yerə ayrılıb. Onlardan Taleh Bağırov və digər 18 nəfərin cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən proses başa çatıb.

Taleh Bağırovun müavini olan Elçin Qasımov və digər 12 nəfərin cinayət işi üzrə istintaq isə bir müddət əvvəl yekunlaşıb. Onların da məhkəmə prosesi davam edir. Apa.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31